Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Türkiyəylə Rusiya aranı düzəldirlər


Vladimir Putin (solda) və Recep Tayyip Erdogan
Vladimir Putin (solda) və Recep Tayyip Erdogan

Bu gün – aprelin 3-də Rusiya və Türkiyə liderləri Türkiyədə ilk nüvə enerjisi zavodunun təməlini qoyacaq. Vladimir Putin martın 18-də təkrar prezident seçiləndən sonra ilk xarici səfərini Türkiyəyə edir. O, həmkarı Recep Tayyip Erdogan-la birlikdə Rusiyanın Aralıq dənizi sahilində tikdiyi Akkuyu nüvə zavodunun təməlqoyma mərasiminə videoəlaqəylə qatılacaqlar.

Sabah isə İran prezidenti Hassan Rouhani da onlara qoşulacaq, birlikdə Suriya münaqişəsini götür-qoy edəcəklər. Bu üç ölkə Suriya sülh danışıqlarına sponsorluq edir.

“MƏSƏLƏLƏRİ YOLUNA QOYA BİLİBLƏR”

“The Associated Press” agentliyi yazır ki, hər iki ölkənin Qərblə münasibətlərinin pisləşdiyi bir arada Moskvayla Ankara bir-birinə yan almaqdadır. Belə ki, Rusiya Britaniyada keçmiş casusun zəhərləməsinə görə böyük diplomatik qalmaqal yaşayır. Türkiyə ilə Qərb arasında insan haqlarının durumunun pisləşməsi, Suriyada kürd yaraqlılarına qarşı hərbi əməliyyatdan dolayı ziddiyyətlər var.

Ankarayla Moskva iqtisadi əlaqələri gücləndirmək məqsədiylə regional məsələlərlə bağlı rəqabət və ziddiyyətləri bir kənara qoyublar. Onlar dekabrda Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasına dair razılaşmanı yekunlaşdırıblar. İki ölkə Rusiya qazını Türkiyəyə nəql edəcək “Türk axını” kəmərini də inşa edirlər.

İki il öncəyə baxanda Türkiyə-Rusiya münasibətləri yaxşı dönəmdən keçir. Onlar birlikdə işləyirlər, məsələləri yoluna qoya biliblər”, – İstanbul Kadir Has Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Mitat Celikpala agentliyə deyib. O, Kipr adasının bölünməsi, Rusiyanın 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq etməsiylə bağlı tərəflərin fərqli mövqe tutmasını yada salır.

Bütün bu məsələləri kənara qoysaz, ortadakı maraqların həlli üçün yaxşı tərəfdaşdırlar”, – professor söyləyib.

AB-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ SINAQDAN KEÇİR

Bu arada Avropa Birliyi ilə Türkiyənin münasibətləri keşməkeşli dönəmdədir. Türkiyənin AB-yə üzvlük danışıqları dayandırılıb. AB ölkələrindən çoxu Türkiyənin hökumətinin insan haqları, azadlıqlarla bağlı tutduğu mövqeni tənqid edir. Onlar özəlliklə, 2016-cı ilin uğursuz çevriliş cəhdindən sonra Ankaranın avtoritar idarəçiliyi artırdığını bildirirlər.

Türkiyə isə AB ölkələrini kürd yaraqlıları, eləcə də 2016-cı il çevriliş cəhdinin arxasında duranları dəstəkləməkdə suçlayır.

Türkiyə ötən həftə bildirib ki, Rusiya diplomatlarının qovulmasıyla bağlı NATO və AB müttəfiqlərinin yoluyla getməyəcək. Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsinə görə Moskva Rusiyanı suçlayıb və bundan sonra 20-dən çox ölkə üst-üstə 150 rusiyalı diplomatı qovub. Rusiya da buna eyni sayda diplomatları qovmaqla cavab verib.

Rusiya, Türkiyə və İran Suriyada neytral zonaların yaradılması üçün də birlikdə işləyirlər. Baxmayaraq ki, Suriyadakı münaqişədə Rusiya Bashar Assad hökumətini, Türkiyə isə üsyançıları dəstəkləyir.

XS
SM
MD
LG