Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:58

XİN: ‘Bu, danışıqları pozmaq məqsədinə xidmət edir’


Azərbaycan ordusu

Bu gün, mayın 30-da cəbhə bölgəsində Azərbaycan hərbi qulluqçusunun həlak olmasına Xarici İşlər Nazirliyi (XİN) də münasibət bildirib.

Bu açıqlamada da bildirilir ki, Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulub və snayperdən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

XİN hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı törədilən bu əməl təxribat xarakteri daşıyır və münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq məqsədinə xidmət edir.

Açıqlamada habelə vurğulanır ki, Ermənistan rəhbərliyinin sözdə münaqişənin həlli üzrə sülh şəraitinin yaradılması bəyanatları real və praktiki addımlarla müşayiət olunmur.

XİN hesab edir ki, sülh danışıqlarına xələl gətirmək niyyətini açıq şəkildə nümayiş etdirən bu əməl qəti qəbuledilməzdir və danışıqlar prosesinə zərbə vurur.

Açıqlamanın sonunda deyilir ki, baş verənlərin məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir.

Azərbaycan hərbçisi həlak olub

Bu gün, mayın 30-da Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

«Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib», - nazirliyin məlumatında yazılıb.

Müdafiə Nazirliyi bildirir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində qarşı tərəfdən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarov həlak olub.

Bu gün, mayın 30-da Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. ATƏT-in Minsk qrupunun həmsədrləri bundan əvvəl Ermənistan paytaxtı Yerevanda olublar. Mayın 27-də onları Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyan qəbul edib.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. Bu münaqişə ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə durub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs razılaşması olsa da, hələ də tez-tez cəbhə xəttində atəş səslərinin eşidildiyi bildirilir. Buna görə tərəflər, bir qayda olaraq, bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG