Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:53

Orxan Baxışlının anası Ramil Usubova müraciət edib


O.Baxışlı

«Orxanın narkotiklə heç bir əlaqəsi yoxdur. O, siqaret belə çəkmir. Tələbədir, dinli-imanlı, namaz qılan gəncdir. Orxan ictimai-siyasi fəaliyyətinə görə tutulub».

Həbsdəki AXCP fəalı Orxan Baxışlının anası Kəmalə Rəhimlinin daxili işlər naziri Ramil Usubova müraciətində belə yazılır.

Ana müraciətində iddia edir ki, 2017-ci ilin sentyabrında həyat yoldaşı Rafiq Baxışov Cəlilabad Rayon Polis Şöbəsinin rəisinin yanına çağırılıb.

«Orada ona Orxan fəaliyyətindən uzaqlaşmasa, tutulacağını bildirmişdilər. Onda bu haqda ictimaiyyətə xəbər də verilmişdi. Şəki polis əməkdaşı anamgilə gedib (anası Şəki rayonunda yaşayır), belə bir məlumatı anama da vermişdi. Orxan bu hadisədən 6 ay sonra şərləndi. Deməli, Orxan narkotikə görə yox, fəaliyyəti ilə bağlı tutulub. Buna o vaxtdan hazırlıq görülürmüş», - K.Rəhimli müraciətində bildirir.

K.Rəhimli Azərbaycan prezidentinin açıqlamalarına xitabən vurğulayır ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı var.

«Heç kəs dediyi sözə, siyasi baxışına görə saxlana, məsuliyyətə cəlb oluna bilməz», - yazan ana vurğulayıb ki, O.Baxışlının həbs edilməsində rolu olanlar məsuliyyətə cəlb edilməlidir.

K.Rəhimli müraciətin sonunda O.Baxışlının günahsız olduğunu, onun məhkəmə zalından azad edilməli olduğunu vurğulayıb.

Onun bu müraciətinə Daxili İşlər Nazirliyi və sözügedən polis şöbələrindən münasibət almaq mümkün olmayıb. Ancaq bu yaxınlarda ölkə prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransı keçirərkən bəyan etdi ki, «Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur, heç kim cəzalandırılmır».

Xatırlatma

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı mayın 6-da saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur.

Gənc fəal ittihamı rədd edir, narkotikin cibinə polislərin atdığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovu bu hakimiyyətin qətlə yetirdiyini bildirib. Hakimiyyət rəsmiləri isə belə iddiaları yalanlayırlar və E.Hüseynovun qətilində günahkar olanların tapılıb cəzalandırılmasında maraqlı olduqlarını deyirlər. Həmin qətldən 13 il keçib.

Multimedia

XS
SM
MD
LG