Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:02

Nazir pensiya və müavinətlərin artımı üçün ayrılan vəsaiti açıqladı


Səlim Müslümov

«Pensiya, müavinət və prezident təqaüdlərinin artırılmasına ilin sonunadək əlavə 200 milyon manat vəsait ayrılacaq».

Bu sözləri bu gün, fevralın 27-də keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov söyləyib.

Konfrans Azərbaycanda pensiya, müavinət və təqaüdlərinin artırılması ilə bağlı keçirilib.

Nazirin deməsinə görə, artımlar ümumilikdə 1 milyon 856 min nəfəri əhatə edir. Onların böyük əksəriyyəti pensiyaçılardır. Nazir deyib ki, əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11.3 dəfə artaraq 208.36 manata çatıb.

Nazir prezidentin verdiyi son sərəncamlara əsasən artımların konkret məbləğini də açıqlayıb. Onun deməsinə görə, şəhid ailələri kateqoriyasından olanlara verilən prezident təqaüdü 220 manatdan 242 manata, Əfqanıstan döyüşlərində həlak olanların ailələrinə verilən təqaüd isə 200 manatdan 220 manata çatdırılıb.

Müharibə, 20 Yanvar əlillərinin (I qrup) təqaüdləri 165 manatdan 181.5 manata, II qrup əlillərə 143 manatdan 157.3 manata, III qrup əlillərə isə 110 manatdan 121 manata yüksəldilib.

1941-1945-ci il İkinci Dünya müharibəsinin bəzi iştirakçılarına verilən təqaüdlər də 110 manatdan 121 manata çatdırılacaq.

Habelə, indiyədək 100 manat alan «Xalq artistləri» bundan sonra 150, 60 manat alan «Əməkdar artistlər» isə 100 manat alacaq.

Xatırlatma

Bu ilin yanvarından pensiyalara ötən il əmək haqlarının artımına uyğun olaraq, 5.7 faiz əlavə edilib. Bu ilə qədər pensiyalar inflyasiyadan asılı olaraq indeksləşdirilirdi. Ötən il inflyasiya isə 13 faizə yaxın olmuşdu.

Prezident İlham Əliyev fevral ayından etibarən bəzi təqaüd və müavinətlərin artırılması ilə bağlı sərəncamlar verib. Artımlar martın 1-də qüvvəyə minəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG