Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 08:26

Həbsdəki jurnalisti tibb məntəqəsinə yerləşdiriblər


Ə.Orucov

«Kanal 13» internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun səhhətində yaranmış problemlər üzündən tibb məntəqəsinə köçürüldüyü deyilir.

Bunu jurnalistin vəkillərindən Bəhruz Bayramov bildirib. Vəkil bu gün, aprelin 4-ü jurnalistin saxlandığı 14 Saylı Cəzaçəkmə Müəssisəsində onunla görüşüb.

Vəkilin deməsinə görə, jurnalistin sağlıq durumu yaxşı deyil.

«Müəssisənin tibb məntəqəsinə köçürüblər. Hazırda həkim nəzarətindədir, müalicə edirlər. Deyir ki, ürəyində ağrıları var. Öskürür, hərarəti də var. Danışmaqda, hərəkət etməkdə çətinlik çəkir. Böyrək çatışmamazlığından da əziyyət çəkir», - vəkil bildirib.

B.Bayramovun sözlərinə görə, sabah, aprelin 5-də Ali Məhkəmədə Ə.Orucovun kasasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq. Ancaq prosesdə Ə.Orucovun iştirakı gözlənilmir. Vəkil deyib ki, jurnalistin məhkəməyə gətirilməsindən ötrü o, əvvəlcə Kürdəxanıdakı İstintaq Təcridxanasına köçürülməli idi. Ancaq o, hazırda tibb məntəqəsində müalicə alır.

Həbsdəki jurnalistin həyat yoldaşı Lamiyə Orucova dünən, aprelin 3-də Ə.Orucovun sağlıq durumunun qaydasında olmadığını açıqlamışdı. Əlaqəli qurumlar onun açıqlamasını şərh etməmişdilər. Ancaq bundan əvvəl, martın 30-da Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna demişdi ki, Ə.Orucov saxlandığı müəssisənin tibb-sanitariya hissəsindəki həkimə müraciət edib: «Ürəyindən narahat olduğunu deyib və kardioqrama çıxarılmasını istəyib. Ürəyinin kardioqraması çıxarılıb və heç bir problem aşkarlanmayıb».

Xatırlatma

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Ə.Orucov ittihamların saxta, özünün də təqsirsiz olduğunu deyir.

Jurnalistin Almaniyada mühacir həyatı yaşayan qardaşı Anar Orucov deyir ki, onun tənqidçi fəaliyyətinə görə Ə.Orucovu cəzalandırıblar. Ancaq rəsmilər ölkədə insanların qohumlarına və ya peşə fəaliyyətinə görə cəzalandırılmadığını, bütün fundamental azadlıqların qorunduğunu iddia edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG