Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:28

Leyla Şıxlinskayanın itinə 500 manatlıq xərc...


L.Şıxlinskaya

Xalq artisti, öz adını daşıyan klinikanın rəhbəri Leyla Şıxlinskayanın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunmuş işçilərlə bağlı yarım ilə yaxındır məhkəmə gedir. Bakı Ağır Cinayətlər Məhkəməsində bu məsələni araşdıran hakimlər aprelin 26-da qərar verib ki, iş materiallarındakı mühasibatlıq sənədləri yenidən ekspertizadan keçirilsin. İş təqsirləndirilən şəxslərdən birinin vəkilinin təşəbbüsü ilə təkrar ekspertizaya göndərilib. Müdafiəçi bu barədə vəsatət qaldırıb, Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası da vəsatəti təmin edib.

Bundan öncə isə məhkəmədə bu işin istintaqında rəy vermiş ekspert Zaur Məmmədov dindirilib. O deyib ki, klinikaya aid mühasibatlıq sənədlərini yoxlayıb: «Klinikanın bizə təqdim etdiyi sənədlər «qara mühasibatlıq» sənədləri idi. Biz o sənədlərdə yalnız rəqəmlərlə işlədik. Sənədin doğruluğu məsələsini istintaq araşdırıb qiymət verirdi».

Vəkillərdən biri ekspertə deyib ki, həmin sənədlərdə L.Şıxlinskayanın itinin yeməyi üçün 500 manatlıq xərc yazılıb. Müdafiəçi bunun da mühasibatlıq sənədi olub-olmadığını soruşub. Ekspert suala belə cavab verib: «Bizə o sənədlər təqdim olunmuşdu. Onların da mühasibatlıq sənədi olub-olmadığına audit qərar verə bilər. İstintaq mənim qarşımda sual qoymuşdu ki, bütün təqdim olunan sənədlər mühasibatlıq sənədi kimi qəbul oluna bilər, yoxsa yox? Mən də konkret qərar vermədim. Yazdım ki, «qəbul oluna bilər». Bütün sənədlərlə bağlı bu formada yazmışam».

Daha sonra ekspertizanın keçirilməsi ilə əlaqədar prosesin qeyri-müəyyən vaxta təxirə salındığı açıqlanıb.

Xatırlatma

L.Şıxlinskaya şikayət edib işçilərini cinayət məsuliyyətinə cəlb etdirməklə yanaşı, onlardan həm də 804 min 343 manat pul tələb edir. Xalq artistinin nümayəndəsi məhkəmənin əvvəlində belə bir mülki iddia qaldırıb.

Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan yeddi nəfər – Şəhla Abbasova (baş mühasib), Polad Əliyev (baş mühasibin müavini), Səkinə Qasımova (mühasib), Aytən Hüseynova (kassir), Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva Yelena Abdullayeva CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham olunurlar.

Şıxlinskaya keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri az göstərməkdə, gəlirləri mənimsəməkdə suçlayır.

Təqsirləndirilən əməkdaşlar isə deyirlər ki, Şıxlinskaya özü gəlirlərin az göstərilməsi, işçilərin maaşının rəsmi sənədlərdə faktiki verildiyindən dəfələrlə aşağı yazılması haqda göstəriş vermişdi. Məqsəd isə daha az vergi ödəmək idi.

Bu əməkdaşların işi üzrə baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedəndə vergidən yayınma halları aşkarlanıb. Bununla əlaqədar daha bir cinayət işi ayrılaraq, araşdırılması üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Orada söhbət milyonlarla manatlıq yayınmadan gedir.

Şıxlinskaya da rəhbərlik etdiyi klinikaya qarşı vergidən yayınma ittihamı ilə cinayət işi başlandığını təsdiqləyib. Amma deyib ki, maliyyə məsələlərinə cavabdeh şəxs özü deyil.

Multimedia

XS
SM
MD
LG