Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 06:48

Avropa Məhkəməsi Əfqan Muxtarlı işini araşdırmağa başlayıb


Litvada "Əfqan Muxtarlı aksiyası"

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) jurnalist Əfqan Muxtarlının işini araşdırmağa başlayıb. AİHM iyunun 8-də Azərbaycan hökumətinə jurnalistin işi ilə bağlı suallar göndərib.

Əfqan Muxtarlının vəkillərindən Elçin Sadıqov AzadlıqRadiosu-na açıqlamasında deyib ki, həmin sualları cavablandırmaqdan ötrü 8 gün - iyunun 16-na kimi vaxt verilib. Hökumətin həmin suallara hansı cavab verdiyi, hələ ki, məlum deyil. Ancaq məhkəmə həmin cavablarla bağlı jurnalistin vəkillərini məlumatlandıracaq.

Buna da bax:​ Qafqazın açarı Tbilisidədir?

Avropa İnsan Haqları Məhkəməsi jurnalistin işini onun vəkillərinin Avropa Konvensiyasının 39-cu maddəsinə istinad edərək göndərdikləri şikayət üzrə araşdırmağa başlayıb.

E.Sadıqov AİHM-in araşdırmasının, artıq jurnalistin işinin istintaqında yeniliklərin baş verməsi ilə özünü büruzə verdiyini bildirib.

“İşgəncə ilə bağlı vəsatətlərimiz rədd olunmuşdu, indi deyirlər ki,…”

“Əfqan Muxtarlının işi ilə bağlı guya istintaq hərəkətlərinə başlanıb. Jurnalistin tibbi ekspertizasının nəticələri ilə bağlı qərarı bu gün (19 iyun) elan edəcəklər”, deyən vəkil bu qərarın anlaşılmaz olduğunu ifadə edib.

Buna da bax: Hüquq müdafiəçisi prokurorluğa çağırılıb

“Biz mayın 30-da vəsatət vermişdik. Əfqan Muxtarlının dərhal ekspertiza edilməsini tələb etmişdik. Məhkəmədə, bütün əlaqəli qurumlara müraciətimiz olmuşdu. Ancaq vəsatətlərimizin hamısı rədd edilmişdi. İndi isə deyirlər ki, işgəncədən 20 gün sonra qərarı elan edəcəyik”, – vəkil bildirib.

Onun sözlərinə görə, ekspertizanın qərarının verilməsi o zaman baş verir ki, xəsarət izləri tam silinib. Vəkil eyni zamanda Bakı İstintaq Təcridxanasının Ə.Muxtarlının üzərində heç bir xəsarət izinin olmaması barədə arayış tərtib edərək istintaqa təqdim etdiyini də qeyd edib.

“Əfqan Muxtarlı təcridxanaya aparılarkən ona tibb tarixçəsi açılıb. Həmin tarixçədə foto var. Fotoda jurnalistin üz nahiyəsindəki xəsarət izləri də aşkar görünür”, – vəkil deyib.

Buna da bax:​ Arif Hacılı Əfqan Muxtarlının işinə görə ifadə verib (VİDEO)

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Buna da bax:​ Deputat: 'Azərbaycanda olan problemi iqtidar da çox gözəl bilir'

Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG