Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 14:24

TANAP-a 750 milyon dollarlıq kredit


TANAP xəritəsi

“Cənub Qaz Dəhlizi” QSC tərəfindən Trans-Anadolu (TANAP) boru kəməri layihəsinin maliyyələşdirilməsi üçün 750 milyon dollarlıq sindikatlaşdırılmış kredit müqaviləsi imzalanıb. Kreditə Azərbaycan dövləti və Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanət verdiyi bildirilir.

AZƏRTAC-ın məlumatına görə, kredit və zəmanət müqavilələri 500 milyon dollar və 215 milyon avro ilə, ümumilikdə 750 milyon dolları məbləğində imzalanıb.

Kredit müqaviləsinə dair dövlət zəmanəti müqaviləsini maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev imzalayıb.

“Cənub Qaz Dəhlizi” layihələrində görülmüş işlər barədə məlumat verən Əfqan İsayev deyib ki, layihəyə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilib.

“Artıq TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. Bu gündən Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Yaxın gələcəkdə Türkiyədən keçməklə, Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulmuş işlər qrafikə uyğun olaraq davam etdirilir”, o, deyib.

Onun sözlərinə görə, “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, Cənubi Qafqaz Boru Kəməri sisteminin Genişləndirilməsi (CQBKG) üzrə ilk kommersiya qazın çatdırılmasına dair işlər 100 faiz yerinə yetirilib. TANAP-ın inşası üzrə işlərin 94,8 faizi, “Trans-Adriatik” boru kəmərinin (TAP) inşası üzrə isə işlərin 74,6 faizi icra edilib.

“Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard dollar (2018-ci ilin may ayının sonuna 17,8 milyard dollar xərclənib), CQBKG layihəsi üzrə 4,5 milyard dollar (mayın sonuna 4,2 milyard dollar xərclənib), TANAP layihəsi üzrə 8 milyard dollar (mayın sonuna 5,5 milyard dollar xərclənib) və TAP layihəsi üzrə 4,5 milyard avro (may ayının sonuna 3 milyard avro xərclənib) məbləğlərində qiymətləndirilir. “Cənub Qaz Dəhlizi” QSC 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard dollar təşkil edir. 2018-ci ilin may ayının sonuna artıq 9,1 milyard dollar (təqribən 80 faiz) investisiya edilib”, Ə.İsayev qeyd edib.

Xatırlatma

“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il fevralın 25-də imzaladığı Sərəncam əsasında yaradılıb.

Qapalı səhmdar cəmiyyətin səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsusdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG