Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 07:43

Cəbhəçi gənc ifadə verməkdən imtina etdi


O.Baxışlı

AXCP Gənclər Komitəsi Ali Məclisinin həbsdə olan üzvü Orxan Baxışlının məhkəməsini izləməyə gələn adamlar yenə kənarda qalıb. Bakı Ağır Cinayətlər Məhkəməsində zala ancaq səfirlik nümayəndələri və Orxanın yaxın qohumları buraxılıb. Zalda boş yerlər olmasına baxmayaraq, prosesi izləməyə gələnlərin içəri daxil olmasına imkan verilməyib.

Məhkəmədə O.Baxışlının vəkili Elçin Sadıqov müvəkkilinin dəmir qəfəsdən çıxarılıb onun yanında əyləşməsi üçün vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.

Prokuror ittiham aktını elan edib. İddia olunub ki, cəbhəçi fəal metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığında saxlanılıb və cibindən heroin tapılıb.

O.Baxışlı ittihamın yalan olduğunu bildirib və özünü təqsirli bilməyib.

Ardınca Baxışlıya ifadə vermək təklif olunub, ancaq o, imtina edib. Deyib ki, məhkəməsinə gələnlərin buraxılmamasına etiraz olaraq bu addımı atır.

Daha sonra polislər şahid qismində ifadə veriblər. Onlar da ittihama uyğun danışıblar.

Məhkəmə avqustun 28-də davam edəcək.

Xatırlatma

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı mayın 6-da saxlanılıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur.

Gənc fəal ittihamı rədd edir, narkotikin cibinə polislər tərəfindən atıldığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun bu hakimiyyət tərəfindən qətlə yetirildiyini bildirib.

Multimedia

XS
SM
MD
LG