Dekabrın 11-də Rusiya prezidenti Vladimir Putin Qahirə və Ankaraya səfərə gedir.
Kreml dekabrın 7-də bildirib ki, Misir prezidenti Abdel Fattah al-Sisi ilə görüşdə Putin Yaxın Şərqdə sabitlik və təhlükəsizliyi də müzakirə edəcək.
QÜDSDƏN DƏ DANIŞACAQLAR
Misirin rəsmi Al-Ahram qəzetinin yazdığına görə, bu ölkədə nüvə zavodunun tikintisi üzrə yekun saziş Putin-in səfəri zamanı bağlanacaq. Rusiyadan adı çəkilməyən rəsminin sözlərinə görə, çoxdan gözlənən razılaşma imzalanmağa hazırdır, ancaq son təsdiq yüksək səviyyədə siyasi müzakirələrdən asılı olacaq. “Bloomberg” belə yazıb.
Türkiyəli həmkarı Recep Tayyip Erdogan-la görüşdə isə Putin-in birgə enerji layihələrini, Suriya münaqişəsini, eləcə də Yaxın Şərqdəki durumu götür-qoy edəcəyi gözlənir.
*** Buna da bax: ABŞ bildirir ki, Trump Yerusəlim qərarına baxmayaraq sülhə sadiqdir
“Reuters” Erdogan-a yaxın mənbələrə istinadla yazır ki, danışıqlarda Qüds mövzusu da qaldırılacaq. ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra bölgədə gərginlik, iğtişaşlar yaranıb.
Misir, Türkiyə və Rusiya Trump-ın qərarını pisləyiblər. Putin-lə Eedogan dekabrın 7-də telefon söhbətlərində bu məsələdən “ciddi narahatlıq” bildiriblər.
Rusiyanın Suriya müharibəsindəki rolu Yaxın Şərqə təsirini gücləndirib. Rusiya Suriyada prezident Bashar al-Assad-ı dəstəkləyir.
*** Buna da bax: Erdogan: “ABŞ Türkiyəni şantaj etməyə çalışır”
İSTİ MÜNASİBƏTLƏR
Putin son illər Misirlə, NATO üzvü Türkiyəylə, eləcə də regiondakı digər ölkələrlə münasibətləri sıxlaşdırır.
Rusiyayla Türkiyə Suriya müharibəsində fərqli tərəfləri dəstəkləyir. 2015-ci ildə Türkiyə-Suriya sərhədi yaxınlığında Rusiya həbi təyyarəsinin Türkiyə tərəfdən vurulması əlaqələri daha da gərginləşdirdi.
Ancaq Putin-lə Erdogan son aylar artıq üçüncü dəfə görüşəcəklər. Sonuncu dəfə sentyabrda keçirilən görüşdə onlar Rusiyadan Türkiyəyə çəkilməsi planlaşdırılan TurkStream kəmərinə və Türkiyədə Rusiyanın dəstəyulə tikilən Akkuyu nüvə zavoduna dəstək bildiriblər.
*** Buna da bax: Misir lideri Səudiyyə-İran gərginliyi barədə
Putin-lə Sisi-nin isti münasibətləri var, amma Rusiya Misirə kommersiya uçuşlarını dayandırıb. Səbəb 2015-ci ilin oktyabrında Sinay yarımadasında təyyarənin partladılması, əsasən rus turistlərindən ibarət 224 nəfərin həlak olmasıdır. Hücuma görə İslam Dövləti (İŞİD) silahlı qruplaşması məsuliyyəti üzərinə götürüb.
Rusiya və Misir rəsmiləri o vaxtdan aeroport təhlükəsizliyinin gücləndirilməsi və hava marşrutlarının bərpasını müzakirə etsələr də, elə bir razılaşma əldə olunmayıb.