Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

İran və Türkmənistanla 'Xəzər danışıqları' bitməyib...


Xarici işlər nazirinin müavini Xələf Xələfov

“Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb. Lavrovun da dediyi kimi, 20 illik danışıqların uğurla başa çatdığını söyləyə bilərik".

APA-nın xəbərinə görə, xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin statusu ilə bağlı bu həftə Moskvada aparılmış danışıqların məzmununu şərh edərkən belə söyləyib:

“Bir çox ölkənin məsələyə yanaşmasında zaman-zaman böyük fərqlər meydana çıxıb. Dövlət başçılarının verdiyi impulslar nəticəsində 21 il müddətində belə bir nailiyyət əldə etmişik. Bu, daimi sənəd olacaq və ölkələrin Xəzər dənizində fəaliyyətini tənzimləyəcək. Bu konvensiya heç bir dövlətə üstünlük hüquqi vermir və bərabər davranış qaydalarını təmin edir”.

Xəzər dənizi
Xəzər dənizi

Buna da bax: Lavrov deyir ki, Xəzərin statusuna dair 'bütün əsas məsələlərdə razılığa gəlinib'

O bildirib ki, hüquqi və texniki prosedur aparıldıqdan sonra sənəd imzalanmasından ötrü prezidentlərə təqdim edilə bilər:

“Konvensiyaya əsasən, Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi nəzərdə tutulur".

Nazir müavini qeyd edib ki, dənizin dibi isə tamamilə üzbəüz və yanakı dövlətlərdən ötrü sektoral bölünür.

Buna da bax: İlham Əliyev: ‘Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır’

“Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülür”, - deyən nazir müavini İran və Türkmənistanla danışıqların davam etdiriləcəyini ifadə edib:

“Xəzərin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik".

O daha sonra bunları deyib.

"Hazırda əsas məqsəd delimitasiyadır. Bu, başa çatdıqdan sonra delimitasiya barədə danışmayacağıq. Əgər xəttin üzərinə düşən yataqlar olarsa, onların istifadəsi üçün beynəlxalq qaydalar tətbiq etmək olar - birgə istifadə və ya digər variantlar", – X.Xələfov söyləyib.

Xatırlatma

Xəzərin hüquqi statusu 1991-ci ildə SSRİ çökdükdən, Azərbaycan, Qazaxıstan və Türkmənistan müstəqillik əldə etdikdən sonra müzakirə mövzusuna çevrilib. Başlıca sual Xəzərin dəniz və ya göl kimi tanınması ilə bağlıdır.

Əgər Xəzər hüquqi baxımdan dəniz kimi qəbul edilərsə, bütün sahil ölkələri öz ərazi sularını müəyyən etməli və bu məkandakı karbohidrogen yataqlarına sahib olmalı idilər.

Amma Xəzər göl kimi tanınarsa, onda o beş bərabər hissəyə bölünməli və bütün gəlirləri də bərabər paylaşılmalıdır.

Xəzərin statusu ilə bağlı məsələ karbohidrogen ehtiyatlarının istifadə olunması ilə bağlı daha da aktuallaşıb.

1997-ci ildə Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin bölünməsi məsələsində razılığa gəliblər. Ancaq Azərbaycanın Türkmənistan və İranla mövqeləri fərqlənir. Onlar Xəzərin bərabər şəkildə bölünməsində israr edir. Azərbaycan isə SSRİ ilə İran və keçmiş müttəfiq Respublikalar arasındakı bölgünü əsas götürür.

Günün bütün mövzuları

XS
SM
MD
LG