Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 07:46

Prezident ATƏT-in seçki missiyasının rəhbərini qəbul edib


İ.Əliyev səs verir

Azərbaycan prezidenti İlham Əliyev bu gün, martın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İ.Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına, Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.

Dünən, martın 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının aralıq hesabatı yayılıb.

Hesabatda bildirilir ki, seçki komissiyalarının tərkibi parlamentdəki siyasi qüvvələrin sayına əsasən təşkil olunub. Missiya görüşdüyü müsahiblərə istinadla vurğulayıb ki, bunun seçki administrasiyasının müstəqilliyini və qərəzsizliyini məhdudlaşdıra biləcəyi ilə bağlı fikir var.

«Seçki komissiyaları yaxşı təmin olunmuş və peşəkar təəssürat bağışlayır. Ölkədə 5.2 milyona yaxın qeydiyyata alınmış seçici var. Seçici siyahıları onlayn mövcuddur və həmçinin, ictimai baxış üçün sərgilənib. Seçki rəsmiləri göstərilmiş səylər nəticəsində dəqiq seçici siyahılarının hazırlandığını bildiriblər. Ancaq digər müsahiblər qeydiyyata alınmış seçicilərin sayı ilə səsvermə yaşında olan vətəndaşların sayı arasında böyük ziddiyyət olduğunu qeyd ediblər», - sənəddə vurğulanır.

Azərbaycanda keçirilmiş son seçkiləri (2015-ci il parlament seçkiləri) DTİHB müşahidə etməmişdi. O vaxt buna səbəb kimi müşahidəçilərin sayı ilə bağlı razılıq əldə edilməməsi göstərilmişdi. Azərbaycan hökumətinin təmsilçiləri müşahidəçilərin sayının çox olduğunu deyərək, onların azaldılmasını istəyirdi.

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı isə belə problem meydana çıxmayıb.

Seçki dövründə Azərbaycanda ATƏT-in uzunmüddətli və qısamüddətli seçki müşahidə missiyaları fəaliyyət göstərəcək.

Uzunmüddətli missiya 30 müşahidəçidən, 10 ekspertdən ibarət əsas heyətdən və regionlarda fəaliyyət göstərəcək 20 müşahidəçidən ibarətdir. Həmin müşahidəçilər martın 15-dən fəaliyyətə başlayıblar.

Bundan başqa, prezident seçkilərini 280 qısamüddətli müşahidəçi də izləməlidir.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, azad və ədalətli seçkilərə şərait yoxdur.

Ancaq Mərkəzi Seçkilər Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

Multimedia

XS
SM
MD
LG