Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 18:59

Fuad Qəhrəmanlı və Taleh Bağırov Ali Məhkəməyə müraciət edib


Taleh Bağırov

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və «Nardaran işi» üzrə onlarla birlikdə mühakimə olunan daha 13 nəfər Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu haqda AzadlıqRadiosuna Nardaran məhbuslarının vəkillərindən Fariz Namazlı məlumat verib.

Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 18 nəfərdir. Onlardan 15-nin kassasiya şikayətlərini vəkillər Yalçın İmanov, Fəxrəddin Mehdiyev, Nemət Kərimli və Fariz Namazlı təqdim edib. Qalan üç nəfər Nardaran məhbusu – Şamil Abduləliyev, Rasim CəbrayılovCabbar Cabbarovun hüquqlarını isə Elçin Sadıqov və Zibeydə Sadıqova müdafiə edir.

Nardaran məhbuslarının kassasiya şikayətlərinə nə vaxt baxılacağı hələlik məlum deyil.

T.Bağırov və onunla birlikdə mühakimə olunan daha 16 nəfər 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat nəticəsində həbs olunub. Onlarla birgə məhkəmə önünə çıxarılmış F.Qəhrəmanlı isə Facebook səhifəsində Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə 2015-ci il dekabrın 8-də saxlanılıb.

T.Bağırov və onunla birlikdə həbs olunanlar qəsdən adam öldürmə, terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və başqa maddələrlə ittiham olunurlar. Amma onlar ittihamları rədd edirlər. Bildirirlər ki, onların heç birində silah olmayıb, namaz qıldıqları vaxt polislər evə hücum edərək atəş açıblar.

Nardaran məhbusları məhkəmədə bildiriblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırov və onun müavini Abbas Hüseynovun hər birinə 20 il, Cabbar Cabbarova 19, Rasim Cəbrayılova 17, F.QəhrəmanlıRamin Yarıyevə 10, qalan 12 nəfərə isə 14 il 6 ay həbs cəzası verilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG