Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:33

Respublikaçı Alternativ Partiyasının oktyabrın 29-na təyin olunan 1-ci təsis qurultayı təxirə salınıb.

Bu haqda REAL Hərəkatının bu gün, oktyabrın 27-sı keçirdiyi mətbuat konfransında məlumat verilib.

Mətbuat konfransında bildirilib ki, buna Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin qurultaya yer ayırmaqdan imtina etməsi səbəb olub.

Təşəbbüs qrupu üzvləri bildiriblər ki, yerlə bağlı dövlət orqanlarına yenidən müraciət olunacaq. Vurğulanıb ki, qurultayın noyabrda və ya dekabr ayının ilk həftəsonu keçirilməsi mümkündür.

«Rəsmi qurumların istənilən cavabından asılı olmayaraq, Respublikaçı Alternativ Partiyası 2017-ci ildə özünün 1-ci təsis qurultayını keçirəcək», - deyə hərəkat rəsmiləri mətbuat konfransında bildiriblər.

REAL Hərəkatı bu il oktyabrın 29-da qurultay keçirmək niyyətində idi. Qurultayda hərəkatın partiyaya çevriləcəyi gözlənirdi. Bu qərar sentyabrın 24-də hərəkatın rayonlardan və Bakıdan gələn təmsilçilərinin iştirakı ilə yekdilliklə qəbul edilmişdi. Həmin qərardan sonra Təşəbbüs qrupu qurultaya yer ayrılmasından ötrü Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müraciət Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Baş İdarəsinə göndərilmişdi.

Ancaq Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Respublikaçı Alternativ Partiyası Təşəbbüs qrupunun təsis qurultayı keçirməkdən ötrü yer ayrılması ilə bağlı müraciətinə müsbət cavab verməyib.

XATIRLATMA

REAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat respublikaçılıq ideyalarını üstün tutur.

Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki, azadlığa buraxılmayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG