Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 05:25

İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı «Qətiyyətli dəstək» missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək. Azərbaycanı bu toplantıda müdafiə naziri Zakir Həsənov təmsil edəcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Toplantıda NATO-nun Əfqanıstandakı «Qətiyyətli dəstək» missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

NATO-nun «Qətiyyətli dəstək» missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.

Azərbaycanın 2018-ci ilə kimi Əfqanıstandakı hərbçilərinin sayı 94 nəfər olub. 2018-ci ildən bu say 120 nəfərə qədər yüksəldilib. Əfqanıstanda Azərbaycan hərbçilərinin sayının artacağı barədə dövlət başçısı İ.Əliyev hələ 2017-ci il noyabrın 23-də Brüsseldə NATO-nun toplantısında bəyanat vermişdi. Bununla bağlı Milli Məclis 2017-ci il dekabrın 29-da mövcud qərarda da dəyişiklik edib.

Xatırlatma

1994-cü ildə Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Onların fikrincə, bir tərəfdən, hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə, islahatlardan çəkinir.

Azərbaycan rəsmiləri isə bu fikirlə razılaşmayaraq, balanslaşdırılmış siyasət aparıldığını bəyan edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG