Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:17

Suriyanın gələcəyini cızan “mənfəət alyansı”


(sağdan sola) Recep Tayyip Erdogan, Vladimir Putin və Hassan Rohani Soçi görüşündə, 22 noyabr, 2017-ci il
(sağdan sola) Recep Tayyip Erdogan, Vladimir Putin və Hassan Rohani Soçi görüşündə, 22 noyabr, 2017-ci il

Suriyada yeddi ildir gedən vətəndaş müharibəsinin əsas oyunçuları bir masa arxasında onun gələcəyini cızırlar. Ancaq Birləşmiş Ştatlarsız.

Aprelin 4-də Rusiya, Türkiyə və İran prezidentləri – Vladimir Putin, Recep Tayyip Erdogan və Hassan Rohani Ankarada yüksək səviyyəli görüş keçirir. AzadlıqRadiosu-nun müxbiri Mike Eckel yazır ki, problem bu üç ölkənin indiyədək Suriyada və bütün regionda bir-birinə zidd maraqlar sərgiləməsidir. Bu səbəbdən, bir çox təcrübəli müşahidəçilərin və ekspertlərin fikrincə, bu toplantının substantiv siyasət qərarlarıyla deyil, özünüreklamla sonuclanacağı mümkündür.

*** Buna da bax: Trump Suriyayla bağlı “cəld” qərar vermək istəyir

Onların nəyə razılaşa biləcəyi mənə aydın deyil. Məncə, təəssürat yaratmaq onlardan ötrü yetərlidir”, – Virciniyadakı George Mason Universitetinin Yaxın Şərq üzrə tədqiqatçısı Mark Katz deyib.

Məsələ ondadır ki, Tehran həmişə prezident Bashar al-Assad-ı dəstəkləyib və onun əsas bazası sayılan şiə ələviləri NATO-nun müttəfiqi Türkiyəyə qarşı barışmaz mövqe tutur.

Moskva İranı iqtisadi baxımdan dəstəkləyir və Suriyanın da yaxın müttəfiqidir.

Türkiyə Assad-a qarşıdır və əsrlər boyunca Rusiyayla savaşıb.

Ta başlanğıcdan, Moskva, Ankara və Tehran arasındakı bu üçbucaqlı alyans mənfəət alyansı olub. Onların bir-birinə zidd maraqlı olduğundan, bu, çox qeyri-ənənəvi görünür”, – Avropa Birliyinin Türkiyə, Suriya, Liviya və Tunisdəki keçmiş səfiri Marc Pierini belə düşünür.

Və Suriyada böyük oyunçulardan biri, Yaxın Şərq siyasətində dominant qüvvə sayılan Vaşinqtondur ki, yuxarıda sözükeçən üç ölkənin hamısının onunla ziddiyyətləri var.

ORTAQ MƏXRƏC

İran ABŞ-ın onillərdir düşmənidir, Donald Trump prezidentliyə keçəndən qarşılıqlı ritorika daha da kəskinləşib. Türkiyə NATO üzvü olsa da Vaşinqtonla münasibətləri gərgindir, özəlliklə də ABŞ-ın Suriyadakı kürd yaraqlıları dəstəkləməsi üzündən. Rusiya da ABŞ-a geosiyasi rəqib kimi baxır.

*** Buna da bax: Türkiyəylə Rusiya aranı düzəldirlər

Di gəl, hər üç ölkənin Suriyada Birləşmiş Ştatlara müəyyən dərəcədə ehtiyacı var, məsələn, İsrailin Suriya hökumət qüvvələrinə, yaxud İran yaraqlılarına qarşı aqressiv əməliyyatlarının önlənməsində. Yaxud Suriyanın bərpasının təşkili və maliyyələşdirilməsi də Vaşinqtonsuz çətindir.

İndilik elə görünür ki, qərar verən onlardır və bu, Birləşmiş Ştatların iştirakı olmadan baş verir. Bu, onların xoşuna gəlir, ABŞ-dan müstəqil şəkildə siyasət yürüdürlər, onların əsas ortaq məxrəci budur”, – Katz deyib.

Bir məsələ də var ki, bu ölkələrin hər birinin azı bir tərəfdaşla bağlı planları mövcuddur: Türkiyə İranı məsafədə saxlamaq, həm də Assad-ın getməsini istəyir; Rusiya Türkiyəylə əlaqələri sıxlaşdırmağa çalışır, həm də Suriya ona Tartusdakı bazaya görə lazımdır; İran Livandakı Hizballah qruplaşmasına təchizat xətlərini əlində saxlamağı, həm də Türkiyənin İraqa girməsini önləməyi hədəfləyir.

QƏRBƏ RİSK

Əlbəttə ki, heç biri ağlındakını digərinə söyləməyəcək. Bu toplantının nəticələri olacaq, amma ortaya xeyli ziddiyyət də çıxacaq”, – Vaşinqton İnstitutunun Yaxın Şərq siyasəti üzrə tədqiqat direktoru Patrick Clawson deyir.

Müəllif Qazaxıstanın paytaxtı Astanada keçirilən danışıqlardan sonra Suriyada hərbi əməliyyatların səngimədiyini yazır. Bu arada Suriya hökuməti müxalifət qüvvələrinə qarşı kimyəvi silahdan istifadəni davam etdirib.

*** Buna da bax: Sonuncu üsyançı qrup da Qutadan çıxır

Qərbdə heç kəs Astana prosesinin davamlı nəticə verəcəyinə inanmır. Sülh danışıqları yenə də Cenevrəyə, BMT masasına qayıdacaq. Danışıqların faydalı olması üçün ABŞ tərəfdən, ABŞ-Avropa perspektivindən möhkəm mövqe lazımdır”, – Karnegi Avropa fondunda çalışan Pierini deyib.

Qərbə real risk ondan ibarətdir ki... həm İran, həm də Rusiya Türkiyəyə əməliyyatlarını Suriyanın şərqinə, Fərat çayına, Dəclə çayına doğru genişləndirməyə yaşıl işıq yandıra bilərlər”, – Pierini söyləyib. Həmin ərazilərdə Britaniya, Fransa hərbçiləri, kürd yaraqlıları ilə yanaşı 2 min ABŞ hərbçisi var.

Bu zaman durum xeyli mürəkkəbləşər”, – təhlilçi sözlərinə əlavə edib.

RUSİYANIN STRATEGİYASI

Rusiyaya gəlincə, onun Suriyadakı fəaliyyəti Birləşmiş Ştatlara qarşı dayanmaq strategiyasının bir hissəsidir. Rusiyalı veteran təhlilçi Olga Oliker belə düşünür. Di gəl, bunun Moskva üçün riskləri də yox deyil.

Rusiyanın yanaşması belə görünürdü: Suriyada Birləşmiş Ştatlara qarşı dayan, sonra sövdələşmə əldə et və sonra məsuliyyət paylaşılsın... Ancaq indi Rusiya elə bir modellə üzləşib ki,... Birləşmiş Ştatlar aradan çıxır və Rusiya məsuliyyəti üzərinə götürməli olur... Rusiya indi oyunun sonunu düşünməlidir, Birləşmiş Ştatlar burada müəyyən qədər oyunpozan rolundadır”, – təhlilçi deyib.

Ankara görüşü Birləşmiş Ştatların regionla məşğul olmaması sonucunda yaranmış boşluğa daxil olmasının göstəricidir. Bunu isə ABŞ-da mənzillənən Xarici Əlaqələr Şurasının eksperti Steven Cook bildirir.

Rusiyalılar Suriyada siyasi qətiyyət sərgilədilər. Bu, məsələn, Rusiya iqtisadiyyatının həcmindən vacib məsəlidir. Rusiyalılar buradan getmirlər, Qərbi zəiflətmək strategiyaları var və bu da Yaxın Şərqdən başlayır”, – təhlilçi yazır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG