Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:40

Bakıda avtomobil yolunun çökmə səbəbi açıqlandı


Yolun çökməsi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsi ilə bağlı səbəbləri açıqlayıb.

Bu haqda dövlət agentliyinin sözçüsü Anar Nəcəfli məlumat verib.

«Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. İlkin araşdırma zamanı məlum olub ki, bu əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir», - o, bildirib.

Agentliyin sözçüsünün sözlərinə görə, şərti adı «B-04» olan metro stansiyasının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyündən 2012-ci ildə ora hərəkət üçün bağlanaraq hasarlanıb və «Bakı Metropoliteni» QSC-nin sifarişi ilə alternativ müvəqqəti yol salınıb.

«Müvəqqəti yol söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzərindən çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından müvəqqəti yolda çökmə baş verib», - Nəcəfli deyib.

Hazırda ərazidə geoloji-kəşfiyyat işlərinin aparıldığı bildirilir.

Xatırlatma

İyulun 15-də gecə paytaxtın Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində yol çöküb.

Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ilkin ehtimallarında vurğulanırdı ki, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisi olub.

Ancaq Bakı Metropoliteni çökmənin metro stansiyasının tikintisi ilə əlaqəsi olmadığını bildirmişdi.

Azərbaycanda yol çökməsi nadir hadisə deyil. Bundan öncə də yeni çəkilən, təmir olunan yollarda problemlər üzə çıxıb. Adətən, mütəxəssislər bunu korrupsiyayla, səhlənkarlıqla izah edirlər.

Multimedia

XS
SM
MD
LG