Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:43

Əli İnsanova 7 il cəza verildi, 11 il cəza çəkəndən sonra [yenilənib]


Keçmiş səhiyyə naziri Əli İnsanov
Keçmiş səhiyyə naziri Əli İnsanov

Aprelin 26-da Qaradağ Rayon Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanova 7 il 5 gün cəza verildi. Dövlət ittihamçısı ona 8 il 9 gün iş istəmişdi.

Hakim Rəşad Mustafayev 15 dəqiqəlik müşavirədən sonra hökmü elan edib.

Vəkili Toğrul Babayev AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Beləlklə, 2005-ci ildən həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova yenidən hökm oxunub. Aprelin 26-da Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Mustafayevin çıxartdığı hökmə əsasən, sabiq nazir 7 il 5 gün azadlıqdan məhrum edilib.

Buna da bax:​ Əli İnsanov: 'Düşmənlərim bilsin ki, 100 il həbslə də sınmayacağam'

Bu hökm Əli İnsanovun 11 illik cəzasının bitməsinə 56 gün qalmış başlanmış cinayət işi üzrə çıxarılıb. İttihama görə, Əli İnsanovun yorğanının arasından psixotrop dərmanlar tapılıb, cəzaçəkmə müəssisəsində yoxlama aparan mayor Anar Məmmədovun əlindən protokolu alıb cırıb, paqonunu cırıb, özünü də vurub yıxıb, nəticədə o, kəllə-beyin travması alıb.

Hökmdən əvvəl məhkəmədə prokuror çıxış edib. Əli İnsanova qarşı ittihamların məhkəmədə sübuta yetirildiyini deyən prokuror sabiq nazirin 8 il 9 gün azadlıqdan məhrum edilməsini təklif edib.

Buna da bax:​ Əli İnsanov: 'Anar Təhməzov, o şüşə qabı ora kim qoymuşdu?'

“HAKİM ƏDALƏTLİ QƏRAR ÇIXARA BİLMƏZ”

Prokurordan sonra Əli İnsanovun vəkilləri Ağaveyis Şahverdi və Toğrul Babayev müdafiə çıxışı edib.

Ağaveyis Şahverdi bildirib ki, Əli İnsanov heç bir cinayət törətmədiyi halda, 10 il 10 ay həbsdə saxlanılıb. 11 illik qanunsuz cəzanın bitməsinə iki ay qalmış daha bir saxta cinayət işi quraşdırılıb: "Əli İnsanov saxta cinayət işini quraşdıranların cəzalandırılması üçün Qaradağ Rayon Prokurorluğuna vəsatətlə müraciət edib. Amma onun vəsatətinə cavab verilməyib.

Məhkəmə də qərəzli olaraq, müdafiə tərəfinin vəsatətlərini təmin etməyib, yalnız ittiham tərəfinin sübutları araşdırılıb".

Buna da bax: Əli İnsanov hakimiyyət üçün təhlükəlidirmi?

Ağaveyis Şahverdi işə baxan hakim Rəşad Mustafayevə etiraz verib. Etirazını da belə əsaslandırıb ki, bu hakim martın 1-də Əli İnsanov barəsində həbs-qətimkan tədbirinin müddətini 1 ay uzadıb. Uzatma qərarında sabiq nazirin təqsirsizlik prezumpsiyası hüququnu pozaraq, hələ heç cinayət işinə məhkəmədə baxılmamış onun cinayət əməlinin sübuta yetirildiyini yazıb: "Ona görə də bu işə baxıb ədalətli qərar çıxara bilməz".

“KİMƏ CƏZA İSTƏYİRSİZ?”

Digər vəkil Toğrul Babayev də etirazı müdafiə edib. Bildirib ki, Əli İnsanov heç bir cinayət törətməyib: "Olmayan cinayətə görə 8 il cəza istəyərlərmi? Siz kimə cəza istəyirsiz? 13 il Heydər Əliyevlə çiyin-çiyinə işləmiş adama? Akademikə? YAP-ın qurucularından birinə?"

Hər iki vəkil Əli İnsanova bəraət verilməsini istəyib.

Buna da bax: Əli İnsanovun 50 minlik şikayətinə 'yox' deyildi

Hakimə etiraz baxılmamış saxlanılıb.

Ardınca Əli İnsanov son sözünü deyib. Sabiq nazir bildirib ki, bütün bu baş verənlərə, ona 8 il cəza istənilməsinə baxmayaraq, çox rahat və nikbindir.

"Burada baş verənlər, istənilən cəza məndə heç bir isterika yaratmayacaq ki, kiminsə ünvanına təhqir yağdırım. Buna mənim tərbiyəm yol vermir. Bu yalanları belə pafosla necə deyirsiz? Bununla hara gedirsiz? Bu baş verənləri özümə qarşı terror kimi qəbul edirəm. Bir akademikə qarşı terror bütün xalqa terror deməkdir. Guya mən hardasa narkotik tərkibli dərmanlar saxlamışam. Bu yalana göstəriş verənlər də, ona hüquqi don geyindirənlər də elə bu işi düzüb-qoşan serjantın səviyyəsinə düşüb. Görün Azərbaycan nə gündədir...", - Əli İnsanov son sözündə belə deyib.

Buna da bax:​ Əli İnsanov bəyanat verdi

“BU YOLA KƏFƏNLƏ ÇIXMIŞAM”

Sabiq nazir bildirib ki, heç bir cəza onu sındıra bilməz: "Sizi öyrədib bura göndərənlərə çatdırın ki, Əli İnsanovun dəmir barmaqlıqlar arxasında kədər heykəlinə dönməsini görməyəcəklər. Əli İnsanov mübarizə üçün doğulub. Bilin və agah olun, Əli İnsanov ölümlə rəqs edənlərdəndir. Mən bu yola kəfənlə çıxmışam. 11 ildə 107 məhkəməm olub, bu, 108-cidir. Bu məhkəmələrin birində də mənim xeyrimə qərar çıxarılmayıb. Bu Ginnesin rekordlar kitabına düşəcək hadisədir".

Əli İnsanov çıxışının sonunda bəraət hökmü və onun əleyhinə ifadə vermiş zərərçəkmiş mayor Anar Məmmədovun barəsində xüsusi qərar çıxarılmasını istəyib. Bildirib ki, Anar Məmmədov və yalan danışan başqa şahidlər saxtakarlıqda iştiraklarına görə cəzalandırılmalıdır.

Buna da bax:​ Azər Rəşidoğlu: 'Əli İnsanova qarşı bu addım gözlənilən idi'

Ardınca hakim Rəşad Mustafayev hökm çıxarmaq üçün müşavirəyə gedib. Təxminən 15 dəqiqə sonra geri qayıdaraq, Əli İnsanovun 7 il 5 gün azadlıqdan məhrum edilməsi haqda hökmü elan edib.

Əli İnsanova daha 7 il həbs cəzası
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

XATIRLATMA

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib. Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb.

Buna da bax:​ 'Yazıblar göy rəngli dərman... halbuki, o dərman rəngli olmur'

Ə. İnsanov ittihamı qəbul etmir, bütün bunları böhtan adlandıraraq bildirir ki, bu cinayət işi onu həbsdən buraxmamaqdan ötrü siyasi sifarişlə quraşdırılıb və saxtadır. Keçmiş nazirin sözlərinə görə, sifarişçi də birbaşa prezident İlham Əliyevin özüdür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG