Ucuz mobil telefonlardan oynaq mahnılar səslənir. Bu mahnılar olmasa, tarlada pambıq yığmaq kimi üzücü işi qadınlar çətinliklə görər.
Sarı Sıya kəndinin sakini , Adinay adlı qadın Azadlıq Radiosuna deyir ki, “Kişilər bu işi görə bilmirlər. Belləri ağrıyır. Günün altında üstündə 9-10 kq yükü gəzdirmək çətindir. Biz qadınlar dəmir kimi olmuşuq. Biz kişilərdən səbirliyik. Düzdür, kişilər də işləyir, onlar pambığı çəkirlər, ağır yükləri qaldırırlar. Onlar da işləyir. Ancaq onlar əsasən heyvandarlıqla məşğuldurlar”
Qırğızstanda pambıq yığmaq qadın işi hesab olunur. Ancaq hər qadın bu işi görə bilmir.Pambığın qozaları əlləri cızır, günəş səhərdən axşama kimi yandırır. Tarlaya çıxanlar əlcək geyinir və üzü bağlayırlar. Pambıq kollarının tozu sağlamlığa ziyandır.
Adinay deyir ki, “günə 110-115 kq pambıq yığıram. Tarlaya gec çıxanda günə 60-70 kq yığılır.19 ildir ki, bu işlə məşğulam.”
Yığılan pambığın hər kiloqramına, dollar hesabı ilə götürəndə, 10 sent verirlər. Bu, az görünə bilər. Ancaq Azərbaycanda bundan da azdır.
Azərbaycanda yığılan hər kq-a görə pambıqçıya nə qədər verirlər?
Aqrar məslələr üzrə ekspert Vahid Məhərrəmov deyir ki, "Qırğızstanda hər kq-a 17 qəpik verirlərsə, Azərbaycanda - 10 qəpik."
Qırğızstanda Adinay kimi günə 60-100 kq pambıq yığanlar günə 6-10 dollar qazanır.
Norma isə günə 20-25 kq-dır. Normanı doldurmaq günə 2-2,5 dollar qazanmaq deməkdir. Avqustdan noyabra kimi pambıq yığan qadın orta hesabla bütün mövsümə 150-200 dollar qazanır.Sarı Sıya kəndində bu böyük puldur. Ancaq onu da qənaətlə işlədirlər ki, növbəti pambıq mövsümünə çatsın.
Pambıq yığmaq ağır olsa da Cəlalabad vilayətindəqadınlar bu işdən imtina etmək fikrində deyillər. Uzun illərdirdir ki, burda qadınlarn yeganə gəlir mənbəyi pambıqdır.