Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:31

Keçmiş redaktordan xəbər almaq olmur


Foto arxiv

"Azadxəbər" saytının keçmiş redaktor əvəzi, son vaxtlar ayri-ayrı saytlarla əməkdaşlıq edən İlkin Məmmədlidən artıq 2-ci gündür ki, xəbər almaq olmur.

Bunu hüquqşünas Samirə Ağayeva bildirib.

Onun sözlərinə görə, noyabrın 8-də 13-cu Polis Bölməsindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) təhvil verilən İlkin Məmmədlidən, yeni xəbər ala bilməyiblər.

“Dünən (9 noyabr) onun saxlanmasından 24 saat keçdi. Ancaq İlkin barəsində tutma qərarı yoxdur. Bizə, idarəyə müraciət edən qohumlarına, hər hansı məlumat verilməyib”, deyən hüquqşunasın sözlərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) “102 xidməti” də, hələlik, İlkin Məmmədli ilə bağlı əhatəli məlumat təqdim etməyib.

“Onlar bildirirlər ki, BMCMİ-yə faksla müraciət göndəriblər, onlara məlumat verilməlidir”, Samirə Ağayevə vurğulayıb.

Yaxınları da, İ.Məmmədlidən əlavə xəbər ala bilmədiklərini deyiblər. Onların sözlərinə görə, İ. Məmmədlinin hüquqlarının müdafiəsindən ötrü vəkil Şəhla Hümbətovaya müraciət ediblər. Ancaq vəkil də, İ.Məmmədli haqda rəsmi məlumat ala bilməyib.

İlkin Məmmədlinin noyabrın 8-də Bakıxanov qəsəbəsindəki “Asan Xidmət”də saxlanıldığı, ordan Sabunçu rayonu 13-cü Polis Bölməsinin əməkdaşlarına, daha sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verildiyi bildirilir.

Bütün bu deyilənlərlə bağlı DİN-dən ayrılıqda münasibət almaq cəhdləri də, hələlik, nəticə verməyib.

İlkin Məmmədli Nardaran hadisələri zamanı 22 sutka saxlanıb, həmin işi üzrə məhkəmədə şahid qismində dindirilib.

Xatırlatma

2015-ci ilin noyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub.

Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və sair) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. Birinci qrupda «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfər mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib. Sonrakı 2 qurupa da bu cəzalara yaxın cəzalar kəsilib.

Nardaran hadisələri ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etmirlər. Heç bir qətl törətmədiklərini söyləyirlər.

Məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə işgəncə iddialarını təkzib ediblər.

Multimedia

XS
SM
MD
LG