Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 10:08

'Ağ qızıl'ın heyvandarlığa gətirdiyi 'qara günlər' -Media icmalı


Traktor
Traktor

Azərbaycanın sülh təşəbbüsləri, aqrar sahədə məhsuldarlığın aşağı olması və pambıqçılığın heyvandarlığa təsiri bu gün (10 noyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

ƏMRLƏ PLAN DOLMAZ

«Yeni Müsavat» qəzetində «Aqrar sektorda məhsuldarlığı aşağı salan səbəblər» sərlövhəli yazı oxumaq olar.

Yazıda bu il aqrar sahədə proqnozlaşdırılan bir sıra rəqəmlərin reallaşmamasının səbəbləri ekspert Natiq Cəfərli ilə müzakirə edilib.

Müəllif bildirir ki, bu il ən çox pambıq və şəkər çuğunduru əkilib. Hər iki bitki susevəndir. Amma suvarma sistemlərinin normal olmaması və yığım vaxtı yağışlar məhsuldarlığı azaldıb.

Yazıda vurğulanır ki, belə durumun yaranmasına daha bir səbəb inzibati göstərişlərdir. Müəllifin fikrincə, əkin zamanı fermerin biliyi, torpağın məhsuldarlıq səviyyəsi, ərazinin iqlimi və suvarma sistemi nəzərə alınmayıb.

N.Cəfərli də problemi daha çox idarəetmədə görür:

«Kənd təsərrüfatını hər hansı bir ciddi planlaşdırma olmadan, sadəcə mərkəzdən gələn əmrlərlə inkişaf etdirmək effektiv yol deyil. Bunu keçdiyimiz 70 illik sovet təcrübəsi də sübut elədi. Bu, həm korrupsiyaya yol açır, həm də məhsuldarlığı azaldır».

Ekspertə görə, Azərbaycanda aqrar sahə məhsuldarlığa görə, Avropadan 3 dəfə geri qalır:

«Azərbaycanda su ehtiyatları kifayət qədər aşağı səviyyədədir. Sovet vaxtından qalan bəzi suvarma kanalları son 20 ildə dağıdıldı».

Ekspert hesab edir ki, kənd təsərrüfatının inkişafından ötrü planlama, istehsal bazası, təbii şərtlərin əlverişliliyi, satınalma qiymətlərinin münasibliyi təmin edilməlidir:

«Nə qədər ki, fermerin maraqlarına cavab verən yanaşma olmayacaq, bu sahədə atılan addımlar da effekt verməyəcək. Dövlət daha çox pul xərcləyir, amma daha az gəlir götürür».

İmişlidə pambıq yığımı
İmişlidə pambıq yığımı

«PAMBIĞIN ZİYANI XEYRİNDƏN ÇOXDUR»

«Novoye Vremya» qəzetində diqqəti ««Ağ qızıl»ın qiyməti gözləniləndən baha oldu» sərlövhəli yazı cəlb edir.

Bu yazıda isə heyvandarlığın vəziyyəti ekspertlərlə təhlil edilir:

«Heyvandarlıq üçün təbii otlaq yerlərində texniki bitkilər əkilib. Azərbaycanda pambıqçılığın inkişafı ilə heyvandarlıq kimi vacib sahənin «qara günləri» başlayıb».

Ekspertlər deyirlər ki, ölkədə faktiki yem bazası azalıb. Fermerlər xaricdən yem almağa məcbur olurlar. Bu isə ətin maya dəyərinin artmasına səbəb olur:

«Yemin qiymətinin artması ət-süd məhsullarının bahalaşmasına, onun qıtlığına, idxalın artmasına səbəb olub. Başqa sözlə, yerli heyvandarlıq böyük valyuta «dividentləri» gözlənilən sahəyə qurban verilib. Əhalini isə daha çox narahat edən odur ki, ixracdan gələcək valyutanın həcmi yox, ətin, yağın və südün qiyməti artıb».

Ekspertlər vurğulayıblar ki, bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ət, süd və heyvan idxalı 35 faiz artıb.

Ekspertlərə görə, əhalinin alıcılıq qabiliyyətinin endiyi vaxtda idxalın artması yerli məhsulların istehsalının azalmasının göstəricisidir. Onların fikrincə, ölkədə yem bazasının azalması səbəbindən bu qrup məhsulların dəyəri 40-50 faiz bahalaşıb.

Yazıda vurğulanır ki, hökumət yem bazasının artırılması ilə bağlı qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyib:

«Ölkədə 2 milyon 700 min baş iribuynuzlu, 8 milyon 700 min baş xırdabuynuzlu heyvan var. Bu qədər heyvanı 12 min ton yemlə necə yemləmək olar? Üstəlik, 150 min hektardan çox sahə əkin üçün ayrılıb».

Ekspertlər deyiblər ki, heyvandarlıq məhsullarının idxalına çəkilən xərcləri və pambıqçılıqdan götürülən qazancı nəzərə aldıqda, «ağ qızıl»ın ziyanı xeyrindən çoxdur.

V.Putin, H.Ruhani və İ.Əliyev
V.Putin, H.Ruhani və İ.Əliyev

AZƏRBAYCANIN SÜLH MİSSİYASI

«Azərbaycan» qəzetində «Azərbaycanın növbəti sülh və inkişaf missiyası» sərlövhəli yazı yer alıb.

Müəllif yazır ki, Azərbaycan yerləşdiyi regionda sülh missiyasını yerinə yetirir. Bunun kökündə isə 1994-cü ildə Qarabağ cəbhəsində imzalanan «atəşkəs sazişi» dayanır:

«Müasir Azərbaycanın memarı, qurucusu Heydər Əliyev ölkəmizin müstəqilliyinin möhkəmlənməsi və regionda sülhün bərqərar olmasında əvəzsiz rolunu oynadı. Onun titanik əməyi, gərgin səyləri nəticəsində Qafqazda müharibə atəşkəslə qandallandı. Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu, iqtisadi islahatlarını daha böyük əzmlə davam etdirməklə ölkənin beynəlxalq nüfuzunu gücləndirdi. Azərbaycanı müasir dünyaya sülhün, əməkdaşlığın, qarşılıqlı əlaqələrin carçısı və tərəfdaşı kimi təqdim etdi».

Müəllifə görə, bu saziş və meqalayihələrlə Azərbaycan Qafqazda qarşılıqlı əməkdaşlığın uğurlu yollarını açıb. Yeni diplomatik təfəkkürə söykənərək münaqişələrə rəvac verən maraqları uğurlu iqtisadi layihələrə çevirə bilib.

Müəllif yazır ki, bu il noyabrın əvvəlində Tehranda Azərbaycan prezidenti İlham Əliyevin, İran prezidenti Həsən Ruhaninin və Rusiya prezidenti Vladimir Putinin görüşü də belə əməkdaşlıq missiyasının davamı kimi nəzərdən keçirilməlidir.

Yazıda vurğulanır ki, belə görüşlərdə İ.Əliyev Ermənistanın Azərbaycana münasibətdə mövqeyini pisləyib. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmədiyini nəzərə çatdırıb.

XS
SM
MD
LG