Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:49

Hassan Rouhani: Yeni prezidentlik dövründə yeni sınaqlar


İranda tələbə etirazı
İranda tələbə etirazı

Avqustun 5-də özünün ikinci prezidentlik dövrünə qədəm qoyan İran prezidenti Hassan Rouhani həm ölkə daxilində, həm də xarici siyasətlə bağlı bir sıra yeni sınaqlarla üz-üzədir.

ABŞ-IN TƏZYİQİ VƏ NÜVƏ SAZİŞİ

Bu yaxınlarda gerçəkləşmiş nüvə sınaqlarının ardınca İrana təzyiqi artırmaqda olan Vaşinqton Tehranı beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə günahlandırır və 2015-ci ildə imzalanmış nüvə sazişini “uğursuz sövdələşmə” adlandırır.

Buna da bax:​ Amnesty International Avropa Birliyini İrana təzyiq göstərməyə çağırır

Donald Trump administrasiyası iki dəfə, apreldə və iyulda İranın nüvə sazişinə əməl etdiyini təsdiqləyib. Bu sazişə görə, İran sanksiyaların aradan qaldırılması əvəzində öz nüvə fəaliyyətini məhdudlaşdırıb. Ancaq Trump-ın öz komandasına bu sazişlə bağlı təsdiqi rədd etmək tapşırığı verdiyi deyilir. Xatırladaq ki, prezident Barack Obama dövründə imzalanmış bu sazişin tərəfləri təkcə ABŞ-la İran deyil, həm də 5 digər dünya dövlətidir. Oktyabrda saziş yenidən nəzərdən keçirilməlidir.

Trump iyulda "The Wall Street Journal" qəzetinə müsahibəsində deyib ki, onun özünə qalsa, çoxdan İranın müqaviləyə əməl etmədiyini elan edərdi.

"Düşünürəm ki, onlar müqaviləyə əməl etmirlər. Hesab edirəm ki, onlar bu ölkədən istifadə edirlər. Onlar nə etdiyini bilməyən Barack Obama adlı prezidentdən istifadə ediblər. Mən heç onların sazişə əməl edəcəyini də gözləmirəm”, – o deyib.

Buna da bax:​ Serzh Sargsian: 'İranın Ermənistanla xüsusi bağları var'

İranın yenidən seçilmiş prezidenti Hassan Rohani, 26 iyul, 2017
İranın yenidən seçilmiş prezidenti Hassan Rohani, 26 iyul, 2017

ÖLKƏİÇİ SINAQLAR

Prezident Rouhani ölkə daxilində də sınaqlarla üz-üzədir.

8 mindən çox tələbə hüquqları fəalı "İranın ali təhsil ocaqlarında problem və böhranların sınma nöqtəsinə çatdığı" barədə xəbərdarlıq ediblər.

İran Əmək Xəbər Agentliyinin (ILNA) yaydığı məktubda tələbələr "tələbə birliklərinə və nəşrlərinə təzyiqdən" və "Elm və Ali Təhsil Nazirliyinin susqunluğundan" gileylənirlər.

Fəallar prezident Hassan Rouhani-ni "təzyiqlərə duruş gətirməyə" qadir, "universitetlərin təbiətinin... danışıq mövzusu olmadığına" qətiyyətlə inanan bir şəxsi nazirliyin rəhbəri təyin etməyə çağırıblar.

Məktubda daha sonra deyilir: "Rouhani-nin birinci prezidentliyi dövründə lisenziyası və cədvəli olan bir çox tələbə proqramı, toplantısı və nitqi müxtəlif bəhanələrlə ləğv edilib və çox sayda tələbə fəalı məhkəməyə çağırılıb. ...Buna baxmayaraq, nazir və müavinləri bircə dəfə də təzyiqə sərt müqavimət göstərməyiblər. Bir çox hallarda isə universitet rəhbərləri belə əməlləri dəstəkləyənlərə qoşulublar".

Buna da bax:​ Rouhani mühafizəkarlara: 'Dövrünüz bitib'

3 MİN TƏLƏBƏYƏ STİPENDİYA NİYƏ VERİLİB

Tələbələr Mahmoud Ahmadinejad-ın prezidentliyi dövründə üzləşdikləri sərt məhdudiyyətləri yada salıblar. O zaman tələbələrin təşkil etdiyi tədbirlərin çoxu zorla ləğv edilir, tələbə fəallarsa təhlükəsizlik və ədliyyə qurumları tərəfindən məhkəməyə çağırılırdılar. Onda da nazirlik sükutunu pozmurdu.

İranda tələbə etirazı
İranda tələbə etirazı

“Keçmişdən qalan qaydalar hələ də universitetlərdə tələbələrin hər hansı yaradıcı mədəni, siyasi və elmi fəaliyyətinin qarşısını alır", – etiraz məktubunda deyilir.

Məktubda daha sonra deyilir ki, universitetlərdə mədəni fəaliyyətlər üçün nəzərdə tutulmuş vəsait yalnız mühafizəkar isteblişmentə sadiq tələbə birliklərinə paylanıb. Bəzi universitetlərdə tənqid səsləndirən tələbələrin yazılarının dərcinə icazə verilməyib, yaxud da onlar qəzet və jurnallarda çap edilməzdən öncə senzuraya məruz qalıb.

Buna da bax: İran: Trump administrasiyası “atmosferi zəhərləyir”

Prezident Mahmoud Ahmadinejad-ın hökuməti qanunsuz olaraq yaxşı ailə əlaqələri olan 3 min tələbəyə milli və xarici stipendiyalar paylayıb. Rouhani hakimiyyətə gələndə isə onun elm naziri Reza Faraji Dana həmin stipendiyaları geri çağırmağa çalışıb. Ancaq o, 2014-cü ilin avqustunda mühafizəkarların üstünlük təşkil etdiyi parlament tərəfindən vəzifəsindən kənarlaşdırılıb.

QORXU VƏ TƏZYİQ MÜHİTİ

Fəallar prezidenti "İranın ali təhsil sahəsində qeyri-akademik müdaxilələrə birdəfəlik son qoymaq üçün universitetlərin rəhbərliyinə cəsarətli, qabiliyyətli və güclü şəxsləri təyin etməyə" çağırıblar.

İranda bundan öncə də tələbələr və millət vəkilləri universitetlərdə hökm sürən qorxu və təzyiq atmosferindən şikayətləniblər.

Buna da bax:​ ABŞ İrana qarşı yeni sanksiyalar elan edir

Mayda keçirilmiş prezident seçkilərindən bir neçə həftə öncə ölkəboyu 72 tələbə birliyi Rouhani-dən universitet kampuslarında hökm sürən təhlükəsizlik atmosferinə son qoymağı, təhsil haqqının artmasını önləməyi və qadın tələbələrə qarşı ayrıseçkiliyi yasaqlamağı tələb ediblər.

Bu son məktubda həmin problemlərin heç birinin həllini tapmadığı bildirilir.

Rouhani uzun zamandan bəri kampuslarda təhlükəsizlik təqiblərinə və akademik məsələlərə kənar müdaxilələrə son qoymağa söz verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG