Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:28

Şərqi Avropa AB-nin vecinədirmi?


Azərbaycan prezidenti İlham Əliyev Brüssel sammitində, 24 noyabr, 2017-ci il

“Noyabrın 24-də Avropa Birliyinin Şərq Tərəfdaşlığının Brüssel sammitini qaçırdınızsa, tək deyilsiz. Unudulan tədbir idi və bizə Avropa Birliyinin Şərqi Avropadakı işləri barədə çox şey deyir”. Bunu “Atlantik Şurası”nın əməkdaşı Anders Åslund yazır.

Müəllif AB-nin Şərq Tərəfdaşlığının 2009-cu ilin mayında Praqada qürurlu başlandığını, bunun İsveçin xarici işlər naziri Carl Bildt və onun polşalı həmkarı Radoslaw Sikorski-nin təşəbbüsüylə gerçəkləşdiyini qeyd edir. “Şərq-Qərb inteqrasiyasının bu qəhrəmanları artıq vəzifədə deyillər və onların yoxluğunu dərindən hiss edirik”, – müəllif yazır.

*** Buna da bax: Ekspert: 'Hakimiyyət Avropa Birliyinin şərtlərinə yaxın durmaq istəmir'

2009-CU İLDƏN ÜZÜ BU YANA

2009-cu ildə Şərq Tərəfdaşlığının altı üzvü – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın imzaladığı birgə bəyannamənin mahiyyəti beləydi ki, “Şərq Tərəfdaşlığı beynəlxalq hüquq prinsiplərinə sadiqlik və demokratiya, hüququn aliliyi, insan haqları, eləcə də bazar iqtisadiyyatı, davamlı inkişaf və yaxşı idarəçilik kimi fundamental azadlıqlara sayqıya əsaslanacaq”. Müəllif bütün bunların indi ancaq şüar kimi qaldığını vurğulayır və Şərq Tərəfdaşlığının 2013-cü ilin noyabrında Vilnüs sammitinədək irəlilədiyini bildirir. Belə ki, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna assosiasiya razılaşmaları, dərin və hərtərəfli azad ticarət sazişləri barədə danışıqlar aparıblar. Ukrayna Vilnüsdə assosiasiya sazişini imzalamalıydı, ancaq Rusiya prezidenti Vladimir Putin o vaxtkı prezident Viktor Yanukovych-i bunu etməməyə inandırdı. 2013-cü ilin sentyabrında Ermənistan prezidenti Serzh Sargzian-la da bu fənd işlədi. Bircə Gürcüstanla Moldova tez tərpənib AB sazişlərini imzaladılar.

2015-ci il Riqa sammitində isə geriləmə baş verdiyini yazan müəllif Brüssel sammitinə dönərək AB-nin bu regionda daha böyük iş görə biləcəyini vurğulayır.

Əvvəla, Şərq Tərəfdaşlığının üzvü olan üç ölkə – Gürcüstan, Moldova və Ukrayna, müəllifin fikrincə, çarpışan demokratiya, üçü isə avtoritar ölkədir – Ermənistan, Azərbaycan və Belarus. “AB-nin üç titrək demokratiyaya az köməyi dəyəcək, qalan üçündən ötrüsə heç nə edən deyil. Bu, çox ciddi səhvdir. Sammitin əsas xəbəri odur ki, AB Ermənistanla xeyli mənasız “Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi” imzalayıb. Bu, 2013-cü ilin assosiasiya sazişindən əhəmiyyətsiz sənəddir. Əvəzində, AB Gürcüstan, Moldova və Ukrayna üzrə strategiya qəbul etməli, o biri üzvlərdən daha çox iş görmüş Gürcüstana fayda verməli idi”, – məqalədə deyilir.

*** Buna da bax: Prezident: ‘İnsan haqlarının qorunmasına böyük önəm veririk’

DEKLARASİYA HEÇ NƏ VƏD ETMİR

Müəllif AB-nin Rusiyanın 2014-cü ildə Ukraynaya hərbi təcavüzüylə bağlı heç nə dilə gətirmədiyini də vacib məsələlər sırasında görür. Üçüncü mühüm məqam keçmiş sovet məkanında hüququn aliliyi və real özəl mülkiyyət hüquqlarının bərqərar olmasıdır ki, bu da AB-nin fokusunda deyil. Və nəhayət, dördüncü məsələ AB-dən maliyyə yardımı, AB bazarına daha artıq çıxış ola bilərdi.

Müəllif yazır ki, AB deklarasiyasında heç nə vəd olunmur, daha çox islahatlar aparanların gələcəkdə faydalanacağı bildirilir. Ancaq məsələn, islahatçı Gürcüstan hökumətinə də heç nə təklif edilmir.

AB-nin Şərq Tərəfdaşlığı ölkələrinə Brüsseldə verdiyi mesaj odur ki, az işə görə az şey təklif olunur. AB onların təhlükəsizliyi üçün heç nə etmir; yaxşı islahatları mükafatlandırmır; nə bazara çıxış, nə də maliyyə yardımı verir. Ancaq AB üçün Ukraynadan daha vacib ölkə varmı?” – müəllif sual edir.

Bu ölkələrin ən çox arzuladığı AB üzvlüyü ilə bağlı onlara hansısa vəd verilməsindən danışmağa da dəyməz. Ancaq yəqin, azından, bir şeyə görə minnətdar olmalıyıq, axı, AB üzvləriylə daha bir sammitdə bir araya gəldilər”, – məqalə bu sözlərlə tamamlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG