Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 23:31

Z.Həsənov NATO generalı ilə görüşüb


R.Qetemüller

Bu gün, sentyabrın 21-də Azərbaycan müdafiə naziri Zakir Həsənov NATO baş katibinin müavini xanım Rouz Qetemüllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirildiyinə görə, nazir deyib ki, alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial mövqe regional sülh və sabitlikdən ötrü mühüm əhəmiyyət kəsb edir. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edib. O vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll olunmalıdır.

Məlumata görə, R.Qetemüller də öz növbəsində Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu bildirib. O, eyni zamanda, Azərbaycanın terrorizmlə mübarizədə iştirakını, Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndirib.

NATO baş katibinin müavini xanım R.Qetemüllerin rəhbərlik etdiyi nümayəndə heyəti dünən, sentyabrın 20-dən Azərbaycanda bir sıra rəsmi görüşlər keçirib. Onlar həm prezident İlham Əliyev və həm də Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşüblər.

Xatırlatma

1994-cü ildə Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2005-ci ilin oktyabrında prezident İ.Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvlük məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Onların fikrincə, bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.

Azərbaycan rəsmiləri bu tənqidləri qəbul etmir, balanslı siyasət apardıqlarını bildirirlər.

Multimedia

XS
SM
MD
LG