Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 10:45

XİN Füzuli və Cəbrayılın işğalı ilə bağlı açıqlama yayıb


XİN

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin yaydığı məlumatda vurğulanır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz.

«Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça, davamlı sülhün təmin olunmasına töhfə verə bilər. Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində səylərin artırılmasını dəstəkləyərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, habelə vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır», - H.Hacıyev qeyd edib.

Açıqlamada yazılır ki, 1993-cü il avqustun 23-də Ermənistanın hərbi təcavüzünün tərkib hissəsi olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən Füzuli və Cəbrayıl rayonları işğal olunub.

Məlumatda bildirilir ki, işğal nəticəsində Füzuli sakinlərindən 657 nəfər həlak olub: «400 nəfər müharibə əlili olub, 181 nəfər əsir və itkin düşüb».

Cəbrayıl rayonundan da 400 nəfərə yaxın şəxsin həlak olduğu qeyd edilir: «177 şəxs müharibə əlili olub, 91 nəfər əsir və itkin düşüb. Hər iki rayonun sakinləri kütləvi şəkildə etnik təmizləməyə məruz qalıb, dövlət və özəl mülkiyyət obyektləri talan edilib».

Nazirlik bildirir ki, hazırda da Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur: ​«Ermənistan Füzuli və Cəbrayıl rayonlarında coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi, ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir. Xüsusilə Cəbrayıl rayonunda kənd-təsərrüfatı sahəsində qeyri-qanuni iqtisadi əməllər həyata keçirilir və Suriyadan olan erməni əsilli şəxslərin həmin ərazilərdə məskunlaşdırılmasına cəhd göstərilir».

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

Multimedia

XS
SM
MD
LG