Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 15:07

Tikiş Evi qiymətlərin dəyişmədiyini bildirir


Bakı Tikiş Evi

Artıq vahid məktəbli formaları satışa çıxarılıb. Bəs görək, son bir ildə qiymətlərdə dəyişiklik varmı?

«Məktəbli formalarının qiymətlərində hər hansı dəyişiklik baş verməyib. İndi orta ümumtəhsil müəssisələrində 1-6-cı siniflər üçün ayrı model, 7-11-ci siniflər üçün isə ayrı model məktəbli forması mövcuddur. Aşağı siniflər üçün vahid formanın qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır».

Bunu Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov deyir. Onun sözlərinə görə, vahid məktəbli formalarının istehsalı 2010-cu ildən Bakı Tikiş Evinə (BTE) həvalə edilib, hazırda 9 satış mərkəzi fəaliyyətdədir. E.Əzimov vurğulayıb ki, BTE məhsullarına ən azı bir il zəmanət verir: «Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bizə əmtəə sertifikatı verib. İstifadə etdiyimiz materiallar Türkiyədən gətirilir və keyfiyyətinə cavabdehik».

E.Əzimov vahid məktəbli formalarından bəzi valideynlərin şikayət etməsinə də münasibət bildirib. Onun bildirməsinə görə, vahid məktəbli formaları modellərini oğurlayaraq işbazlar zirzəmi şəraitində, qeyri-leqal çalışan sexlərdə geyim istehsal edirlər: «Üzərinə Bakı Tikiş Evinin etiketlərini vuraraq saxta geyimləri müxtəlif yollarla satışa çıxarırlar».

E.Əzimovun fikrincə, sex şəraitində hazırlanan formalar təbii ki, keyfiyyətsiz olacaq.

Xatırlatma

Vahid məktəbli formalarına keçid 2010-cu ildən başlayıb. Ancaq bu proses hələ yekunlaşmayıb.

Məktəbli formalarında qiymət artımı, əsasən, 2016-cı ildə özünü göstərib. 2015-ci ildə ölkədə iki devalvasiya baş vermiş, manat dollar qarşısında iki dəfə dəyər itirmişdi. Həmin vaxt qiymətlər 10 faizə yaxın bahalaşmışdı. Onda aşağı siniflər üçün vahid formanın qiyməti 34 manatdan 37 manata, yuxarı siniflərdən ötrü də 43 manatdan 46 manata qaldırılmışdı.

Son iki ildə manatın məzənnəsində heç bir dəyişiklik baş verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG