Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:17

Əli İnsanov: 'Anar Təhməzov, o şüşə qabı ora kim qoymuşdu?'


Əli İnsanov
Əli İnsanov

Keçmiş səhiyyə naziri Əli İnsanov onu məhv etmək planının olduğunu deyir. Sabiq nazir bu haqda öz məhkəməsində danışıb.

Əli İnsanov deyir ki, sui-qəsd planı haqda ona xəbər çatıb. Amma heç bir təhlükə də onu sındıra bilməz: “Mən sınmayacam, əyilməyəcəm. Bunu hamı bilsin. Mənə qarşı sui-qəsd planı da var, bunu mənə çatdırıblar. Amma bilsinlər ki, Əli İnsanov ölümdən qorxmur, mübarizə aparmaq üçün yaşayır”.

Buna da bax:​ Əli İnsanov: 'Düşmənlərim bilsin ki, 100 il həbslə də sınmayacağam'

142 ƏDƏD DƏRMAN

Ə. İnsanovun 11 illik həbs cəzasının bitməsinə 56 gün qalmış onun haqqında başlanmış yeni cinayət işinə hazırda Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Mustafayev baxır. Aprelin 12-də keçirilən məhkəmədə prokuror ittiham aktını elan edib.

İttihamda yazılıb ki, 2016-cı il avqustun 23-də Ədliyyə Nazirliyinin əməkdaşları 13 saylı cəzaçəkmə müəssisəsində yoxlama keçirib. Həmin vaxt Əli İnsanova məxsus yorğanın arasından şüşə qabda, bir də otaqdakı soyuducudan ümumilikdə 142 ədəd dərman tapılıb. İttihama görə, müəssisədə açarla bağlı olan bu otaqda Əli İnsanov və Anar Təhməzov adlı bir məhkum əşyalarını saxlayırmış. Ekspertiza tapılan dərmanların tərkibində narkotik maddə və psixotrop maddələr aşkarlayıb. Ədliyyə Nazirliyinin əməkdaşları protokol tərtib edərkən Əli İnsanovu çağırıblar. Keçmiş nazir əvvəlcə protokolu cırıb, daha sonra Ədliyyə Nazirliyinin mayoru Anar Məmmədovun yaxasından tutub itələyib, onun başı qapıya dəyib, yıxılıb, huşunu itirib, baş-beyin silkələnməsinə səbəb olan xəsarət alıb.

Buna da bax: Əli İnsanovun məhkəməsinə jurnalistlər buraxılmadı

Əli İnsanov
Əli İnsanov

“HAKİMİYYƏTİN MÜXALİFİYƏM”

Əli İnsanov ittihama belə münasibət bildirib: “Mən bütün böhtanları eşitdim, nədə ittiham olunduğumu bilirəm. Qondarma ittihamdır, qətiyyən özümü təqsirli bilmirəm”.

Ardınca keçmiş nazir ifadə verərək bildirib ki, məhkəmənin gedişindən narazıdır, vəkillərinin verdiyi vəsatətlərin heç biri təmin olunmayıb. Vəsatətlərin rədd olunması da əsaslandırılmayıb.

Alternativ qətimkan tədbirlərinin tətbiqi ilə bağlı Prezidentin sərəncamının da kağız üzərində qaldığını deyən İnsanov siyasi baxışları haqda da danışıb: “Bunu hamı bilsin ki, mən dövlətin və dövlətçiliyin müxalifi deyiləm. Mən bügünkü hakimiyyətin müxalifiyəm. Məhkəmədən də xahiş edirəm ki, bunları qarışdırmayın. Dövlətin qanunları tapdalanır, mən buna etiraz edirəm, buna görə mübarizə aparıram”.

Buna da bax:​ Əli İnsanov ev dustaqlığına buraxılmadı

1 MİLYON YARIM QONORARA HƏBS QOYULUB

Əli İnsanov deyir ki, ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyulub, işlə təmin olunmalarına imkan verilmir, müəllifi olduğu kitabların, icad etdiyi “İnsanovin” dərmanının ölkəyə gətirilməsinə icazə verilmir. Hətta o dərmandan əldə olunmuş qonorarının da üzərinə həbs qoyulub: “Hesabımda dərmanımdan əldə olunan 1 milyon yarım qonorar olduğu halda, indi cibimdə pul yoxdur. Çünki qonorar olan hesabıma məhkəmə qeyri-qanuni həbs qoyub. Mənə olan münasibət Hitlerin ölüm düşərgəsindəki əsirlərə olan münasibətdir. Bunu kim və necə izah eləyə bilər, necə oldu ki, mən 70 yaşımda narkoman oldum? Necə oldu ki, qaldığım yerdən, mənim yatağımdan yox, başqa yerdən mənim dərmanlarım çıxdı? Dərmanlarım orada nə gəzirdi? Olmazdımı ki, o dərmanlar aşkarlananda, protokol tərtib ediləndə mən də orada olaydım? Təsəvvür edin, müəssisədən narkotik tapılır, amma kimsə cəzalandırılmır, əksinə, vəzifələri artırılır”.

Əli İnsanov deyir ki, mərhum prezident Heydər Əliyevə kömək elədiyinə görə peşman deyil: “O, xalqa, mən də ona lazım idim. Ümumiyyətlə, etdiklərimin heç birinə görə peşman deyiləm”.

Buna da bax:​ Cəmil Həsənli Əli İnsanovu müdafiə etdi

“MƏN ATLETƏM Kİ...”

Axtarış aparan mayor, iş üzrə zərərçəkmiş qismində tanınan Anar Məmmədova xəsarət yetirməsinə gəlincə, Əli İnsanov bu ittihamın da uydurma olduğunu söyləyib: “Mən atletəm ki, o boyda məsafədən tullanıb, Anarın əlindən protokolu alıb cırım, sonra da ona yumruq atım?”

Anar Məmmədov özü də ifadə verib. Deyib ki, müəssisədə yoxlama aparanda açarla bağlı ayrıca otaq diqqətlərini çəkib: “Müəssisənin əməkdaşlarından soruşduq ki, niyə bağlıdır qapısı? Məhkumlardan biri dedi ki, bura Anarındır. Biz müəssisə əməkdaşlarına tapşırdıq ki, həmin məhkum Anar Təhməzovu çağırsınlar. Gəldi, dedi ki, orada həm onun, həm də Əli İnsanovun əşyaları var. Dörd çantanın da ikisi onun, ikisi isə Əli İnsanovundur. Çantaların birinin içində yorğan vardı, onun arasından şüşə qab çıxdı, içində dərmanlar vardı. Bunları protokollaşdırdıq. Əli İnsanovu çağırmaq istədik, dedilər, vəkili ilə görüşdədi. Sonra Əli İnsanov rəisin otağının yanındakı boş otağa gətirildi. Bildirdi ki, əşyalar onundu, amma şüşə qabdakı dərmanlar ona məxsus deyil. Protokolu tərtib edəndə Əli İnsanov protokolu cırdı, məni itələdi, poqonuma əl atdı, cırdı. İtələyəndə başım taxta qapının tininə dəydi, huşumu itirib, yerə yıxıldım. 30-35 gün xəstəxanada müalicə aldım”.

Buna da bax: Əli İnsanov hakimiyyət üçün təhlükəlidirmi?

“HAMISI HALAL XOŞUN OLSUN”

Əli İnsanov Anar Məmmədovun yalan danışdığını bildirib. Əlavə edib ki, vaxtilə bu zərərçəkmişin atası Gülməmməd Məmmədovla dost olub. Dostluqları da onu müalicə edib, ölümdən qurtarmasından başlayıb: “Rəhmətliklə qardaş kimi idik. İndi gözlərimə inana bilmirəm. Mən Anarı qınamıram. Şüurlu şəkildə bu işə gedib, özü bilər, nə edir, etsin. Yəqin, ona da vəzifə verəcəklər”.

13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Azər Hacıyev, orada saxlanılmış məhkumlar, o cümlədən dərmanların saxlanıldığı otağa sahiblik etdiyi iddia olunan Anar Təhməzov da dindirilib. Anar Təhməzov Novruz bayramı ərəfəsində əfv sərəncamı ilə azadlığa buraxılıb.

“Səni təbrik edirəm, azadlığa çıxmısan. Narahat olma, kef elə. Bir yerdə o qədər çörək yemişik ki... Hamısı halal xoşun olsun. Anar Təhməzov, o şüşə qabı ora kim qoymuşdu? Bəlkə elə səni həbsdən buraxmaq şərti ilə özünə qoydurublar ora?”, - Əli İnsanov ondan soruşub.

Buna da bax:​ Əli İnsanov bəyanat verdi

Anar Təhməzov “Mən qoymamışam. Bilmirəm” cavabını verib.

Məhkəmə aprelin 19-da davam edəcək.

Xatırlatma

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib. Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb.

Buna da bax:​ Azər Rəşidoğlu: 'Əli İnsanova qarşı bu addım gözlənilən idi'

Əli İnsanov ittihamı qəbul etmir, bütün bunları böhtan adlandıraraq bildirir ki, bu cinayət işi onu həbsdən buraxmamaqdan ötrü siyasi sifarişlə quraşdırılıb və saxtadır. Keçmiş nazirin sözlərinə görə, sifarişçi də birbaşa prezident İlham Əliyevin özüdür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG