Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:43

ABŞ bildirir ki, Trump Yerusəlim qərarına baxmayaraq sülhə sadiqdir


ABŞ-ın BMT-dəki səfiri Nikki Haley
ABŞ-ın BMT-dəki səfiri Nikki Haley

ABŞ-ın BMT-dəki səfiri bəyan edib ki, prezident Donald Trump Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasına dair ziddiyyətliqərarına baxmayaraq Yaxın Şərq sülh prosesinə sadiq qalır.

Nikki Haley dekabrın 8-də BMT Təhlükəsizlik Şurasının təcili keçirilən iclasında deyib: "İcazə verin sizi bir daha əmin edim ki, prezident və onun administrasiyası sülh prosesinə sadiq qalırlar”.

BMT TŞ-nin bu təcili iclası ABŞ prezidentinin Birləşmiş Ştatların onilliklərlə davam edən siyasətini dəyişmiş qərarına qarşı elan edilmiş “Qəzəb günündə” minlərlə fələstinlinin işğal edilmiş Qərb sahilində, Qəzza zolağında və Şərqi Yerusəlimdə etiraz nümayişlərinə qatıldığı bir vaxta təsadüf edib.

Dekabrın 8-də cümə namazından sonra Yerusəlimin qədim şəhər hissəsində etirazçılarla hərbçilər arasında qarşıdurma olub
Dekabrın 8-də cümə namazından sonra Yerusəlimin qədim şəhər hissəsində etirazçılarla hərbçilər arasında qarşıdurma olub

ABŞ-ın Almaniya, Səudiyyə Ərəbistanı, Britaniya və Avropa İttifaqı kimi müttəfiqləri Trump-ın qərarını qətiyyətlə pisləmiş və bunun Yaxın Şərqdə sülh prosesini daha da çətinləşdirəcəyini bildirmişlər.

ABŞ səfiri Haley isə israr edib ki, Birləşmiş Ştatlar İsrail-Fəlsətin mübahisəsində hər iki tərəf üçün etibarlı vasitəçi olaarq qalır və əksinə indiyədək sülh danışıqlarını əngəlləyən BMT-nin özü olub.

Nikki Haley deyib: “Birləşmiş Ştatlara hər iki tərəfin etimadı var. İsraili BMT-nin və ya İsrailin təhlükəsizliyinə hörmətsizliyini isbat etmiş dövlətlər qrupunun təklif etdiyi sazişin qəbuluna zorlamaq olmaz”.

Eskalasiya riski

Nikki Haley-nin bi kəskin çıxışına baxmayaraq Təhlükəslik Şurasının üzvləri Trump-ın dekabrın 6-da qəbul etdiyi qərarı tənqid ediblər. Bu qərara görə həm də ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi nəzərdə tutulub.

Britaniya bildirib ki, ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması sülh proasesinə “kömək etmir”. London bunun əvəzində Amerikanı İsrail-Fələstin tənzimləməsi üçün təfərrüatlı plan ortaya qoymağa çağırıb.

Misirin BMT-dəki səfiri Amr Abulatta deyib ki, ABŞ-ın qərarı sülh səylərinə çox “ağır və neqativ” təsir göstərəcək.

BMT-nin Yaxın Şərq səfiri Nikolay Mladenov deyib ki, indi bu qərarla bağlı regionda zorakılığın artması üçün böyük risk var və bu qərar “bizi sülhün əldə edilməsi üçün şərikli məqsədimizdən daha da uzaqlaşdırıb”.

Ölənlər var

Yaxın Şərqdə və başqa yerlərdə isə etirazlar ikinci gündür ki, davam edib.

Yüzlərlə fələstinli Qəzza zolağının İsraillə sərhədində İsrailin təhlükəsizlik qüvvələri ilə toqquşub.

Bu hadisə zamanı azı bir nəfərin həlak olduğu təsdiqlənib.

İsrailin Müdafiə Nazirliyi bildirib ki, “gərginliyi qızışdıran iki nəfər bilərəkdən atəşə tutulub və vurulub”.

Bu, Trump-ın ziddiyyətli qərarından sonra başlanan etiraz aksiyalarında ilk ölüm hadisəsi olub. Bəzi təsdiq edilməmiş məlumatlara görə ikinci etirazçı da həlak olub.

Bundan başqa minlərlə fələstinli Qərb sahilinin Hebron, Betlehem və Ramallah şəhərlərində İsrail təhlükəsizlik qüvvələri ilə toqquşub. Burada etirazçılar əsgərlərə daş atır, onlar isə gözyaşardıcı qazlar və rezin güllələrlə cavab verirdilər.

Yeni intifada çağırışı

İsrail Yerusləmə yüzlərlə əlavə polis qüvvəsi yeridib, islamçı Həməs qruplaşması isə fələstinliləri Trump-ın qərarına etiraz olaraq üsyana və ya intifadaya çağırıb.

Fələstinlilərlə həmrəylik nümayişləri bir çox başqa müsəlman ölkələrində də keçirilib.

Əl-Cəzirə telekanalının məlumatına görə Fələstinin baş danışqıçısı Saeb Erekat deyib ki, Trump qərarını dəyişməyincə ABŞ-la heç bir danışıq olmayacaq.

Ankara bildirib ki, Birləşmiş Ştatların Yerusəlim qərarını Erdoğanla müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

ABŞ və İsrail bayraqları yandırılıb

İranda ölkə boyunca on minlərlə insan cümə namazının ardınca küçələrə çıxıb. Tehranda etirazçılar “Amerikaya ölüm” şüarları səsləndiriblər, habelə ABŞ və İsrail bayraqlarını yandırıblar.

Tehranda cümə namazının rəhbəri ayətüllah Əhməd Xatəmi deyib ki, Trump-ın qərarı Fələstin məsələsinin yeganə həllinin intifada olduğunu göstərib.

Bundan əvvəlki iki intifada 1987-1993 və 2000-2005-ci illərdə baş verib. Bu intifadalarda minlərlə fələstinli və mindən çox israilli həlak olub.

Livanın cənubundakı Fəlsətin qaçqın düşərgəsi – Şatila ətrafında və paytaxt Beyrutda qəzəbli etiraz aksiyaları keçirilib.

Türkiyədə, İstanbulun mühafizəkar Fatih rayonundakı məscidin yaxınlığında minlərlə etirazçı anti-Amerika və anti-İsrail şüarları səsləndirib.

Misirdə Qahirənin məşhur Əl-Əzhar məscidinin yaxınlığında izdihamlı nümayiş keçirilib.

Pakistanın İslamabad, Kəraçi və Lahor şəhərlərində keçirilən etiraz yürüşlərində Trump-ın müqəvvası və Amerika bayraqları yandırılıb.

Yerusəlimin statusu İsrail-Fələstin münaqişəsinin ən həssas məsələsidir.

Fələstinlililər Qüds adlandırdıqları bu şəhəri öz gələcək dövlətlərinin paytaxtı hesab edirlər. İsrail Şərqi Yerusəlimi ilhaq etdikdən sonra bu şəhəri bütövlükdə özünün paytaxtı elan edib.

İsrailin bu qərarı beynəlxalq icma tərəfindən qəbul edilməyib. Əksər ölkələrin səfirlikləri İsrailin Tel Əviv şəhərində yerləşir.

Rusiya da daxil bir sıra ölkələr Qərbi Yerusəlimi İsrailin paytaxtı kimi tanıyır, bir şərtlə ki, Şərqi Yerusəlim Fələstinin paytaxtı kimi tanınsın.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG