Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:22

B.Hacıyev: 'Barışıq təklifini qəbul etmədim'


B.Hacıyev

«Bu gün, avqustun 9-da yenə də 27 Saylı Polis Bölməsində oldum». Bunu ictimai fəal Bəxtiyar Hacıyev bildirib.

B.Hacıyevin sözlərinə görə, bölmədə olarkən ona avqustun 7-dən 8-nə keçən gecə, yaşadığı binanın önündə polislərlə yaşadığı insidentin nəticələri barədə məlumat verilib: «Mənə dedilər ki, hər iki polis nəfərinə inzibati cəza olaraq töhmət verilib. Bundan sonra bu məsələni barışıqla həll etmək təklifi verdilər».

B.Hacıyev deyir ki, ayın 8-də olduğu kimi, bu dəfə də təklifi qəbul etməyib: «Mən də dedim ki, hər hansı günahım olmadığı halda evimin önündə mənə qarşı fiziki qüvvə tətbiq edərək polis bölməsinə gətirən, məni şərləyən adamlarla barışmaq fikrim yoxdur. Bu cəzanı da çox yüngül sayıram və şikayət etmək istəyirəm».

B.Hacıyevin dediyinə görə, mövqeyini rəhbərliyə çatdırıblar: «Mənə dedilər ki, vətəndaş şikayət etməyi əsaslı və vacib sayırsa, bu onun hüququdur. İndi ərizə hazırlayıram və şikayətlə müraciət edəcəyəm».

İctimai fəal B.Hacıyev avqustun 7-dən 8-nə keçən gecə işdən gələrkən yaşadığı binanın önündə yol polisi əməkdaşlarının müdaxiləsi ilə üzləşdiyini bildirmişdi. Onun sözlərinə görə, gecə evə gələrkən avtomobili yaşadığı binanın həyətində saxlayıb bloka yaxınlaşanda Yol Patrul Xidmət (YPX) avtomobili həyətə girib: «Bir YPX əməkdaşı yaxınlaşdı ki, niyə burada saxlamısan, hərəkətlərin şübhəlidir, içkilisən? Dedim bu binada yaşayıram və spirtli içki içmirəm. Dedi, mən nə bilim ki, burada yaşayırsan? Gedək, spirtli içki içib-içmədiyini yoxlayaq».

B.Hacıyev deməsinə görə, həmin polislər sonradan onu maşınlarının qapısına xəsarət yetirməkdə günahlandıraraq şərlənmək istəyiblər. O isə baş verənləri telefonuna çəkib. İctimai fəalın vurğulamasına görə, sonra isə onu kobud müdaxilə yolu ilə polis bölməsinə gətiriblər.

B.Hacıyevin sözlərinə görə, bölmədə ona barışıq təklif edilsə də, bundan imtina edib. İzahat yazdıqdan sonra öyrənib ki, polislərdən biri də ondan raport yazıb. İctimai fəalın qeyd etməsinə görə, raportda yazılıb ki, o, YPX maşınının qapısını yox, arxasını əzib.

Bütün bu deyilənlərə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bakı Şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov bildirmişdi ki, məsələ araşdırılacaq.

Xatırlatma

B.Hacıyevin budan əvvəl də yol polisi əməkdaşlarının oxşar müdaxilələri ilə üzləşdiyini açıqlamışdı. Onunla bağlı sonuncu belə oxşar hadisə ötən ilin avqustunda yaşanıb.

Harvard Universiteti məzunu olan B.Hacıyev 2011-ci ilin martında həbs edilib. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. O, son aylar hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

Multimedia

XS
SM
MD
LG