Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:10

Pambığa görə borca düşənlər var


Azərbaycan-İmişli rayonu
Azərbaycan-İmişli rayonu

Son iki ildə Azərbaycanda pambğa yenidən maraq artıb.
Ekspertlərin fikrincə, neft satışından gəlir azalan kimi, hökumət ölkəyə valyuta gətirəcək məhsulların istehsalını təşviq etmək barədə düşündü və pambığa üz tutdu.

Pambıqçılığın inkişafı ilə bağlı iki dəfə ümumrespublika müşavirəsi keçirilib, uzunmüddətli dövlət proqramı qəbul edilib. Məhsulun alış qiymətində artım olub, istehsalçılara subsidiya ödənilir. Dövlət büdcəsindən bu sahəyə böyük həcmdə investisiya qoyulduğu vurğulanır.
Hökumətin gördüyü tədbirlər bu sahədə dönüş yarada, iqtisadiyyata töhfə verə bildimi? Azərbaycan kəndlisinin həyatında nə dəyişdi- onun torpaqdan qazancı artdımı, rifahı yaxşılaşdımı?...

Prezident İlham Əliyev Sabirabadda pambıqçılarla
Prezident İlham Əliyev Sabirabadda pambıqçılarla

Buna da bax:Fermer: 'Cənab prezident, susuzluqdan yanan pambıq sahələrimizi xilas edin'

“GƏLMİŞƏM Kİ...”

2016-cı ilin sentyabrında Sabirabad rayonunda pambıq tarlasına baş çəkən prezident İlham Əliyevin Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova ilə söhbətini (http://az.president.az) çoxları xatırlayır:


Fatma Hüseynova: ...bizim Sabirabadda pambıq pis deyil.
Prezident İlham Əliyev: Amma son vaxtlar az əkilir. Ona görə gəlmişəm ki, bərpa edim...
Prezident həmin gün Sabirabadda keçirilən müşavirədə bu sahəyə diqqətin artırılmasını belə izah edib (http://www.president.az)

“Bildiyiniz kimi, dünyada neftin qiymətinin düşməsi ilə bağlı bizim gəlirlərimiz də azalıb. Biz Azərbaycana valyuta axınını təmin etməliyik...

Prezident bu sahəyə dövlətin müdaxiləsinin vacibliyindən də danışıb: “Hesab edilirdi ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatı hər şeyi tənzimləyir. Ancaq həyat göstərir ki, bu, belə deyil. Pambıqçılığın tənəzzülə uğraması göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə etməlidir.”

MÜDAXİLƏ NECƏ OLDU?

Statistik məlumata görə, 2016-cı ildə pambıq əkilən sahənin və tədarük edilən məhsulun həcmi əvvəlki ildəkindən təqribən üç dəfə çox olub.Artımı pambıqçılıqda dönüş adlandıran ölkə başçısı, bunda hökumət qurumlarının da xidmətlərinin olduğunu vurğulayıb:

“Mən Prezident Administrasiyasının bu işlərdə fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Vaxt məhdudiyyətinə baxmayaraq biz məhz Prezident Administrasiyasının səyi və yerli icra orqanlarının rəhbərlərinin fəaliyyəti nəticəsində bu il bu dönüşə nail ola bildik.”

AzadlıqRadiosuna danışan yerli sakinlərin deməsinə görə, pambıq istehsalında artım kiçik ranqlı məmurların, dövlət və bələdiyyə qulluqçularının, büdcə təşkilatlarında işləyənlərin hesabına mümkün olub.
Hərçənd, hüqüqşünasların deməsinə görə, büdcə təşkilatlarında çalışanların pambığa aparılması qanunvericiliyə ziddir. Ancaq bu məsələ ilə bağlı dəfələrlə cəhd göstərsək də, yerli hakimiyyət orqanlarından münasibət almaq mümkün olmayıb. İcra hakimiyyətinin əməkdaşları bundan əvvəl bu məsələyə münasibət bildirərkən isə demişdilər ki, heç kim pambığa məcbur aparılmır, könüllü olaraq gedənlərin haqqı da ödənilir.
Yenidən prezidentin çıxışlarından birinə qayıdaq (http://www.president.az)

“ Bütün dövlət qurumları - Kənd Təsərrüfatı, İqtisadiyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, yerli icra orqanları, “Meliorasiya və Su Təsərrüfatı”, “Azərişıq”, “Azəravtoyol” şirkətləri arasında çox ciddi koordinasiya işləri aparılmalıdır. Əvvəlki illərin təcrübəsi onu göstərir ki, əgər biz pambıqçılığın inkişafını ancaq biznes qurumlarının öhdəsinə buraxsaq, pambıqçılığı itirərik, necə ki, itiririk...”

AVQUSTDA SƏPİN APARILIB?!

“Plana uyğun həcmdə boş torpaq sahələri olmadığından, yazlıq arpa və buğda biçilən yerlərdə təcili şum çıxarılıb, çiyid səpilib. Vaxt imkan vermədiyindən şoran torpaqları münbit hala gətirmək gözlənilmədi. Su çıxmayan yerlərdəki əkinlərə şor kollektorlardan nasosla çəkilən çirkli, duzlu su vurulurdu. Mərkəzi Aran rayonlarında hətta avqust ayında da səpin aparılıb. Bu əkinlərin çoxu məhsul vermədi. Yalnız tək-tük sahələr yanvarda ağarmışdı”- adının açıqlanmasını istəməyən Kürdəmir sakini bildirir.

DÖVLƏT DƏSTƏYİNDƏN SONRA...

Dövlət Statistika Komitəsinin 2018-ci ilin yanvarın 16-na olan məlumatına görə, 2017-ci ildə respublika üzrə 136 413 hektar sahədə əkin aparılıb və 207 395 ton məhsul toplanılıb. Məhsuldarlıq orta hesabla 15,2 sentner olub. Bu, məhsuldarlığa görə, son 6 ilin ən pis göstəricisidir. Bəzi rayonlarda məhsuldarlıq hətta 10 sentnerdən də aşağı olub. Hacıqabul rayonunda 1204 ha sahədən 994 ton, Neftçala rayonunda 11 111 ha sahədən 9 096 ton (hər hektardan orta hesabla 8 sentner), İmişli rayonunda 15 641,5 ha sahədən 14 652 ton (hər hektardan orta hesabla 9,3 sentner) məhsul yığılıb.
Fermerlər bildirir ki, 1 ha sahədə pambıq yetişdirib toplamaq təqribən 800 manata başa gəlir. Götürülmüş kreditə görə, banka ödənilən faiz və əlavə xərclər daha 100 manat təşkil edir. 2017-ci ildə pambığın alış qiyməti 50 qəpikdən baha olmayıb. Fermerlər vurğulayırlar ki, məhsuldarlığın 18 sentnerdən aşağı olmağı zərər deməkdir.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun hesablamasına görə, fermerlərə dəyən zərər böyükdür:

“Bu, ona görə belə oldu ki, onların işinə müdaxilə edildi. Məcburetmə ilə əkdirilən pambığın məhsulu bundan artıq ola bilməzdi. Məhsuldarlığa təsir edən digər amillər də var: ölkəyə gətirilən toxum gecyetişən olduğundan Azərbaycan iqliminə uyğun deyil, gübrə və dərmanlar keyfiyyətsizdir.”

Buna da bax:Qırğızıstan pambıqçıya Azərbaycandan 50 faiz çox pul verir​

PAMBIQ ÖLKƏDƏ YENİ BORCLULAR YARADIB.

AzadlıqRadiosuna danışan zərərçəkənlər bildirir ki, tədarük müəssisəsi onlara borcu ödəməyə görə möhlət verib. O şərtlə ki, cari ildə də onlar ilə müqavilə bağlanılmalı və əkin sahəsi bu zərəri örtməyə imkan verən həcmdə olmalıdır:
“Əksər adamların zərəri 5-10 min manatdır. Amma elə məmur var ki, 50 hektar sahədən çox az məhsul götürüb. Ardıcıl iki ildir ziyana gedənlər var. Elə borca görə də “oyundan” çıxmaq olmur. Bank kreditlərindən sonra pambıq ölkədə yeni borclular ordusu yaradıb” -deyə zərərçəkənlərdən biri vurğulayır.

İmişli-Pambıq emalı sexi
İmişli-Pambıq emalı sexi

PAMBIQ DÖVLƏTİ DƏ XƏRCƏ SALIB

Ekspertlərin fikrincə, son iki ildə pambıqçılığın inkişafına kifayət qədər böyük vəsait sərf olunub. Özəl şirkətlərin əhalidən qəbul etdiyi pambığın dəyərinin bir hissəsi (hər kiloqrama görə 10 qəpik) subsidiya şəklində büdcədən ödənilir. 2016-17-ci illərdə bu məqsədlə ümumilikdə 30 milyon manat xərcləndiyi bildirilir.
Rəsmi açıqlamalara görə, yanacaq və gübrələrin dəyərinin əhəmiyyətli hissəsi də dövlət vəsaiti hesabına ödənilir. Üstəlik minlərlə yeni texnika alınıb və buna milyonlarla manat büdcə vəsaiti sərf olunub.
Rəsmi məlumatda həmçinin o da qeyd olunur ki, kənd təsərrüfatı dövriyyəsinə torpaq sahələrinin daxil edilməsi və suvarma işinin yaxşılaşdırılmasından ötrü büdcədən ayırmalar və xaricdən cəlb edilən kreditlər ümumilikdə 461 milyon manat təşkil edib. https://azertag.azHabelə, Kənd Təsərrüfatı Nazirliyi investor rolunda çıxış edərək ölkənin 12 rayonunda pambıq qəbulu məntəqəsi, hətta Ucarda pambıqtəmizləmə zavodunun tikintisini üzərinə götürüb. Rayonlarda büdcə vəsaiti hesabına aqroparklar salınmaqdadır.

Bəs bunun əvəzində dövlət nə qazanıb?
Bu ilin yanvarın 29-da “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları”na həsr olunmuş konfransda prezident İlham Əliyev pambıq məhsullarının idxalı barədə bunları deyib: (http://president.az)
“Pambıq mahlıcı - 2016-cı ildə 6 milyon dollar, 2017-ci ildə 33 milyon dollar. Pambıq iplik - 2016-cı ildə 18 milyon dollar, 2017-ci ildə bir qədər azdır - 16 milyon dollar...”

İLDIRIM SÜRƏTİNDƏN İNTENSİVLİYƏ KEÇİD...

Həmin konfransda dövlət başçısı “pambıqçılığın inkişafı rekord templərlə gedir” desə də, məhsuldarlığın aşağı olmasına görə də narahatlığını ifadə edib və nəticələrin ciddi təhlil olunacağını bildirib:
“Bunun səbəbləri haqqında indi məlumat toplanılır ki, bu il biz məhsuldarlığı artıraq və pambıqçılığı intensiv yollarla inkişaf etdirək. Burada əlbəttə ki, aqrokimyəvi xidmət, texnika ilə təminat, su, gübrələr, pestisidlər və aqronomların səmərəli işi əsas həlledici amillərdir.”
Mütəxəssislər də elə əvvəldən bunu deyirdi: pambıqçılıqla icra məmurları, təhsil, səhiyyə, mədəniyyət işçiləri yox, təsərrüfat adamları, ixtisaslaşmış müəssisələr məşğul olmalıdır.

Buna da bax:'Ağ qızıl'ın heyvandarlığa gətirdiyi 'qara günlər' -Media icmalı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG