Keçid linkləri

2017, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:20

Əli İnsanov məhkəməyə gəlməkdən imtina elədi


Əli İnsanov məhkəmə zamanı

Keçmiş səhiyyə naziri Əli İnsanovun 11 illik cəzası başa çatandan sonra onu yenidən 7 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilən şikayətə baxılır. İyunun 12-də Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə ilkin baxış iclası keçirilib. Sabiq nazirin apellyasiya şikayətinə Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Əli İnsanov vəkili Ağaveyis Şahverdi vasitəsilə ərizə göndərərək, məhkəmədə iştirakdan imtina edib.

Buna da bax:​ Əli İnsanovun şikayətinə baxılacaq

Vəkil sabiq nazirin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatət qaldırıb. Müdafiəçi bir sıra şahidlərin dindirilməsi, ekspertizaların keçirilməsini istəyib.

Ağaveyis Şahverdi deyir ki, Ə. İnsanovun xəsarət yetirdiyi iddia olunan Penitensiar Xidmətin əməkdaşı Anar Məmmədovla üzləşmə protokolu; sabiq nazirə məxsus olduğu iddia edilən psixotrop tərkibli dərmanlarla bağlı baxış və götürülmə protokolları; 13 saylı cəzaçəkmə müəssisəsinin rəisinin tərtib etdiyi akt və ekspert rəyi sübutlar siyahısından çıxarılmalıdır. Vəkilin sözlərinə görə, bu sənədlər kobud qanun pozuntusuyla əldə olunub və sübut kimi qiymətləndirilə bilməz.

Buna da bax:​ Əli İnsanova 7 il cəza verildi, 11 il cəza çəkəndən sonra [yenilənib]

“EKSPERTİZA İSTƏYİRİK”

Ağaveyis Şahverdi ekspertizaların təkrar keçirilməsi, əvvəl rəy vermiş ekspertlərin də məhkəmədə dindirilməsini istəyib: "Əli İnsanovun müəssisədə cırdığı iddia olunan protokol və içində psixotrop tərkibli dərmanlar saxladığı iddia olunan şüşə qablar məhkəməyə gətirilib araşdırılmadı. Əgər protokol və şüşə qaba Əli İnsanovun əli dəyibsə, üzərində onun barmaq izləri olmalıydı. Məhkəmədə bu məsələni qaldırsaq da, ekspertiza keçirilmədi. Ona görə də apellyasiya baxışında həmin əşyaların üzərində Əli İnsanovun əl-varmaq izlərinin olub-olmadığını müəyyənləşdirmək üçün ekspertiza keçirilməsini istəyirik".

Dövlət ittihamını müdafiə edən prokuror Ceyhun Budaqov vəsatətlərin təmin olunmamasını istəyib. Həmçinin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasını təklif edib.

Buna da bax:​ Əli İnsanov: 'Anar Təhməzov, o şüşə qabı ora kim qoymuşdu?'

Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra ilkin baxış iclasının qərarını elan edib. Qərara əsasən, vəsatət təmin olunmayıb, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılacaq.

Əli İnsanovun məhkəmədə iştirakına gəlincə, hakim bildirib ki, istənilən halda, onun saxlanıldığı 1 saylı Bakı istintaq təcridxanasına məlumat veriləcək.

Məhkəmə baxışı iyunun 22-nə təyin olunub.

Buna da bax: Əli İnsanov hakimiyyət üçün təhlükəlidirmi?

XATIRLATMA

Əli İnsanov 2005-ci ildə həbs edilib. Əvvəlcə vətənə xəyanətdə ittiham edilən keçmiş nazir daha sonra iqtisadi cinayətlərdə günahlandırılaraq 11 il azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Buna da bax:​ Əli İnsanov: 'Düşmənlərim bilsin ki, 100 il həbslə də sınmayacağam'

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu "siyasi məhbus" sayır.

Əli İnsanov bütün məhkəmələrində hazırkı iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib. O yeni ittihamları və təkrarən 7 il 5 gün həbs edilməsini hakimiyyətin onu bilərəkdən azadlığa buraxmamaq istəyi ilə izah edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG