Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 18:20

Nazirlərin görüşü başa çatıb


Elmar Məmmədyarov

Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirlərinin iyulun 19-u Bakıda üçtərəfli formatda keçirilən görüşündə əsas siyasi və iqtisadi məsələlər müzakirə olunub.

Bu haqda görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

«Görüş zamanı enerji məsələləri müzakirə olundu. Gələn il TANAP (Trans Anadolu Qaz Kəməri) üzrə Azərbaycan qazı Türkiyəyə nəql olunacaq», - deyən nazir Türkmənistanın Cənubi Qaz Dəhlizinə (Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur) maraq göstərdiyini qeyd edib.

O, nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə də diqqət ayrıldığını ifadə edib.

Nazir növbəti toplantının Türkmənistanda keçiriləcəyini, həmin toplantıda 2018-2020-ci illər üzrə inkişafla bağlı yeni yol xəritəsinin müzakirə ediləcəyini bildirib. Görüşün tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

BİRGƏ BƏYANAT

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşünün yekununda birgə bəyanat da qəbul edilib.

Nazirlər bəyanatda qarşılıqlı fəaliyyətin vacibliyini qeyd ediblər. Onlar ən müxtəlif sahələrdə birgə səylərin gücləndirilməli olduğunu vurğulayıblar.

Bəyanata görə, dövlət başçılarının Türkmənistanda keçiriləcək üçtərəfli zirvə görüşü zamanı birgə biznes-forumun keçirilməsi imkanları nəzərdən keçiriləcək.

Sənəddə kiçik və orta sahibkarlıq müəssisələri arasında mövcud əməkdaşlığın davam etdirilməsindən də bəhs edilir. Nazirlər eyni zamanda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsinin əhəmiyyətini vurğulayıb, dəhlizə zəruri dəstəyin davam etdiriləcəyini bəyan ediblər.

XATIRLATMA

Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2014-cü il mayında Bakıda keçirilib.

2015-ci il yanvarın 29-da Aşqabadda keçirilən ikinci görüşün yekununda 2015-2017-ci illər üzrə Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlığının Çərçivə Proqramı qəbul olunub.

2015-ci il avqustun 28-də Antalyada üçüncü görüş keçirilib.

Belə üçtərəfli formatda iqtisadi, enerji, nəqliyyat və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG