Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:50

Ombudsman nümayəndələri İ.Rəhimovla görüşüb


İ.Rəhimov

Avqustun 14-də Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri 1 saylı Bakı İstintaq Təcridxanasında başçəkmə həyata keçirib.

Bu barədə Ombudsman Aparatının açıqlamasında bildirilir.

«Başçəkmə çərçivəsində qida qəbulundan imtina etməsi ilə bağlı barəsində internet səhifələrində məlumat yayılmış İkram Rəhimov da qəbul edilib və müraciəti dinlənilib», - qurumun açıqlamasında yazılıb.

Məlumatda vurğulandığına görə, İ.Rəhimov barəsində məhkəmə icraatında olan cinayət işinin baxılması ilə əlaqədar aclıq aksiyasına başladığını bildirib, müvafiq köməklik göstərilməsi üçün Ombudsmana ərizə ilə müraciət edib: «O, müəssisənin tibb sanitar hissəsinə yerləşdirilmiş, səhhəti həkim nəzarətindədir. İ.Rəhimovun ərizəsi nəzərə alınması üçün Ombudsman tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilib».

İ.Rəhimovun avqustun 7-dən aclıq aksiyasına başladığı açıqlanmışdı. Elə avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində İ.Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi birinci instansiya məhkəməsində şahidlərin və zərərçəkənlərin ifadələrinin saxtalaşdırıldığını iddia edərək, onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb. Lakin vəsatət təmin edilməyib. Növbəti iclas avqustun 21-nə təyin edilib. İ.Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını elan edib.

Onun aclıq aksiyasına başladığını Penitensiar Xidmətdən də təsdiq ediblər.

Amma müdafiə tərəfinin birinci instansiya məhkəməsində çıxışların dəyişdirilməsi ilə bağlı dediklərinə, hələlik, Bakı Ağır Cinayətlər Məhkəməsi və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İkram Rəhimovu ötən il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmlə İ.Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. İ.Rəhimov özünü təqsirli bilmir. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirmişdi.

Onda bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İ.Rəhimovun tənqid etdiyi qurumlardan biri - Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG