Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:58

7 şəxs karxanaya görə həbs edilib


Karxana

Bakıda mişardaşı karxanası və əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları iddiası ilə 7 nəfər həbs edilib.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Baş Prokurorluğun birgə məlumatında yazılır.

Məlumata görə, ETSN Abşeron, Qaradağ, Səbail, Xəzər rayonlarında 22 hüquqi və 26 fiziki şəxsin ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri apardığını aşkar edib. Nazirliyin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.2.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Açıqlamada qeyd edilir ki, cinayət işi çərçivəsində adıçəkilən rayonlardakı «Güzdək», «Gülbaxt», «Qaradağ-II», «Şahqaya», «Karvansaray», «Türkan-I», «Türkan-II» və «Şahinbax» mişardaşı karxanası və əhəngdaşı yataqlarında fəaliyyət göstərən 48 sahibkarlıq subyektinin fəaliyyəti araşdırılıb. Rəsmi iddiaya görə, həmin müəssisələr ətraf mühitin qorunması sahəsində qanunvericiliyi pozublar. Onların ətraf mühitə ümumilikdə 4 milyon 845 min manat məbləğində ziyan vurduğu iddia olunur.

Araşdırmalar zamanı həmçinin, 29 sahibkarlıq subyektinin lisenziyasız fəaliyyət göstərməsinin üzə çıxdığı bildirilir. Bu xüsusat üzrə «Günəş» kooperativinin rəhbərinin və daha 6 nəfərin təqsirləndirilən şəxs qismində cəlb edildiyi, barələrində həbs-qətimkan tədbiri seçildiyi qeyd olunur.

Həbs edilənlərin «Günəş» kooperativinin rəhbəri Xaləddin Yarıyev, fiziki şəxslər Afərin Babaxanov, Oruc Almazov, Laçın Qazaxov, Elşən Kazımov, Tapdıq Qasımov Cəlal Əliyev olduqları bildirilir.

Birgə açıqlamada adı keçən qurumların təmsilçilərinin, həbs edilən şəxslərin və onların yaxınlarının ittihamlara münasibətini öyrənmək, hələlik, mümkün olmayıb.

Xatırlatma

Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin əvvəlində ölkədə 585 karxananın mövcud olduğunu açıqlamışdı.

«Aparılmış təhlillər və monitorinqlər nəticəsində 250 belə karxananın torpaq qanunvericiliyinin tələblərinin pozulması halları əsasında fəaliyyət göstərdiyi müəyyən edilib. Qanunsuz fəaliyyət göstərən bu karxanaların fəaliyyəti dayandırılıb. Hazırda 238 daş, qum, çınqıl karxanaları fəaliyyət göstərir. Ondan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir», - deyə komitə bildirmişdi.

Bu il ölkədə mişardaşı və bəzi tikinti materiallarının qiymətinin 20-30 faiz civarında bahalaşdığı bildirilir.

Multimedia

XS
SM
MD
LG