Keçid linkləri

2025, 24 Dekabr, çərşənbə, Bakı vaxtı 02:01

Qarabağ qaçqınları Ermənistanda: 'Qış qarabağlılar üçün çox çətin keçəcək'


Paşinyanın Qarabağ açıqlaması Yerevanda etiraz yaratdı: 'Azərbaycanın videolarına baxırıq'
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Paşinyanın Qarabağ açıqlaması Yerevanda etiraz yaratdı: 'Azərbaycanın videolarına baxırıq'

Ermənistan Qarabağdan köçən 100 mindən çox qaçqını inteqrasiya etməyə çalışır. Bu yöndə ortalığa çıxan əngəllər Bakı ilə davamlı sülh naminə cəmiyyəti birləşdirmək səylərinə zərbə vura bilər. Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə aparıcı təhlilçisi Coşua Kuçera yazır ki, Ermənistan hökuməti Qarabağ qaçqınlarının ilk axınını uğurla idarə edib, amma sonradan onların tam inteqrasiyası zamanı yaranan çətinlik siyasi ziddiyyətlərə yol açıb.

Azərbaycan 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Bundan sonra Qarabağdan ermənilərin köçü başlayıb. Ermənistan bunu "etnik təmizləmə" adlandırsa da, Bakı iddiaları rədd edib, ermənilər üçün reinteqrasiya proqramı açıqlayıb.

Yerevanda Azərbaycana qarşı mitinq: 'Ermənistan cəmiyyəti onlarla razı deyil'
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

"Əlimizdə olanları da xərcləmişik, hökumət də yardımı kəsib"

İki ilə yaxın müddətdə Ermənistan hökuməti Qarabağ qaçqınlarına kirayə və kommunal ödənişlər üçün subsidiya verib, iyunda isə bu pul kəsilib. "Biz təzə gələndə hökumət çox kömək edirdi. İndi isə çoxumuz əlimizdə olanları da xərcləmişik, hökumət də yardımı kəsib. Qış qarabağlılar üçün çox, çox çətin keçəcək", – Karin adlı qaçqın belə deyib. Ailə, çox güman, Rusiyaya köçə biləcəyinə ümid edir.

Baş nazir Nikol Paşinyanın tənqidçiləri qaçqınlardan özlərinin siyasi mübarizəsində alət kimi istifadə edirlər. "Bu böhranı Ermənistan yaratmayıb. Nəticələrin Yerevanın ümidinə buraxılması ədalətsizlikdir", – hökumətə yaxın bir təhlilçi deyib.

Bakı və Yerevan bu il avqustun 8-də Vaşinqtonda sülh sazişini paraflayıblar. Paşinyan bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevə təklif edib ki, Qarabağ erməniləri və "Qərbi Azərbaycan" mövzusunu eyni vaxtda bağlasınlar.

C.Kuçera yazır ki, sülh təlaşı Qarabağ ermənilərini siyasi, iqtisadi və mənəvi baxımdan tərk olunmuş hiss etdirir: "Bu gərginlik həllini tapmasa, Qarabağdan qaçqınlıq Ermənistan siyasəti və cəmiyyətində açıq yara olaraq qalacaq".

Qarabağ separatçılarının ofisində niyə axtarış aparıldı?
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Daha bir köç

İyunda hökumət subsidiyaları kəsəndən Ermənistandan qaçqın köçü artıb. Onların çoxu Rusiyaya gedir. Masis şəhər rəsmisinin dediyinə görə, qaçqınların sayı 20 faiz - azı 4 min nəfər azalıb.

Rəsmi statistikaya görə, 2023-cü ildən bəri Ermənistandan 16 minədək qaçqın gedib. Qarabağın keçmiş separatçı rejim təmsilçiləri isə bu sayın azı 24 min ola biləcəyini deyirlər.

Müəllif qaçqınların sosial gərginliklə də üzləşdiyini yazır. Qarabağ ermənilərinin köçü yerli ermənilərdə narazılıq yaradıb. Axı illərlə Qarabağ ölkə siyasətinin mərkəzində dayanıb. Qarabağ müharibələrində qurbanlar verilib. İndi isə qaçqınlar Ermənistanda onlara münasibətin yaxşı olmamasından gileylənirlər.

Masisdəki qaçqınların sözlərinə görə, onlara deyirlər ki, 2023-cü ildə Azərbaycan əməliyyat keçirəndə Qarabağ erməniləri gərək vuruşardılar. Qarabağ dialektini qorumağı hədəfləyən podkast qurucusu qaçqın isə Facebook postlarına təhqiramiz şərhlər gəldiyini deyib.

Çoxları 2026-cı il parlament seçkiləri öncəsi gərginliyin qızışacağını gözləyirlər. Qaçqınlar yalnız vətəndaşlıq alandan sonra səs verə bilərlər. Sentyabradək cəmi 16 min nəfər Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib.

C.Kuçera yazır ki, hətta əgər Qarabağ qaçqınlarının hamısı səs verə bilsəydi belə, 1.3 milyon nəfər seçicinin cüzi hissəsini təşkil edərdi. Amma hakim partiya təmsilçiləri və tərəfdarları narahatdırlar ki, müxalif alyans, qaçqınlar və Rusiya onların idarəçiliyinə və daha geniş anlamda Azərbaycanla sülhə təhdid yaradır. Müəllif bu ehtimalın böyük olmadığını da vurğulayır. Saylarının azlığından savayı, qaçqınlar siyasətə, əsasən, laqeyd yanaşırlar.

XS
SM
MD
LG