Keçid linkləri

2024, 04 Mart, Bazar ertəsi, Bakı vaxtı 19:30

Azərbaycan xəbərləri

Nazirlik Bakı Metropoliteninin cərimələnməsini istəyir

Depo
Depo

Ekologiya və Təbii Sərvətlər Nazirliyi «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cərimələnməsini istəyir. Nazirlik bununla bağlı məhkəməyə müraciət etdiyini açıqlayıb.

Nazirliyin bu gün, mayın 1-də yaydığı məlumatında yazılır ki, «Bakı Metropoliteni» QSC-yə məxsus avtomobillərin ətraf mühitə ziyan vurduğunu müəyyən ediblər.

«Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları Bakı şəhərində «Ətraf mühitin mühafizəsi haqqında» qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirib. Reyd zamanı «KamAZ» markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Qu gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub», - məlumatda bildirilir.

Departament əməkdaşlarının avtomobillərin «Bakı Metropoliteni» QSC-yə məxsus olduğunu müəyyən etdiyi açıqlanıb.

Faktın protokollaşdırıldığı, müəssisənin hüquqi şəxs qismində cərimələnməsindən ötrü Nəsimi Rayon Məhkəməsinə müraciət edildiyi bildirilir.

Bu müraciətlə bağlı hələlik «Bakı Metropoliteni» QSC-nin münasibətini almaq mümkün olmayıb.

Bütün xəbərləri izləyin

Mingəçevir xəstəxanasında 50 min manat araşdırılır

Mingəçevir şəhər Mərkəzi Xəstəxanası
Mingəçevir şəhər Mərkəzi Xəstəxanası

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin dövlət büdcəsindən ayrılan 50 min manatdan artıq vəsaiti mənimsədiyinə şübhələr yarandığı deyilir.

Bu barədə Mingəçevir şəhər Prokurorluğunun məlumatında bildirilir.

Mingəçevir şəhər Prokurorluğunda CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb: "İbtidai istintaq davam edir".

Rəsmi açıqlamaya, hələlik, xəstəxananın vəzifəli şəxslərindən münasibət öyrənmək mümkün olmayıb.

Narkoloji Mərkəzin baş direktoru həbs olunub

Narkoloji Mərkəz
Narkoloji Mərkəz

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev həbs olunub

Bu barədə martın 1-də Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında bildirilir.

Onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Hələlik, ittihama sözügedən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Həmin maddələrlə şəxs 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Benzin üçün aksiz dərəcələri azaldılıb...

Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi

2024-cü ilin sonuna kimi 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Bununla bağlı fevralın 29-da baş nazir Əli Əsədov qərar imzalayıb.

Eyni zamanda, dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata salınıb.

Nazirlər Kabinetinin digər qərarı ilə ilin sonuna kimi Aİ-92 və dizel üçün 15 faiz gömrük rüsumu ləğv edilib.

Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.

Bu gün, martın 1-dən Rusiya benzin ixracına altı aylıq qadağa qoyub. Azərbaycan Rusiyadan benzin idxal edir.

Bəzi ekspertlər bu səbəbdən Azərbaycanda benzinin bahalaşacağını təxmin edirdilər.

update

Ermənistan Milli Təhlükəsizlik Xidməti: Azərbaycan əsgəri saxlanıb

Teğ kəndi yaxınlığında mövqelər
Teğ kəndi yaxınlığında mövqelər

Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan əsgərinin Sünik vilayətinin Teğ kəndi istiqamətində Ermənistan ərazisinə keçdiyini bildirir. Silahlı azərbaycanlı əsgərin zərərsizləşdirildiyi, onun saxlandığı qeyd olunur.

Yerli icma üzvü Arqam Ovsepyan Azatutyun-a deyib ki, orada iki azərbaycanlı əsgər olub, biri qaçıb, digərini erməni əsgərlər tapıblar.

Ermənistanın İstintaq Komitəsi insidentlə bağlı cinayət işi açıb.

+++

Fevralın 28-i səhər saatlarında Azərbaycan ordusunun əsgəri Ruslan Pənahovun Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azdığı bildirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bu, Laçında ilk belə hadisə deyil. Müdafiə Nazirliyi 2022-ci il martın əvvəllərində bildirmişdi ki, Laçın rayonu ərazisində bir döyüş mövqeyindən digərinə hərəkət edən iki əsgər (Fərid MəmmədovFirdovsi Abdullayev) hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Sonradan həmin hərbi qulluqçuların taleyinə tam aydınlıq gətirilmədi.

Azərbaycanın Laçın rayonu Ermənistanla həmsərhəddə yerləşir.

+++

Ötən il, 2023-cü ildə Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda hərbi qulluqçuları Hüseyn AxundovAqşin Bəbirovun əlverişsiz hava şəraitində itkin düşdüklərini açıqlamışdı. Sonradan onların Ermənistanda saxlandığı və bir sıra cinayətlərdə ittiham edilərək mühakimə olunduğu bildirildi.

Ötən ilin dekabrında onlar Ermənistanın 32 hərbçisinin qaytarılması əvəzində ölkələrinə təhvil verildi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Yeni ədliyyə naziri təyin edilib

Fərid Əhmədov
Fərid Əhmədov

Fərid Əhmədov Azərbaycanın ədliyyə naziri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı bu gün, fevralın 27-də sərəncam imzalayıb.

2000-ci ildən həmin vəzifəni Fikrət Məmmədov tuturdu. 21 ildir ölkəni yönəldən İ.Əliyev fevralın 7-də keçirilən prezident seçkisindən növbəti dəfə qalib ayrıldıqdan sonra yeni hökuməti elan edərkən ədliyyə naziri vəzifəsini boş saxlamışdı. Daha sonra F.Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edildi.

Yeni nazir kimdir?

Fərid Əhmədov bu vəzifəyə təyin edilənədək Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsini tutub. O, 2022-ci ildən sözügedən vəzifəni icra edib.

2021-2022-ci illərdə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olan F.Əhmədov 2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru vəzifəsini də tutub. O, hüquq elmləri üzrə fəlsəfə doktorudur.

F.Əhmədov 1979-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.

Bu gün Su çərşənbəsidir

Səməni
Səməni

Bu gün, fevralın 27-də Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsidir. Çərşənbələr Novruzun gəlişindən asılı olaraq, hər il bir neçə gün fərqlə qeyd edilir.

Adətə görə, Novruz bayramına dörd həftə qalmış dörd ünsür - su, od, yel və torpaqla bağlı sayılan çərşənbələr təntənəli şəkildə keçirilir.

Su çərşənbəsində hələ gün doğmamışdan insanlar su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyərlər. Bu çərşənbəsi axşamı süfrəyə təmiz su qoyurlar. Başqa çərşənbələr kimi, tonqal da qalayarlar.

Su çərşənbəsinin başqa adətləri də var. Bu çərşənbədə adətən arxlar səliqəyə salınır, hovuzlar təmizlənir. Torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

Azərbaycanda bu il martın 5-də Od, martın 12-də Yel, martın 19-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

2024-cü il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

Novruz bayramı Azərbaycandan başqa dünyanın bir çox ölkələrində də qeyd edilir.

update

AXCP üzvü sərbəst buraxılıb

Baba Süleyman
Baba Süleyman

Bakıda Xocalı faciəsi ilə bağlı ucaldılan "Ana Harayı" abidəsini ziyarət edərkən saxlanan AXCP üzvü Baba Süleyman sərbəst buraxılıb.

O, AzadlıqRadiosuna deyib ki, Xətai rayon 37-ci polis bölməsində sorğu-sual edilib və bir-iki saatdan sonra buraxılıb.

AXCP üzvü saxlanıb

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Baba Süleyman bu gün, fevralın 26-da Bakıda Xocalı faciəsi ilə bağlı ucaldılan "Ana Harayı" abidəsini ziyarət edib çıxdıqdan sonra saxlanıb.

AXCP-dən verilən məlumata görə, B.Süleymanın saxlanma səbəbi ondan bir şəxsin polislərə şikayəti olub: "Deyib ki, guya Baba ona iynə batırıb".

Partiyadan hesab edirlər ki, bu, sadəcə bəhanədir və B.Süleyman şərlənib.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanov "Turan"a B.Süleymanın saxlanmasını təsdiq edib. Deyib ki, o, tədbir iştirakçılarının birinin şikayəti əsasında saxlanılıb, araşdırma aparılır.

Xocalı faciəsinin bundan əvvəlki ildönümlərində də anım mərasimlərində AXCP üzvləri ilə polis və ya başqa şəxslər arasında müəyyən insidentlər yaşanıb. AXCP belə halları onlara qarşı təzyiq kimi dəyərləndirib. Amma rəsmi qurumlar belə dəyərləndirmələri qəbul etmirlər.

Xatırlatma

Azərbaycanda hər il fevralın 26-da Xocalı faciəsi yad edilir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, min 275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü açıqlanıb.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycan Xocalı şəhəri də daxil, Qarabağ bölgəsi və ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bak həmin ərazilərin böyük bir hissəsinə nəzarəti bərpa edib. Ötən il sentyabrın 19-20-də isə Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Anası həbsdə olan fəalın səhhətindən narahatdır

Möhyəddin Orucov
Möhyəddin Orucov

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdəki üzvü Möhyəddin Orucovun səhhətində ciddi problem yarandığı bildirilir.

Anası Təranə Orucova AzadlıqRadiosuna deyib ki, 2023-cü ilin oktyabrında oğlu inzibati həbs olunarkən uzun müddət açıq havada saxlanıldığına görə böyrəklərində problem yaranıb: "İnzibati həbsdə olanda heç müayinə etməyiblər, sadəcə ağrıkəsici veriblər. Evə buraxılandan sonra müalicəsi gedirdi, amma növbəti dəfə həbs olunduğuna görə müalicə yarımçıq qaldı".

T.Orucova əlavə edib ki, hazırda problem daha da dərinləşib, oğlunun böyrəklərində şiddətli ağrılar var: "Saxlandığı 3 saylı İstintaq Təcridxanasında səhhətində problem olduğu barədə desə də, ona yalnız ağrıkəsici dərman verilir, müalicə müəssisəsinə köçürülmür. Bununla bağlı vəkil gedib yenə müraciət edəcək".

"Növbə ilə yatırlar"

Onun sözlərinə görə, oğlunun saxlandığı şərait də pisdir: "Dörd-beş nəfərlik otaqda əvvəl 18 nəfər saxlanılırdısa, son vaxtlar say daha da artıb, növbə ilə yatırlar. Bu da oğlumun səhhətinə daha da pis təsir göstərir".

Bu deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

M.Orucov 2023-cü il dekabrın 13-də həbs olunub. Onun barəsində 4 ay həbs-qətimkan tədbiri seçib. Orucov CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir.

Ötən ilin oktyabrında Orucov "polisə tabe olmama" ittihamı ilə 30 gün müddətinə inzibati qaydada həbs edilmişdi. O, həmin vaxt bildirib ki, həbsinin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi olub.

Rəsmilər ölkədə sifarişli siyasi həbslərin olması ilə bağlı deyilənləri inkar edirlər.

Kuryerlər tətil yoluyla nəyə nail ola bilər? – 1 May-Əmək günü
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Xatırlatma

Ötən il avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər. Elə həmin gün konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən saxlanıb. Bu dəfə ictimai fəala CM-in 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham verilib.

Avqustun 4-də "İşçi Masası"nın üzvü Elvin Mustafayev narkotik ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il həbs cəzası verilib. E.Mustafayevdən bir neçə gün sonra isə həmin qurumun üzvü Ayxan İsrafilov tutulub.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçilərin hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyirlər. Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edirlər.

Xocalı faciəsindən 32 il keçir

26 fevral - Xocalı qurbanlarının anım günüdür
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Azərbaycanda hər il fevralın 26-da rəsmi qaydada Xocalı faciəsi yad edilir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdiyi bildirilir. İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, min 275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü açıqlanıb.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. O vaxt Azərbaycanın Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı Qarabağın bir hissəsinə və o rayonlara nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya, Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Nərgiz Absalamovanın həbs müddəti artırılıb

Nərgiz Absalamova
Nərgiz Absalamova

AbzasMedia nəşri ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən biri – Nərgiz Absalamova haqqında həbs-qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir. Bu barədə fevralın 24-də Xətai rayon Məhkəməsində istintaq orqanının (Daxili İşlər Nazirliyinin) təqdimatına baxıldığı qeyd edilir.

Bu məlumatı Azadlıq Radiosuna jurnalistin yaxınları verib. Onların deməsinə görə, məhkəmədə müstəntiq təqdimatı müdafiə edib, deyib ki, hələlik, istintaq yekunlaşmayıb, bu cinayət işi üzrə bir sıra istintaq hərəkətləri aparılmalıdır.

Verilən məlumata görə, N.Absalamovanın özü və vəkili təqdimata etiraz edib. N.Absalamova heç bir cinayət törətmədiyini, peşə fəaliyyətinə görə cəzalandırıldığını söyləyib.

Vəkili isə deyib ki, N.Absalamovanı həbsdə saxlamadan da istintaq davam etdirilə bilər. N.Absalamovanın həbsindən öncə də istintaqdan yayınmadığını, müstəntiqin çağırışlarına getdiyini yada salan vəkil bildirib ki, ümumiyyətlə, onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur.

Ancaq müdafiə tərəfinin etirazlarına baxmayaraq, hakim təqdimatı təmin edib. N.Absalamovanın istintaq dövründə həbsdə saxlanma müddətinin daha 3 ay artırıldığı bildirilib.

Hələlik, müdafiə tərəfinin tənqidlərinə ayrıca məhkəmədən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

N.Absalamova dekabrın 1-dən həbsdədir. O, qaçaqmalçılıqda ittiham edilir, amma ittihamı qurama sayır.

"AbzasMedia işi" üzrə həbslər ötən ilin noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, bunu peşə fəaliyyətlərinə təzyiq kimi dəyərləndirirlər. Bu işlə bağlı digər tutulanların da həbs müddəti artırılıb.

Samir Rzayev AZAL-ın prezidenti təyin edilib

Samir Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti təyin edilib.

Bu barədə prezident İlham Əliyev fevralın 22-də sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Samir Rzayev bu qurumun birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Ötən ilin sentyabrında Cahangir Əsgərov AZAL prezidenti vəzifəsindən azad edilmişdi.

Elə bu vəzifənin icrası müvəqqəti olaraq Samir Rzayevə həvalə edilmişdi.

Cahangir Əsgərov isə həmin vəzifəni 2008-ci il mayın 1-dən tuturdu.

Təyyarə biletlərini ucuzlaşmağa kim qoymur? AZAL-ın bitməyən monopoliyası
Gözlə

No media source currently available

0:00 0:09:52 0:00

Samir Rzayev kimdir?

Samir Musa oğlu Rzayev Azərbaycan Dövlət İqtisad Universitetində oxuyub və magistr dərəcəsini Böyük Britaniyanın Durham Universitetində davam etdib.

O, 2009-2017-ci illərdə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri, daha sonra isə “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-nin “Bravo” supermarketlər şəbəkəsində satış müdiri vəzifəsində işləyib.

2022-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib.

Yeni kütləvi saxlananlar var?

Mediada 'casus' damğası. Amma rəsmi ittiham narkotik. Ailələr hər iki iddianı yalanlayır
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Son günlər Azərbaycanda dindar kəsimdən olan onlarca şəxsin yenidən saxlandığı ilə bağlı məlumatlar var. Yaxınlarının həbs edildiyini deyən bəzi adlarının çəkilməsini istəməyən şəxslərin sözlərinə görə, bu proses fevralın 19-dan başlayıb və kütləvi xarakter alıb: "Gəncədə elə hal olub ki, bir küçədən 7 nəfəri bir gündə saxlayıblar".

Onların sözlərinə görə, belə hallar Bakıda, Biləsuvarda, Neftçalada, Gəncədə, Astarada və Masallıda olub: "Həbs olunanların hamısını narkotiklə ittiham edirlər. Əslində onları nə vaxtsa Kərbəlaya gedib şəkil çəkdirib, qoyub, Qumda oxuyub deyə tuturlar".

“Müsəlman Birliyi” Hərəkatından da “ Turan” Agentliyinə belə saxlananlardan bəzilərinin onların üzvləri olduğunu deyiblər.

Amma bütün bu deyilənlərlə bağlı, hələlik, hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.


Xatırlatma

Azərbaycan mediasında yer alan müxtəlif məlumatlara görə, keçən ildə paytaxt Bakı və bölgələrdə dindar kəsimdən olan şəxslərin kütləvi həbsi həyata keçirilib. Onda da saxlananlara qarşı əsasən narkotik ittihamının verildiyi deyilirdi.

Amma yerli mediada bütün bu həbslər Azərbaycanın İranla münasibətlərinin gərginləşməsi ilə izah edilirdi. Sonradan iki ölkə arasında münasibətlə normallaşdıqca belə həbslərin də azaldığı bildirilmişdi.

İsveç xarici işlər naziri Qubad İbadoğludan danışıb

Tobias Billström
Tobias Billström

İsveçin xarici işlər naziri Tobias Billström həbsdə olan müxalifətçi Qubad İbadoğlu ilə bağlı isveçli deputat Erik Helsbornun sualını cavablandırıb. Nazir noyabrın 30-da ATƏT-in Şimali Makedoniyada keçirilən toplantısında Q.İbadoğlunun məsələsini qaldırdığını bildirir.

Açıqlamada deyilir ki, insan haqlarına hörmət İsveçin bütün beynəlxalq kontaktlarının əsasını təşkil edir: "Hökumət Qubad İbadoğlunun ciddi sağlıq problemləri ilə bağlı məlumatlardan narahatdır. İsveçin nümayəndələri Qubad İbadoğlunun qohumları ilə müxtəlif səviyyələrdə təmasdadırlar".

Nazirin sözlərinə görə, İsveç Bakıdakı səfirliyi vasitəsilə məsələni Azərbaycan rəsmiləri ilə müzakirə edib. Noyabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə isə digər məsələlərlə yanaşı, Q.İbadoğluya adekvat tibbi xidmət göstərilməsinin vacibliyini vurğulayıb: "Hökumət bu məsələni Azərbaycanla ikitərəfli təmaslarda qaldırmağa davam edəcək, fəaliyyətimizi Aİ daxilindəki tərəfdaşlarımızla əlaqələndirəcəyik".

Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Qubad İbadoğlunun həbs müddəti artırılıb

Fevralın 15-də Nərimanov rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha üç ay uzadıb.

Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.

Müdafiə tərəfi bu qərarı əsassız hesab edir və ondan şikayət vermək niyyətindədir.

Vəkil vurğulayıb ki, həbsdə olan siyasətçinin səhhəti pisdir və həbs həyatı onun sağlamlığı üçün təhlükəli sayılır.

Onun səhhəti ilə bağlı bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Q.İbadoğlu ötən il iyulun 23-də həbs olunub. O, Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma) və həmin maddənin əlavə olaraq 3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) bəndi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Siyasətçi məhkəmədə irəli sürülən bütün ittihamları saxta adlandırıb. Bir sıra beynəlxalq təşkilatlar da Azərbaycan hökumətini Q.İbadoğlunun işinə obyektiv baxmağa, onun hüquqlarının qorunmasına çağırıblar.

Əziz Orucovun həbs müddəti uzadılıb

Əziz Orucov
Əziz Orucov

"Kanal 13" internet televiziyasının icraçı direktoru Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 1 ay uzadılıb.

Bu qərarı bu gün, fevralın 21-də Səbail Rayon Məhkəməsi qəbul edib.

Bu barədə məlumat verən vəkili Bəhruz Bayramov qeyd edib ki, həbs müddəti martın 27-nə qədər uzadılıb. Onun haqqında məhkəməyə qədər həbs müddəti fevralın 26-da başa çatırdı.

Müdafiə tərəfi qərarı əsassız sayır və apellyasiya şikayəti veriləcəyini bildirir:

"Əziz Orucov da bunu və ümumiyyətlə öz həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirir".

“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov ötən ilin noyabrın 27-də həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülmüşdü.

Dekabrın 19-da isə Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verildi.

Son aylar Azərbaycanda 5-dən çox jurnalist həbs edilib. Onlara əsasən qaçaqmalçılıq ittihamı verilib. Onların heç biri ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə bağlayırlar. Halbuki, rəsmilər ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs edilmələrinə aid deyilənləri qəbul etmirlər.

Ailəsi Nazim Bəydəmirlinin səhhətindən narahatdır

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Həbsdə olan işadamı, keçmiş deputat Nazim Bəydəmirlinin səhhətində problemlər yarandığı bildirilir.

Bu barədə N.Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli məlumat verib. Onun sözlərinə görə, bu gün, fevralın 21-də N.Bəydəmirli ilə telefonla danışıb: "Dedi ki, özümü çox pis hiss edirəm, səhhətimdə problemlər yaranıb. Zatən Nazim həmişə noyabr ayında fizioterapiyaya başlayırdı, çünki onun bronxlarında problem var idi".

F.Bəydəmirli qeyd edib ki, fevralın 19-da həyat yoldaşını Penitensiar Xidmətin tibb məntəqəsinə gətiriblər: "Özü bunun üçün müraciət etmədiyini dedi. Nazimi rentgen ediblər, qan təzyiqini ölçüblər. Qan təzyiqi çox yüksək olub, halbuki heç vaxt onun qan təzyiqi olmayıb. Bir də laboratoriya analizini məsləhət görüblər, Nazim razı olmayıb".

İşadamının həyat yoldaşı vurğulayıb ki, o öz inandığı həkimlərin saxlandığı təcridxanaya gəlməsini istəyir: "Bunun üçün rəsmi müraciət edəcəyik".

Bu deyilənlərə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq saxlanıb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Bəydəmirli ittihamı rədd edib, onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb. Müdafiə tərəfinin bildirməsinə görə, N.Bəydəmirli hesab edir ki, o, ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür. Sentyabrın 1-də Bəydəmirliyə qarşı CM-in 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. O, bu ittihamı da qəbul etmir.

Onun həbs müddəti məhkəməyə qədər bir neçə dəfə artırılıb.

Polis nəzarətində olan Söyüdlüdən səslər: 'Evimizdə dustağa çevrilmişik'
Gözlə

No media source currently available

0:00 0:05:57 0:00

Xatırlatma

Ötən il iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü sakinləri "Gədəbəy" qızıl yatağından çirkab suları üçün ikinci süni gölün qurulmasına ekoloji tələblərlə etiraz ediblər. Polis etirazlara gözyaşardıcı qazdan istifadə olunmaqla müdaxilə edib, saxlananlar, həbs edilənlər olub (onların dəqiq sayı rəsmi açıqlanmır).

İyulun 11-də prezident İlham Əliyev hökumətin iclasında Söyüdlüdəki etirazlardan danışarkən vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb. Bu çıxışdan iki gün sonra Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.

Rəsmi monitorinqlərin nəticələrinə görə, ərazidə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Bununla belə, ötən il sentyabrın 26-da mədənin mərhələlərlə fəaliyyətə başlaması məqbul sayılıb.

update

Kamil Zeynallı sərbəst buraxılıb

Kamil Zeynallı
Kamil Zeynallı

Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan deyib ki, Ermənistanın hərbi cinayətdə ittiham etdiyi Zeynallı saxlanandan az sonra Moskva Yerevanla əlaqəyə girərək bu xəbəri təsdiq edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Sarkisyan ittihamın detalları barədə məlumat verməyib.

Erməni tərəfi ittihamın Zeynallının 44 günlük müharibəı zamanı Hadrutda yaşlı bir nəfərin başını kəsməsi iddiası ilə bağlı olduğunu bildirir.

Sarkisyan habelə Azatutyuna deyib ki, nazirlik şübhəlinin mümkün ekstradisiyası üçün laızm olan bütün sənədləri toplayaraq Rusiya hüquq-mühafizə orqanlaırna vermişdi.

Ermənistanın beynəlxalq hüquq ekspertlərindən Ara Qazaryan bu addımı mənasız adlandırıb.

Qazaryan Moskvanın şübhəlini sərbəst buraxmaq qərarının siyasi motivli olduğunu deyib. Ekspert bildirib ki, insident Rusiya-Ermənistan münasibətlərində artmaqda olan gərginliyi əks etdirir.

***

Bundan əvvəl verrilən xəbərdə deyilirdi ki, fevralın 21-də Moskvada saxlanılan Kamil Zeynallı sərbəst buraxılıb.

Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyindən də "Turan"a təsdiqləyiblər.

+++

Azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı fevralın 21-də gecə saatlarında Moskvanın "Domodedovo" hava limanında saxlanılıb.

Bu barədə onun özü videomüraciət yayıb.

K.Zeynallının sözlərinə görə, polis əməkdaşları ötən ilin mayında Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onu həmin ölkəyə ekstradisiya edə biləcəklərini deyiblər: "May ayından mən üç dəfə Rusiyaya gəlmişəm, indi saxladılar. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olarlar".

Onun dediklərini, hələlik, Rusiyanın müvafiq hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Ermənistan təsdiqləyir

Bununla belə, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyan AzadlıqRadiosunun erməni xidmətinə adıçəkilən şəxsi qətl ittihamı ilə beynəlxalq axtarışa verdiklərini təsdiqləyib.

Azatutyun-un məlumatına görə, K.Zeynallı 2020-ci ildə müharibə zamanı Hadrutun iki sakininin öldürülməsində ittiham olunur.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə məsələ ilə bağlı "Turan"a bunları deyiblər: "Bu məsələ səfirliyimizin nəzarətindədir. Vətəndaşa müvafiq dəstək göstərilir. Əlavə məlumat, hələlik, yoxdur".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Həbsdəki 'Abzas Media' əməkdaşlarına bəzi məhdudiyyətlər götürülüb

'Azərbaycanda həbslər davam edəcək': AbzasMedia İşində son vəziyyət
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00

"Abzas Media işi" üzrə həbs olunmuş jurnalistlərin yaxınları ilə telefon danışığı və görüşlərinə məhdudiyyət götürülüb.

Bu barədə vəkil Şəhla Hümbətova məlumat verib.

Bundan əvvəl "Abzas Media"çılar telefon danışığı və görüşlərinə məhdudiyyət qoyulduğunu bildirmişdilər. Onlar hətta bununla bağlı məhkəməyə də üz tutmuşdular.

Onlar habelə vurğulayırdılar ki, bir çox yaxınlarının pensiya, bank kartlarına da məhdudiyyətlər tətbiq edilib. Həmin şikayətləri bəzi banklar təsdiqləsə də, məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Ofeliya Məhərrəmova
Ofeliya Məhərrəmova

"Üç aydır danışmırdıq"

Jurnalistlərin ailə üzvləri də onların telefon danışığı və görüşlərinə qadağanın aradan qaldırıldığını təsdiqləyiblər.

"AbzasMedia" nəşrinin baş redaktoru Sevinc Abbasovanın (Vaqifqızı) anası Ofeliya Məhərrəmova AzadlıqRadiosuna bildirib ki, fevralın 19-da qızı ilə telefonla danışıblar: "Qadağa qoyulduğuna görə üç aydır danışmırdıq. Düzü, mənim üçün də gözlənilməz oldu. Dedi ki, "lap yaxşıyam, mənə görə narahat olmayın". Amma göndərdiyimiz bəzi şeylər ona çatmayıb. Nə göndəririksə, siyahıda da yazırıq. Baxıb ki, siyahıda olanların bəziləri verilməyib. Məsələn, dörd kitabdan biri, gigiyenik vasitələr...".

O.Məhərrəmovanın bu dediklərinə Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayib.

Xatırlatma

Noyabrın 20-də "Abzas Media" nəşrinin direktoru Ülvi Həsənli və onun müavini olduğu bildirilən Məhəmməd Kekalov saxlanıb. Ertəsi gün "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı tutulub. Daha sonra jurnalistlər Hafiz Babalı, Nərgiz AbsalamovaElnarə Qasımova da eyni iş üzrə saxlanıb. Onların hamısı qaçaqmalçılıqda ittiham olunub və istintaq müddətində həbs ediliblər. Həbs olunanlar ittihamları rədd ediblər, öz həbslərini peşəkar jurnalist fəaliyyəti və "Abzas Media"nın korrupsiya araşdırmaları ilə əlaqələndiriblər.

Beynəlxalq təşkilatlar da "Abzas Media"nın əməkdaşları ilə bağlı narahatlıqlarını ifadə ediblər. Rəsmilər isə ölkədə jurnalistlərin peşə fəaliyyətlərinə görə həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

Türkiyə-Azərbaycan Universiteti yaradılacaq

İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü
İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü

Fevralın 19-də Ankarada Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə görüşləri olub. Daha sonra onların iştirakı ilə bir neçə sənəd imzalanıb.

Sənədlərdən biri Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu olub.

Habelə, iki ölkə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş imzalanıb.

+++

Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də Türkiyəyə səfər edib. Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşib.

Türkiyə, Azərbaycan dövlət başçıları və hökumət rəhbərlərinin seçkilərdən sonra ilk olaraq bir-birlərinə səfər etmək ənənəsi var. 21 ildir ölkəyə rəhbərlik edən İ.Əliyevin də bu ay keçirilən növbəti prezident seçkisindən qalib ayrıldığı açıqlanıb. Amma o, bu səfərdən iki gün əvvəl Münxen Təhlükəsizlik Konfransının işinə də qatılmışdı.

Nazirlər Kabinetinin yeni tərkibində Fikrət Məmmədov və Mübariz Qurbanlı yoxdur

Fikrət Məmmədov
Fikrət Məmmədov

Prezident İlham Əliyev fevralın 16-da Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Yeni tərkibin üzvləri elə əvvəlki siamlardır. Amma bəzi əskiklər var. Məsələn, ədliyyə naziri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrini tutanlar orada yer almırlar.

Ədliyyə naziri təyin olunanadək həmin vəzifənin icrası müavin Azər Cəfərova həvalə edilib. Bu postu 2000-ci ildən Fikrət Məmmədov tuturdu.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin müvəqqəti icrası isə birinci müavin Səyyad Salahlıya tapşırılıb. Bu postu 10 il idi Mübariz Qurbanlı tuturdu.

Əli Əsədov baş nazir postunda qaldı

Milli Məclisin bu gün, fevralın 16-da keçirilən iclasında Əli Əsədovun yenidən baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.

Prezident İlham Əliyev bu vəzifəyə yenidən onun namizədliyini irəli sürüb.

Ə.Əsədovun namizədliyinin irəli sürülməsini spiker Sahibə Qafarova elan edib.

Milli Məclis prezidentin təqdimatına əsasən Ə.Əsədovun baş nazir təyin edilməsinə razılıq verib.

Ə.Əsədov 2019-cu ildən bu postu tutur. Ölkəyə 21 ildir rəhbərlik edən İ.Əliyev fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisində qalib sayıldıqdan sonra o, konstitusiyaya uyğun olaraq istefa vermişdi.

Prezident: Əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmasa, sülh müqaviləsi olmayacaq

“Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib.

O nitqində Ermənistanla sülh müqaviləsinə də toxunub.

Bu fikirlərə, hələlik, Ermənistan rəsmiləri münasibət bildirməyiblər.

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Ermənistan baş naziri Paşinyan bir müddət öncə indiki konstitusiyanı tənqid etmişdi. O, bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Amma Ermənistan müxalifəti dəyişikliyin əleyhinədir.

“Vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq”

Prezident İlham Əliyev çıxışında həmçinin deyib ki, bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq.

Azərbaycan müxalifəti və bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, İlham Əliyevin 21 illik hakimiyyəti dönəmində vətəndaş cəmiyyətinə böyük basqılar olub.

Onlar həm qanunvericilik sahəsində mənfi dəyişikliklərin olduğunu söyləyir, həm də siyasi həbslərin artdığını deyirlər.

Hərçənd, rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

Ötən həftə, fevralın 7-də Azərbaycanda Prezident seçkisi keçirilib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, İlham Əliyev bütün rəqiblərini qabaqlayaraq səslərin 90 faizindən çoxunu qazanıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri də saxlanaraq Bakıya gətirilib.

ADR üzvünün oğlu saxlanıb

Əyyub Çələbi
Əyyub Çələbi

Fevralın 10-da Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Gənclər Təşkilatının üzvü Əyyub Çələbiyə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Əyyub Çələbinin atası Xəyyam Çələbi danışıb

X.Çələbi ADR Partiyasının Səbail rayon təşkilatının sədridir.

Onun sözlərinə görə, oğlu Ə.Çələbi evdən çıxıb məhəllədəki dükandan çörək almaq istəyib, amma geri qayıtmayıb: "Qonşulardan öyrəndim ki, oğlumu evimizin həyətində üç nəfər mülki geyimli şəxs saxlayaraq aparıb. Müxtəlif polis bölmələrində olanda Əyyubun Bakı şəhər Baş Polis İdarəsinə aparıldığını bildim. Yalnız Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində mənə dedilər ki, Əyyubu saxlayıblar. Bölmədən söylədilər ki, arxayın olun, uşaq sağdır. O, cinayət işi ilə bağlı saxlanılmayıb".

X.Çələbi bildirib ki, Əyyubun ürəyində qüsur olduğundan hərbi xidmətə də aparılmayıb.

"Oğlumun saxlanılması siyasi sifarişdir, çünki mənə görə saxlayıblar. Özüm də I qrup əliləm, Qarabağ müharibəsində əlil olmuşam, hər iki ayağım yoxdur. Bu səbəbdən mənə cəza verə bilmirlər. Təzyiq kimi oğlumu cəzalandırırlar. Ola bilər ki, oğlum da tənqidi nəsə paylaşıb. O yazdığı yazıları, hətta ondan sərt yazıları hər kəs yazır", - X.Çələbi əlavə edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən də "Amerikanın Səsi"nə bildirib ki, Ə.Çələbini polis əməkdaşları saxlayıb. Onun məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edildiyi deyilir. Amma işin detallarını dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

ADR sədri Qubad İbadoğlu 2023-cü il iyulun 24-də həbs edilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (… saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələri ilə ittiham olunur.

Q.İbadoğlu ittihamları siyasi sayır. Hərçənd rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

Həcc ziyarəti bu il də bahalaşıb

Kəbə
Kəbə

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün qiymətləri açıqlayıb.

İdarənin yaydığı məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 min 850 ABŞ dolları təşkil edir: "Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək".

Bu, 2023-cü ildə Həcc ziyarəti qiyməti ilə müqayisədə 100 dolar çoxdur. Ötən il bir nəfərlik ziyarət paketinin qiyməti 5 min 750 dollar təşkil edirdi.

Ümumiyyətlə, son beş ildə ziyarətin qiyməti 1 min 300 dollardan çox artıb.

Koronavirus pandemiyası səbəbindən 2020-2021-ci illərdə Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son illər Azərbaycanda zəvvarların sayında azalma, qiymətdə bahalaşma var.

İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır. Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.

Ermənistan mina sahələrinə dair 8 formulyarı Azərbaycana verib

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib.

Bu barədə "Turan"a bu gün, fevralın 12-də Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Məlumata görə, təqdim olunan formulyarlar, əsasən, Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir: "Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib".

Qurumdan habelə vurğulanıb ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25 faiz təşkil edib.

Son açıqlamaya, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil.

Son dörd ilin statistikası

Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 65-dən çox vətəndaşı minaya düşərək həlak olub, 270 civarında şəxs isə müxtəlif xəsarət alıblar.

2021-ci ildə Ermənistan Azərbaycanda saxlanılan hərbçilərindən bəzilərinin geri verilməsi əvəzi işğaldan azad olunan bir sıra rayonların minalanmış ərazilərinin xəritələrini təqdim etmişdi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri demişdi ki, onlar əllərində olan yaxşı xəritələri özlərində saxlayıb Azərbaycana pisini verməyiblər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma (10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

ATƏT Nik Quqqer ilə bağlı Azərbaycandan cavab gözləyir

Ouen Mörfi
Ouen Mörfi

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) İsveçrədən olan müşahidəçisi Nik Quqqerin (Nick Gugger) Azərbaycana buraxılmaması ilə əlaqədar dövlət orqanlarına sorğu göndərilib.

Bu barədə ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbəri İoğan Mörfi (Eoghan Murphy) AzadlıqRadiosunun sualına cavab olaraq bildirib: "Bəli, bizim qısamüddətli müşahidəçilərimizdən biri ölkəyə dəvət olunsa da, icazə verilmədi. Bununla bağlı dövlət qurumları ilə mən danışmışam və sorğu göndərmişəm".

N.Quqqerin fevralın 3-də Bakıdakı hava limanında ölkəyə buraxılmayaraq geri qaytarıldığı bildirilir.

İsveçrə mediası qeydiyyatdan keçmiş ATƏT müşahidəçisinin ölkəyə buraxılmamasını "diplomatik təhqir" kimi qiymətləndirib. Belə hadisələrin nadir hallarda baş verdiyi vurğulanıb. Quqqerin Azərbaycana buraxılmamasının onun Avropa Şurasındakı fəaliyyəti ilə bağlı olması istisna edilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu olaya şərh verməsə də, mediada yer alan iddialara görə, isveçrəli müşahidəçi Qarabağ ilə bağlı mövqeyinə görə Bakıda qadağa ilə üzləşib.

Xatırlatma

Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçirilir. Qanunvericiliyə əsasən, növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Prezident İlham Əliyev seçkinin tarixinin bir il önə çəkilməsini artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması ilə izah edib. (2020-ci ildə Ermənistanla 44 günlük savaş, ötən il isə qısa hərbi əməliyyatlarla Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilib)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar.

ATƏT 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə, fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində keçirildiyini bildirmişdi.

AXCP üzvünə fiziki təzyiq göstərildiyi deyilir

Elnur Həsənov
Elnur Həsənov

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elnur Həsənovun fiziki təzyiqə məruz qaldığı bildirilir.

Bu barədə partiyadan məlumat veriblər.

AXCP-dən qeyd olunub ki, Bakı İstintaq Təcridxanasında saxlanılan E.Həsənov yanvarın 25-də Xətai rayon Polis İdarəsinə gətirilib: "Orada heç bir səbəb olmadan dörd polis əməkdaşının onu döydüyü bildirilir. Səhərisi gün isə Elnur bəy yenidən təcridxanaya aparılıb".

E.Həsənovun vəkili Nemət Kərimli "Turan"a deyib ki, həmin şikayətlə bağlı prokurorluğa müraciət ediləcək.

İddialara Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

E.Həsənov ötən il noyabrın 28-də Cinayət Məcəlləsinin 234.4.3-cü (küllü miqdarda qanunsuz olaraq narkotik vasitələri,... hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə həbs olunub. O, ittihamı qəbul etmir və həbsini yol polisindəki nöqsanlar barədə kəskin çıxışları ilə əlaqələndirir.

E.Həsənov bundan əvvəl də inzibati qaydada həbs edilib. O, xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılaraq 30 sutka inzibati həbs almışdı. AXCP üzvü onda da ittihamı qurama sayırdı.

Müxalifətdə olan AXCP-nin hazırda beşə qədər üzvü uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla həbs edilsə də, AXCP-dən onların siyasi sifarişlə şərləndiklərini açıqlayıblar. Hərçənd ölkə rəsmiləri siyasi həbslərlə bağlı deyilənləri qəbul etmirlər.

Davamı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG