Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:27

Prezident mübahisə doğuran dəyişiklikləri təsdiqlədi


İ.Əliyev

Prezident İlham Əliyev noyabrın 7-si «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişiklikləri təsdiqləyib.

Parlament ötən həftə bu dəyişiklikləri qəbul etmişdi.

Bu dəyişikliklərlə nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlib. Məqsədin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər. Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib, keyfiyyətli müdafiə həyata keçirə bilməməsi və vətəndaşların aldadılması hallarını göstərirlər. Bununla belə, yeni qanunda da istisna kimi istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verilib.

Parlament bir dəfə layihəni geri qaytarsa da, sonradan bəzi düzəlişlərlə qəbul edib.

Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə Praktik Hüquqşünaslar Qrupu hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti alitəhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali təhsil diplomu və bunun əsasında alınan etibarnamə ilə icra etməlidir. Buna uyğun olaraq, Mülki Prosessual Məcəlləyə və «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna müvafiq dəyişikliklər edilməlidir.

Təklif olunurdu ki, notariuslar məhkəmə işləri üzrə etibarnamə verərkən, nümayəndənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, diplomunun surətini də tələb etsin.

Təklifləri nəzərə alınmayan hüquqşünaslar indi isə mitinq keçirmək qərarına gəliblər. Bundan ötrü şəhər rəhbərliyinə də müraciət edilib.

Azərbaycanda Vəkillər Kollegiyasının 900-dən bir qədər çox üzvü var. Bəzi ekspertlərin fikrincə, bu dəyişikliklər ölkədə vəkil qıtlığı yarada bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG