Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Oktyabr, bazar, Bakı vaxtı 18:04

Azərbaycan xəbərləri

FHN və Sərhəd Xidmətində çalışanların da maaşı artdı

Arxiv fotosu

Fövqəladə Hallar Nazirliyində (FHN) və Dövlət Sərhəd Xidmətində (DSX) çalışanların maaşları artırılıb.

Prezident İlham Əliyev bu gün, martın 7-də bununla bağlı iki sərəncam imzalayıb

Sərəncamlardan biri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşlarının artırılması haqqındadır. Həmin sərəncamla qeyd olunan şəxslərin aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılır.

Başqa bir sərəncam isə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşlarının artırılmasını nəzərdə tutur.

Buna da bax: Azərbaycanda maaş, təqaüd və müavinətlər adətən nə zaman artır? [video]

Onların aylıq vəzifə maaşları da martın 1-dən 10 faiz artırılıb.

Xatırlatma

Son bir neçə həftə ərzində Azərbaycanda bəzi təqaüd, müavinət və əmək haqları artırılıb. Bu, ölkə başçısının fərman və sərəncamları ilə mümkün olub.

Maaşlar, müavinətlər 10, təqaüdlər isə 10 faizdən 70 faiz arasında artırılıb.

Bəzi ekspertlər, eləcə də müxalif siyasi qüvvə təmsilçiləri ölkə başçısının son sərəncam və fərmanlarının gec verildiyini düşünürlər. Onlar əmək haqlarının artırılmasını təqdir edirlər. Ancaq qeyd edirlər ki, ölkə başçısının növbədənkənar prezident seçkiləri öncəsində belə qərarlar verməsi həm də seçkidə səslərin əldə edilməsinə yönəlib.

Ancaq hakimiyyət tərəfdarları da deyirlər ki, belə addımlar, bir qayda olaraq, davamlı atılır. Üstəlik, bu fərman və sərəncamlar qanunvericiliklə ziddiyyət təşkil etmir.

Bütün xəbərləri izləyin

Gəncədə anım yürüşü keçirilib

Gəncə şəhəri, Qarabağ müharibəsi dövründə Ermənistan tərəfdən atılan raketlərin dağıtdığı ərazi

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasının ildönümü ilə bağlı şəhərdə yürüş keçirilib.

Bu barədə AZƏRTAC məlumat yayıb. Məlumata görə, anım aksiyası Gənclər Fondu və Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirililib. Aksiyada 44 günlük müharibə dövründə və atəşkəs dönəmində erməni silahlı biləşmələrinin açdığı atəşlər nəticəsində həyatını itirən insanlar yad edilib.

Rəsmi məlumata görə, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan ərazisindən Gəncə şəhərinə raketlər atılıb. Şəhərin Aida İmanquliyeva (keçmiş Muxtar Hacıyev küçəsi) və Samir Xasıyev küçələrinə düşən raket zərbələri nəticəsində 15 dinc sakin həlak olub, 55-dən çox insan yaralanıb.

Həmin küçələrdə yerləşən 15 fərdi yaşayış evi dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib. Həlak olan və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar olub.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada onlar yenidən üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Hökumətə tapşırıq: sosial müavinət, əməkhaqqı və təqaüdlərin artırılması təklifləri hazırlansın

İlham Əliyev, Bakı, 18 iyul 2021

Prezident İlham Əliyev, əməkhaqqı, təqaüd və sosial yardımların artırılması ilə bağlı Nazirlər Kabinetinə təkliflər hazırlamağı tapşırıb.

Belə bir tapşırıq Prezidentin oktyabrın 16-da „Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında“ verdiyi sərəncam yer alıb.

Bu barədə prezidentin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Sərəncamda ölkə əhalisinin rifahın yaxşılaşdırılmasının aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən olduğu bildirilir. Qeyd olunur ki, bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilib, müavinət və təqaüdlərin məbləği orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının 92%, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50% artırılması təmin edilib.

„Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39%, əmək pensiyalarının orta məbləğində 60%, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunmuşdur.“

Sənəddə vurğulanır ki, 2021-ci ildə ölkə COVID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıdıb.

„Bununla yanaşı qeyd olunmalıdır ki, dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaratmışdır“.

Sərəmcanda vurğulandığına görə, bu vəziyyət ölkəyə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir.

Sərəncamda bunun beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi daşıdığı vurğulanır.

Nazirlər Kabinetinə tapşırılır ki: „Əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin“ deyə sərəncamda qeyd olunur.

Britaniyada 700 milyon dollarlıq əmlak prezident ailəsinə məxsusdur
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Azərbaycan Ermənistan kəndinə atəş açmadığını bildirir

Nazirliyin Twitter hesabından yazılan postda bildirilir ki, Ermənistan tərəfinin yaydığı bu məlumat həqiqətə uyğun deyildir

Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 15-də Azərbaycan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə erməni tərəfinin verdiyi məlumatı təkzib edib.

Nazirliyin Twitter hesabından yazılan postda bildirilir ki, Ermənistan tərəfinin yaydığı bu məlumat həqiqətə uyğun deyildir.

Bundan əvvəl AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun Ermənistan Müdafiə Nazirliyinin məlumatına əsasən yazırdı ki, Azərbaycan silahlı qüvvələri oktyabrın 15-də yerli vaxtla gündüz saat 15:00-da Ermənistanın Ararat vilayətindəki Yerasx (Arazdəyən-red) kəndi və bu ərazidəki erməni mövqeləri istiqamətində atəş açıb.

Bu da bildirilirdi ki, atəş nəticəsində sakinlərdən birinin tövləsi və ot bağlamaları yanıb.

Məlumatda deyilirdi ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri və mülki əhali arasında tələfat olmayıb.

1850 yeni yoluxma aşkarlanıb, 14 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 min 850 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 735 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan oktyabrın 15-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 14 nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 498 min 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 min 964-ü sağalıb, 6 min 734-ü vəfat edib, aktiv xəstə sayı 14 min 932-yə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Respublika Günü Müstəqillik Günü oldu

Azərbaycan bayrağı

Bu gün, oktyabrın 15-də Milli Məclisdə "Müstəqillik Günü haqqında" qanun layihəsi üçüncü (sonuncu) oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunur.

Layihə üçüncü oxunuşdan da keçib.

İndiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

1918-ci il mayın 28-də iki il ömür sürən Azərbaycan Cümhuriyyəti yaranıb. 1991-ci il oktyabrın 18-də isə Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilib. Orada yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir. AXC devriləndən sonra Azərbaycan SSRİ-nin tərkibində olub.

Bu layihə ilə bağlı məlumatlar yerli saytlarda yayıldıqdan sonra bəzi sosial şəbəkə istifadəçiləri və müxalifət öz narazılıqlarını bildiriblər. Onlar, əsasən, Respublika Gününün adının dəyişdirilməsini tənqid ediblər. Hətta bəzi narazılar "əlvida Respublika" kimi ifadələr də işlədiblər. Onlar hesab edirlər ki, hazırkı hakimiyyət reallıqda, respublika dəyərləri kimi, onun adından da imtina etməkdədirlər.

İnvestisiya qoyuluşu azalıb

Manat

Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 9 milyard 560.2 milyon manat vəsait yönəlib.

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.7 faiz azdır.

DSK bildirib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9.7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 8 faiz azalıb.

Qiymətlər nə qədər qalxıb

Komitədən vurğulandığına görə, hesabat dövründə istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 5.2 faiz bahalaşıb. Bunun ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 6, qeyri-ərzaq məhsulları üzrə 4.4, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 4.6 faiz təşkil etdiyi açıqlanıb.

Sentyabrda bahalaşmanın əvvəlik aya nisbətən 1.8, əvvəlki ilin sentyabr ayı ilə müqayisədə isə 8.5 faiz təşkil etdiyi vurğulanıb.

Amma Azərbaycanda müstəqil iqtisadçılar hesabat dövründə inflyasiyanın ikirəqəmli olduğunu düşünürlər. Onların fikrincə, rəsmi məlumat reallıqdan çox uzaqdır.

ÜDM 4.8 faiz artıb

DSK-nın bu gün, oktyabrın 15-də yaydığı açıqlamada habelə bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 62 milyard 877.4 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bunun da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.8 faiz çox olduğu qeyd edilir.

"İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.4 faiz, qeyri neft-qaz sektorunda isə 6.2 faiz artmışdır", - açıqlamada deyilir.

PUA ələ keçirilib - MN

PUA

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, bu gün, oktyabrın 14-də pilotsuz uçuş aparatı (PUA) ələ keçiriblər.

Nazirliyin bildirməsinə görə, olay Füzuli rayonu istiqamətində baş verib: "Kəşfiyyat məqsədilə Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrokopter aşkar edilərək ələ keçirilib".

Məsələyə, hələlik, qarşı tərəfin münasibəti bəlli deyil.

AMN oktyabrın 13-də isə bildirmişdi ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonuna hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı atəşə tutulub. Olayda ölən və yaralananın olmadığı bildirilirdi.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycan 25 min avro təzminat ödəyə bilər

Avropa Məhkəməsi

Oktyabrın 14-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı yeni qərarını açıqlayıb. Bu qərarla hökumət 25 min avroya yaxın təzminat ödəməlidir.

Bu barədə AzadlıqRadiosuna danışan hüquqşünas Xalid Ağalıyevin sözlərinə görə, bu işdə birinci ərizəçi Demokratiya və İnsan Haqları Resurs Mərkəzi, digəri isə təşkilatın rəhbəri Əsabəli Mustafayev idi: "İş 2014-cü ildə maliyyə pozuntuları əsası ilə qeyri-hökumət təşkilatlarına (QHT) açılan cinayət işinin araşdırması çərçivəsində məhkəmə qərarlarından verilmiş şikayətlərlə bağlı idi. Hər iki ərizəçi bank hesablarının dondurulması kontekstində mülkiyyət və səmərəli müdafiə vasitələrinə malik olmaq hüquqlarına müdaxilədən şikayət etmişdi. Ölkədən çıxışı məhdudlaşdırılan Ə.Mustafayev həm də hərəkət azadlığı hüququna müdaxilədən şikayətçi olmuşdu".

AİHM hesab edib ki, ərizəçilərə münasibətdə mülkiyyət, səmərəli müdafiə vasitələrinə malik olmaq və hərəkət azadlığı hüquqları pozulub. "AİHM həmçinin qərar verdi ki, hərəkət azadlığı və mülkiyyət hüququ ilə birgə götürülməklə, ərizəçilərin Konvensiyanın 18-ci maddəsi (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) ilə təminat altına alınan hüquqları da pozulub", - X.Ağalıyev deyib.

3 ay ərzində hökumət qərardan şikayət verə bilər. Qərar qəti olduqdan sonra o, mənəvi zərərə görə birinci ərizəçiyə 8 min, ikinci ərizəçiyə isə 15 min avro təzminat ödəməlidir. Xərc və məsrəflərə görə də 1900 avro təzminat nəzərdə tutulur.

Hələlik, qərara Azərbaycan Məhkəmə Hüquq Şurası və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

44 günlük savaşda itkin düşəndən xəbər var

Azərbaycan artilleriyası

Bir il əvvəl İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş sayılan Azərbaycan hərbi qulluqçularından birinin cəsədinin tapıldığı bildirilir. Onun zabit İxtiyar Əliyev olduğunun müəyyən edildiyi vurğulanır.

Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, mərhumun cənazəsi bu gün, oktyabrın 14 -də ailə üzvlərinə təhvil verilməlidir.

Beləliklə, 2020-ci ilin payızında 44 günlük müharibədə itkin düşmüş sayılan Azərbaycan hərbçilərinin sayı 6-ya enib. O döyüşlər nəticəsində hərbi qulluqçuların ölüm sayı isə 2 min 908-ə yüksəlib.

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəsə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bakı iranlı sürcülərin buraxıldığını təkzib edir

Azərbaycan Dövlət Gömrük Komitəsi

Bu barədə bugün, oktyabrın 13-də Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib

Sentyabrın 15-də Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüləri Barzegar Haqi Cəfər Qəzənfər və Novruzi Şahrud Heydərin barələrində Cinayət Məcəlləsinin 206.3.2 və 318.2-ci maddələri ilə cinayət işi açılıb.

Həmin maddələrdə söhbət qaçaqmalçılıqdan və Azərbaycan dövlət sərhədinin qanunsuz keçilməsindən gedir.

Bu barədə bugün, oktyabrın 13-də Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Məlumata görə, onların İrana ekstradisiya edilməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.

Nə baş verib

Sentyabrın 12-dən Azərbaycan polisi Gorus-Qafan yolunun onların nəzarətində olan Eyvazlı hissəsində (Ermənistanın Vorotan kəndi yaxınlığında) İran nömrəli yük maşınlarını dayandırmağa, sənədlərini yoxlamağa başlayıb.

Azərbaycan Dövlət Gömrük Komitəsi İran maşınlarından rüsum alınmasının ölkə qanunvericiliyinə uyğun olduğunu bildirib.

İki sürücünün saxlanması isə onların Azərbaycan ərazisinə qanunsuz yollarla girməsilə izah olunub.

İran Xarici İşlər Nazirliyindən qonşu ölkələrin ərazi bütövlüyünün Tehran üçün prioritet olduğu vurğulanmışdı. Amma sonradan bu ölkə rəsmiləri sürücülərin dərhal buraxılmasını, eləcə də məsələnin həllindən ötrü rəsmi şəxslərlə görüş tələb etmişdilər.

Bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin təmsilçisi Səid Xatibzadə açıqlama vermişdi.

Gorus-Qafan yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir.

Müsavatçıya 25 sutka verilib

R.Hüseynov

Oktyabrın 13-də Müsavat Partiyasının üzvü Rövşən Hüseynova Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 25 sutka inzibati qaydada həbs verildiyi deyilir.

Musavat Partiyasından bildirildiyinə görə, o, İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilinib.

Amma deyilən bu qərarla bağlı, hələlik, məhkəmənin özü ilə danışmaq mümkün olmayıb.

***

Bundan əvvəl verilən xəbərdə oktyabrın 13-də Müsavat Partiyasının üzvü Rövşən Hüseynovu mülkigeyimli şəxslərin saxladığı bildirilirdi.

Bu barədə həmin partiyanın başqan müavini Fərəc Kərimli məlumat verib. Onun sözlərinə görə, partiya üzvü Suraxanı rayon 30-cu polis bölməsinə aparılıb: "Saat 15:30 radələrində Rövşən Hüseynov küçədən polisə aparılıb. Saxlanmazdan əvvəl telefonuna zəng gəlib. Telefonu evdə olduğu üçün yoldaşı açıb telefonu. Ondan tələb ediblər ki, telefonu gətirib polis bölməsinə təhvil versinlər".

Partiya yoldaşları deyilən olayı onun siyasi fəaliyyəti ilə əlaqələndirirlər.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma bu nazirlikdən, bir qayda olaraq, vurğulanır ki, ölkədə heç kim dinc siyasi fəaliyyətinə görə təqib edilmir.

Nazir Minskə gedib

C.Bayramov

Bu gün, oktyabrın 13-də Azərbaycan xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB XİNŞ-in növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

MDB 1991-ci ildə SSRİ-nin dağılmasından sonra yaradılıb. Baltikyanı respublikalar və Gürcüstandan başqa keçmiş SSRİ-nin qalan müttəfiq respublikaları orada təmsil edilir.

5 nəfər ölüb, 17 nəfər xəstəxanadadır

Yük avtomobili sərnişin avtobusuna çırpılıb

Oktyabrın 13-də səhər saatlarında Bakı şəhərində baş verən ağır yol qəzası ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, saat 6:40 radələrində Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Mahmud Əzizov "Mercedes" markalı yük avtomobili ilə Tahir Abdullayevin "Daewoo" markalı sərnişin avtobusunu vurub.

Qəza nəticəsində yol kənarında dayanan dörd nəfərin və avtobusun bir sərnişinin həlak olduğu bildirilir. Nazirliyin açıqlamasına görə, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib: "Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir".

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb: "Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib".

Rəsmi açıqlamaya, hələlik, həmin sürücü və onun vəkilinin münasibətini almaq mümkün olmayıb.

+++

Bu gün, oktyabrın 13-ü səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan "Mercedes" markalı yük avtomobili 171 nömrəli sərnişin avtobusuna çırpılıb.

İlkin iddiaya görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Yük avtomobilinin ona çırpılması nəticəsində avtobusun da aşdığı bildirilir.

Verilən məlumata görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 13 nəfərin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı cinayət işi açılıb. Amma, hələlik, ilkin açıqlamalara tərəflərin münasibətini almaq mümkün olmayıb.

Azərbaycan və İran nazirləri danışıb

Ceyhun Bayramov/Hüseyn Əmir Abdullahian

Dünən, oktyabrın 12-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian ilə telefonla danışıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, nazirlər iki ölkə arasındakı münasibətlərin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar: "Tərəflər son zamanlar ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun olmayan ritorikanın zərərli olduğunu və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər".

Açıqlamaya görə, nazirlər ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətin hər zaman rəhbər tutulmasının vacibliyini də vurğulayıblar: "Azərbaycan Respublikası vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə gəlinib".

İran yeni Gorus-Qafan yolunun tikintisində Ermənistana kömək edir
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Xatırlatma

Son aylar Azərbaycan və İran arasında narazılıqlar müşahidə edilirdi. Azərbaycan rəsmiləri bəyan edirdilər ki, İrana məxsus yük maşınları onların nəzarətində olmayan ərazilərinə qanunsuz yük daşıyır. Habelə, prezident İlham Əliyev İranın bu yaxınlarda Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimi də çox təəccüblü bir məsələ kimi dəyərləndirmişdi. Amma İran rəsmiləri də qeyd ediblər ki, öz ərazilərində hərbi təlim keçirmək onların suveren hüququdur. İran rəsmilərinin açıqlamasına görə, üçüncü qüvvələr Azərbaycan-İran münasibətlərinin korlanmasında təhrikedici rol oynayır.

Azərbaycan prezidenti isə son çıxışlarının birində deyib ki, "heç kim bizim işimizə burnunu soxmasın".

Daha sonra İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejadın Bakıdakı ofisi və Hüseyniyyə məscidinin fəaliyyəti dayandırılıb. Daxili İşlər Nazirliyi buna səbəb kimi koronavirus infeksiyası göstərilib. Məsələyə İranın Azərbaycandakı səfirliyi və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.

Müdafiə naziri NATO nümayəndəsi ilə görüşüb

Görüş

Oktyabrın 12-də Azərbaycan Müdafiə naziri Zakir Həsənov NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən və bu sahədə əldə edilmiş müsbət nəticələrdən məmnunluğunu bildirərək qarşılıqlı əlaqələrin daha da inkişafının vacibliyini diqqətə çatdırıb: "Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb".

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən bir il sonra NATO ilə əməkdaşlıq etməyə başlayıb. Bura sülhməramlı missiyalarda iştirak və başqa məsələlər daxildir. Amma son illər ölkə rəsmiləri açıqca vurğulayırlar ki, Azərbaycanın bu quruma üzv olması prioritet olaraq qarşıya qoyulmayib. Müxalifət bunu hökumətin gerçək islahatlara hazır olmaması və Rusiyadan ehtiyatlanması ilə izah edir. Rəsmilər isə belə dəyərləndirmə ilə razılaşmayaraq Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduğunu vurğulayırlar.

Keçmiş başçının həbsi uzandı

N.Zeynalov

Səbail Rayon Məhkəməsinin qərarı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Namiq Zeynalovun həbs müddəti 3 ay da uzadılıb.

Oktyabrın 12-də məhkəmə istintaq orqanın bununla bağlı təqdimatını təmin edib.

N.Zeynalovu ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları iş yerində saxlamışdı. Ona Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə və ya israf etmə - təkrar törədildikdə), 179.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma) və başqa maddələrlə ittiham irəli sürülüb.

Keçmiş başçıdan və onun vəkilindən, hələlik, bu ittihamlara münasibət almaq mümkün olmayıb.

Azərbaycanla Serbiya arasında viza ləğv edilir

Pasport

Dünən, oktyabrın 11-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Belqradda Serbiya Xarici İşlər naziri Nikola Selakoviç ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş Qoşulmama Hərəkatının Serbiya paytaxtı Belqradda keçirilən 60 illik yubiley tədbiri çərçivəsində gerçəkləşib.

Açıqlamaya görə, görüşün sonunda nazirlər bir saziş və iki anlaşma memorandumu imzalayıblar. Onlardan birincisi "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş" adlanır.

Memorandumlar isə siyasi məsləhətləşmələr və konsulluq sahəsində əməkdaşlıqdan bəhs edir.

"Eyni gündə Azərbaycan Müdafiə Sənayesi naziri Mədət Quliyev və Serbiya Müdafiə naziri Neboyşa Stefanoviç arasında… hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb", - məlumatda yazılıb.

Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb. Forum oktyabrın 12-də başa çatacaq.

Azərbaycan da daxil olmaqla, bu quruma dünyanın 120 ölkəsi daxildir.

Nazirliyin adı yenə dəyişdi

İ.Əliyev

Prezident İlham Əliyev bu gün, oktyabrın 11-də Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adını dəyişib. Fərmanla o, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılacaq.

Sənəd Azərbaycanda rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi niyyəti ilə izah edilir.

Fərmanla nazirliyin tabeliyində bəzi publik hüquqi şəxslər (bir neçəsi birləşməklə) də yaradılacaq.

Bu nazirliyin adı bir neçə dəfə dəyişib.

Xatırlatma

Prezident İ.Əliyevin 2004-cü il fevralın 20-də imzalanmış sərəncamı ilə Rabitə Nazirliyi ləğv edilərək onun əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb. 2014-cü il martın 7-də də onun əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. 4 il əvvəl, fevralın 13-də isə Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilib. Vahid qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlandırılıb.

Bəzi müstəqil ekspertlər də hesab edirlər ki, dəyişən yalnız adlardır. Hərçənd, qurumun rəsmiləri belə fikirlərlə razı deyillər.

'Müstəqillik Günü haqqında' layihə I oxunuşdan keçdi

Milli Məclis

Oktyabrın 11-də Milli Məclisdə müzakirəyə çıxarılan "Müstəqillik Günü haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Milli Məclisdən verilən məlumata görə, layihədə Respublika Gününün (mayın 28-i) adının dəyişdirilərək Müstəqillik Günü, Dövlət Müstəqilliyi Gününün (oktyabrın 18-i) isə Müstəqilliyin Bərpası Günü elan edilməsi təklif olunur.

Sabah, oktyabrın 12-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında bu qanun layihəsi II oxunuşda müzakirə edilməlidir.

Xatırlatma

1918-ci il mayın 28-də iki il ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. 1991-ci il oktyabrın 18-də isə Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilib. Sənəddə yazılıb ki, Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir.

1918-1991-ci illər arasında Azərbaycan SSRİ-nin tərkibində olub.

Bu layihə cəmiyyətdə müxtəlif insanların, xüsusilə müxalifətin narazılığı ilə qarşılanıb. Onlar, əsasən, Respublika Gününün adının dəyişdirilməsini tənqid edirlər.

Azərbaycan Xəzərdə təlim keçirir

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təliminin gedişatı ilə tanış olub. 11 oktyabr 2021

Bu gün, oktyabrın 11-də Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumata görə, hərbi gəmilərin, xüsusi təyinatlıların iştirakı ilə keçirilən təlimdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.

Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

Azərbaycandan başqa, Rusiya, İran, Türkmənistan və Qazaxıstan Xəzər sahili ölkələrdir.

Müsavatçılarla polis arasında gərginlik…

Novxanıda polis

Oktyabrın 11-də Müsavat Partiyasının üzvləri Bakının Novxanı qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət ediblər.

Bu gün, oktyabrın 11-də Müsavat Partiyasının yaranmasının 110 ili tamam olur. Müsavatçıların bildirməsinə görə, onlar tədbir zamanı çətinliklərlə üzləşiblər. Onların deməsinə görə, ziyarət zamanı ərazidə olan polis əməkdaşları tədbir iştirakçılarına tibbi maskadan istifadəni və 10 nəfərlik qruplarla hərəkət etməyin gərəkliyini bildirib. Partiyanın başqanı Arif Hacılı da bildirib ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahının qərarına əsasən, açıq havada maskadan istifadə məcburi xarakter daşımır: "Polis əməkdaşları isə tələbin qanuna uyğun olduğunu və bizə yalnız bu şərtlərlə abidəni ziyarət etməyə icazə verəcəklərini bildirdilər...".

Sonunda iştirakçılara 10 nəfərlik qruplar şəkilində abidəni ziyarət etməyə icazə verildiyi, gərginlik nəticəsində isə saxlananın olmadığı bildirilir.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Koronavirus pandemiyasi ilə bağlı ötən ilin martından Azərbaycanda karantin rejimidir.

Xatırlatma

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Onun ilk qurultayı 1917-ci il oktyabrın 26–31-də Bakıda, "İsmailiyyə" binasında keçirilib. 1918-1920-ci illər arasında mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin (M.Ə.Rəsulzadənin rəhbərliyi altında) əsas fraksiyası olub. 1920-ci ildə Azərbaycan işğal edildikdən sonra partiya bir müddət mühacirətdə fəaliyyət göstərib.

1993-cü ildə Bakıda yenidən onun bərpa edildiyi açıqlanıb.

XİN: 'Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək'

Azərbaycan-İran sərhədi

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran Xarici İşlər nazirinin Livanın "Əl-Manar" televiziya kanalına müsahibəsində ölkəsi ilə bağlı söylədiklərinə münasibət bildirib.

L.Abdullayevanın vurğulamasına görə, 44 günlük müharibə dövründə bəyan etdikləri kimi, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur: "Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb".

O qeyd edib ki, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur: "Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır".

İran yeni Gorus-Qafan yolunun tikintisində Ermənistana kömək edir
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

DSX İran generalına cavab verdi

Azərbaycan Dövlət Sərhəd Xidməti ( DSX) bu gün, oktyabrın 11-də İranın Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı Əli Qüdərziyə cavab verib.

DSX bildirir ki, son günlərdə İranın kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibəsində general-mayor Əli Qüdərzi həqiqətəuyğun olmayan açıqlamalar verib: "Rəsmi olaraq bildirir ki, Azərbaycan Respublikasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaq".

Açıqlamaya görə, xaricdən gələn təqfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələrin Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə etməsi barədə iddialar yalandır: "Ermənistan ilə dövlət sərhədində Gorus-Qafan yolunun Azərbaycan Respublikası ərazisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azərbaycan Respublikasının suveren hüququdur".

Qeyd edilir ki, hazırda İran ilə dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sərhəd-mühafizə orqanlarının tam nəzarəti altındadır.

Türkiyə İranla sərhədi beton sədlə bağladı
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Xatırlatma

Son aylar Azərbaycan və İran arasında narazılıqlar müşahidə edilir. Azərbaycan rəsmiləri bəyan ediblər ki, İrana məxsus yük maşınları onların nəzarətində olmayan ərazilərinə qanunsuz yük daşıyır. Habelə, prezident İlham Əliyev İranın bu yaxınlarda Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimləri çox təəccüblü bir məsələ kimi dəyərləndirmişdi. Amma İran rəsmiləri də qeyd ediblər ki, öz ərazilərində hərbi təlim keçirmək onların suveren hüququdur. İran rəsmilərinin açıqlamasına görə, üçüncü qüvvələr Azərbaycan-İran münasibətlərinin korlanmasında təhrikedici rol oynayır.

Azərbaycan prezidenti isə son çıxışlarının birində deyib ki, "heç kim bizim işimizə burnunu soxmasın".

Daha sonra isə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejadın Bakıdakı ofisi və Hüseyniyyə məscidinin fəaliyyəti dayandırılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən yayılan məlumatda buna səbəb kimi koronavirus infeksiyası göstərilib. Məsələyə, hələlik, İranın Azərbaycandakı səfirliyi və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.

Prezident: 'Neçə il demək olar ki, Minsk qrupu gəldi, getdi, təklif verdi...'

Prezident İlham Əliyev Tuğ kəndində, 9 oktyabr 2021

“Açıq deməliyəm, neçə il bizim başımızı aldadırdılar. Deyə bilmirdim mən onlara"

"Son illərdə keçmiş məcburi köçkünlərlə görüşlərim zamanı görürdüm ki, onların gözlərində ümidlər artıq sönür və bu da təbiidir. Neçə il gözləmək olar? Neçə il demək olar ki, Minsk qrupu gəldi, getdi, təklif verdi, erməni qəbul etmədi?!" AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunda səfərdə olarkən deyib.

“Açıq deməliyəm, neçə il bizim başımızı aldadırdılar. Deyə bilmirdim mən onlara. Hətta müharibə dövründə bir çox müsahibələr verərkən tam planlarımız haqqında danışa bilmirdim. Çünki bu, hərbi sirr idi. ”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev Şuşada bayraq qaldırmağın tam qələbə olduğunu, Azərbaycanın müharibənin ilk günündən bu vəzifəni qarşıya qoyduğunu və buna nail olduğunu söyləyib.

Tənqidçilər isə Qarabağ münaqişəsinin bitmədiyini deyir, separatçı rejimin fəaliyyətini davam etdirməsinə diqqət çəkirlər. Elə Ermənistan və Qərb rəsmiləri də Dağlıq Qarabağın statusunun həllinin vacibliyindən danışırlar.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Qarabağ uğrunda gedən iki müharibədə ümumilikdə Azərbaycanın 20 min civarında insan itirdiyi bildirilir.

ATƏT-in Minsk qrupu uzun illər bu münaqişənin tənzimlənməsində vasitəçi olub. ABŞ, Rusiya və Fransa qurumda həmsədrlər olublar.

Prezident Hadrut qəsəbəsi və Tuğ kəndinə olub

Prezident İlham Əliyev Hadrut qəsəbəsində, elektrik yarımstansiyasının təməlini qoyur, 9 oktyabr 2021

Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndi ötən il işğaldan azad olunub.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-u Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində olub.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub.

Bundan başqa İlham Əliyev 35 kilovoltluq yeni “Hadrut” yarımstansiyasının da təməlini qoyub.

Məlumatda vurğulanır ki, prezident Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsini və ətraf 7 rayona nəzarəti bərpa edib. 9 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb

Tənqidçilər Rusiya hərbçilərinin ölkə ərazisinə yerləşdirilməsinə birbaşa suverenliyin pozulması kimi dəyərləndiriblər. Son bir ildə bu kontingetin fəaliyyəti ilə bağlı rəsmi səviyyədə də tənqid səslənib. Azərbaycan Müdafiə Nazirliyi bu kontingentin öz funksiyalarını yerinə yetirməməsindən narahatlığını bildirib. Ancaq Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.

Azərbaycan bosniyalılara 165 min avro təzminat ödəməlidir

Bosniyadan olan qanunsuz miqrant işçilər Bakıda. 2009

Oktyabrın 7-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan olan 35 ərizəçinin müraciətləri ilə bağlı iki qərarını açıqlayıb. Məhkəmənin qərarı ilə Azərbaycan ümumilikdə 176 min 700 avro təzminat ödəməlidir. Bu barədə Azadlıq Radiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib.

Gənclərin şikayəti

Bu işdə ərizəçilər müxalifətyönlü gənc fəallar - Ülvi HəsənovMəcid Məcidli idi. 2013-cü ilin iyulunda Bakıdakı "İçərişəhər" metrostansiyasında vərəqələr yayarkən polislər tərəfindən saxlanılan hər iki ərizəçi polisə aparılmış, bir gecə orda saxlanılmışdı. Barələrində "inzibati xəta haqqında protokol" tərtib edilən ərizəçilər hökumət əleyhinə vərəqələr yaymaqda, polis məmurunun qanuni əmrinə tabe olmamaqda günahlandırlmış, onlara 15 sutka həbs cəzası verilmişdi.

AİHM ərizəçilərin iddialarını əsaslı hesab edib, onların ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarına müdaxilənin baş verməsi qənaətinə gəlib.

Ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 5850 avro təzminat ödəyəcək.

Bosniya və Herseqovina vətəndaşları…

Bu işdə ərizəçilər- 33 Bosniya və Herseqovina vətəndaşı Azərbaycanda aldadıldıqlarını iddia edirdilər. Onlar AİHM-ə şikayətlərində bildirmişdilər ki, Bakıdakı "Buta Saray", "Bakı Ekspo Mərkəzi", "28 Mall" alış-veriş mərkəzi də daxil, məşhur binaların inşa edilməsində çalışıblar. Şikayətdə Gənclik və İdman Nazirliyinin də adı keçirdi.

33 ərizəçi iddia edirdi ki, onları işə götürərkən hər saat üçün 5-7 dollar ödənilməsi, zəruri şəraitlə təmin edilmiş mənzillərdə yerləşdirilməsi razılaşdırılıb. Ancaq onlara, demələrinə görə, cəmi 3-4 dollar ödənilib. Yaşayış durumlarının dözülməz olduğunu, pasportlarının əllərindən alındığını və acınacaqlı şəraitdə saxlandıqlarını qeyd ediblər. Bildirildiyinə görə, hüquq müdafiə qurumlarının müdaxiləsindən sonra onlara cüzi miqdarda ödəniş edilib, pasportları geri verilib, hava limanına aparılaraq ölkələrinə göndəriliblər.

AİHM onların iddialarını qismən qəbul edib, hesab edib ki, 33 ərizəçinin hər birinə münasibətdə köləliyin, məcburi əməyin yolverilməzliyi hüququnun pozuntusuna yol verilib. Hökumət ərizəçilərin hər birinə mənəvi zərərə görə 5 min (ümumi – 165 min) avro ödəməlidir.

Hələlik, qərarlara cavabdeh rəsmi qurumların, habelə Məhkəmə Hüquq Şurasının münasibətini almaq mümkün olmayıb.

Davamı

XS
SM
MD
LG