Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:22

Fermer: 'Cənab prezident, susuzluqdan yanan pambıq sahələrimizi xilas edin'


Pambıq tarlası (arxiv fotosu)
Pambıq tarlası (arxiv fotosu)

“Bu il martın 27-də Saatlıda pambıqçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsi keçirdiniz. Orada bildirdiniz ki, pambığın əkini, yetişdirilməsi və toplanıb təhvil verilməsi ilə əlaqədar bütün işləri müvafiq qurumlar operativ şəkildə həll etməlidir”.

Biləsuvar rayonunun İsmətli kəndindən olan fermer İxtiyar Ağayev ölkə başçısına ünvanladığı müraciətində belə yazır. Fermer məmur özbaşınalığından şikayət edir.

O, bildirir ki, ölkə başçısının pambıqçılığı prioritet sahə elan etməsindən sonra ailəsilə birgə digər fermerlər kimi, 4.5 ha torpaq sahəsində pambıq əkib. Pambıq sahəsi öz kəndlərində, 2.5 hektarlıq hissə isə Çərçili adlanan ərazidədir.

Buna da bax: Pambıqçılar da, pambıq da su istəyir

İxtiyar Ağayev vurğulayır ki, əkin sahələrində bol məhsul var, amma özü və qonşu fermerlər pambıq sahəsini cəmi bir dəfə suvara biliblər. Onun da üstündən 40 günə yaxın vaxt keçir.

Biləsuvar rayonunun İsmətli kəndindən olan fermer İxtiyar Ağayev
Biləsuvar rayonunun İsmətli kəndindən olan fermer İxtiyar Ağayev

“Yerli qurumlar heç bir kömək göstərmir...”

“Əkin sahələri məhv olub gedir, Biləsuvar rayon icra hakimiyyəti, rayon suvarma sistemləri idarəsi heç bir kömək göstərilmir”, - yazan fermerin sözlərinə görə, pambıq sahələri susuzluqdan yanıb məhv olur.

“Güllər yerə tökülür. Vəzifəli şəxslər su mənbələrinə yaxın yüzlərlə, minlərlə hektar torpaq sahələrini əkib suyu öz əkin sahələrinə yönəldirlər. Əkin sahələrinə gedən yollar təmir edilməyib. Yay-tarla düşərgələri yaradılmayıb”.

Buna da bax: Ağcabədili: ‘Prezidentimiz dedi... 4 hektar pambıq əkdim’

Fermer həmçinin tarlalara gedən yolların təmirinə ayrılan vəsaitlərin mənimsənildiyini iddia edir. O, vurğulayır ki, belə davam etsə, Azərbaycanda kənd təsərrüfatı nəinki inkişaf edəcək, əksinə, tamamilə məhv olacaq.

Fermer prezidentdən kömək istəyir.

“Cənab prezident, xahiş edirik ki, əllərindən heç bir iş gəlməyən, işləyənlərə də mane olan məmurların əlindən bizi və susuzluqdan yanıb məhv olan pambıq sahələrimizi xilas edəsiniz”.

Fermerin şikayəti ilə bağlı Biləsuvar rayon icra hakimiyyəti ilə danışmaq mümkün olmayıb.

“Azərsumeliorasiya” ASC: “Araz çayında suyun azalması problemi var”

“Azərsumeliorasiya” Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Əjdər Cavadov isə “Turan” Agentliyinə açıqlamasında fermerin problemlərindən xəbərdar olduqlarını bildirib.

“Həmin fermerin 4,37 ha pambıq sahəsi var. Həmin sahənin 2.37 hektar hissəsi 4 dəfə suvarılıb. Yerdə qalan 2 ha sahənin suvarılmasına doğrudan da ehtiyac var”, – deyən şöbə müdiri problemin su qıtlığı ilə bağlı olduğunu qeyd edib.

“Bu, təkcə İ.Ağayevə aid məsələ deyil. İndi, həmin tərəflərdə Araz çayında suyun azalması problemi var. Buna görə, su qıtlığı problemi yaşanır”.

Buna da bax: Əkin sahələri külə dönüb

Ə.Ağayev şikayətçi fermerə kömək göstərilməsi barədə yerlərdəki bölmələrinə müraciət etdiklərini, gərəkli addımların atılmasına çalışdıqlarını ifadə edib.

Xatırlatma

Ötən ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib. Ötən il prezidentin verdiyi sərəncamla emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə, istehsalçılara 0,1 manat subsidiya verilməsi də qərara alınıb.

Bu yaxınlarda ölkə başçısı bildirmişdi ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq.

Ancaq bəzi ekspertlər hökumətin pambıqçılığın inkişafına xüsusi diqqət ayırmasını perspektivsiz hesab edirlər. Onlar deyirlər ki, pambıqçılığın neftlə müqayisədə əziyyəti çox, gəliri isə azdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG