Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Taleh Bağırov adının əfv siyahısına salınması xəbərinə etiraz edir


Taleh Bağırov

«İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrupun hazırladığı əfv siyahısında mənim də adımın olduğunu öyrəndim. Mən adımın o siyahıda olmasına etiraz edirəm...», – həbsdə olan ilahiyyatçı Taleh Bağırov belə deyir.

İlahiyyatçı yaxınları vasitəsilə yaydığı açıqlamada etirazının səbəblərini də sadalayıb:

«Birincisi, mən bu müqəddəs mübarizəyə ona görə başlamamışam ki, zalımın mərhəmətinə sığınım. İkincisi, niyə o siyahıda Mövsüm Səmədovun, Abgül Süleymanovun, Elçin Qasımlının, Nicat Əliyevin və digər dindarların adı yoxdur? Necə olur ki, eyni şəkildə şərlənib həbs olunan başqa dindarların adı yoxdur, amma mənim adımı salıb bunu ədalətli əməl kimi də dilə gətirirlər? Bu haqsızlıqdır və mən buna etiraz edirəm».

T.Bağırov İşçi Qrupun son dövrlərdə həbs olunan dindarları siyasi məhbus kimi tanımamasından da narazıdır: «Mütəşəkkil cinayətkar dəstə donu geyindirməkdən ötrü günahsız dindarları həbs edib, sonra mənim adımı «siyasi məhbus» kimi hansısa əfv siyahısına salıb, onları isə heç siyasi məhbus kimi tanımamaq hansı məntiqə sığır?».

İşçi Qrupun üzvləri isə siyahıya daxil etdikləri şəxslərin adlarını açıqlamaqdan imtina edir. Belə əsaslandırırlar ki, onlar siyahını hazırlayıb Əfv Komissiyasına təqdim edir. Əfv Komissiyası da öz növbəsində vahid siyahını Prezidentə təqdim edir. Kimlərin əfv olunması məsələsində yekun qərarı ölkə prezidenti verdiyinə görə öncədən ad çəkməyi doğru saymırlar.

Xatırlatma

T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, altı nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.

Nardaranda və ondan öncə ilahiyyatçı Elçin Qasımovun həbsinə görə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. T.Bağırov və daha 17 nəfərin işinə birlikdə baxılıb. T.Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun üzvlərinə, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayevə 13 ildən 16 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG