Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Vəkil: 'Penitensiar xidmət vədinə əməl etməyib'


İlqar Məmmədov

“İlqar Məmmədovun bel ağrılarında nisbi azalma olsa da, tam aradan qalxmayıb”

Bunu AzadlıqRadiosu-na vəkil Cavad Cavadov martın 29-da 2 saylı Cəzaçəkmə Müəssisəsində REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşdən sonra bildirib.

C.Cavadovun sözlərinə görə, martın 24-də İlqar Məmmədovu müayinə edən Ədliyyə Nazirliyinin Tibb Xidmətinin təmsilçiləri ağrıların kəskin osteoxondrozdan (Osteoxondroz – fəqərə sütunu xəstəliyi) yarandığını bildiriblər:

Buna da bax:​ İlqar Məmmədovun səhhəti pisləşib

“Bununla yanaşı İlqar Məmmədov bel ağrılarının yaranmasının başqa səbəblərinin olduğunu da deyib. Cəzaçəkmə müəssisəsindəki çarpayılar və oturacaqlar (taburetka) minimal standartlara cavab vermir. Çarpayılar dəmirdir və çürüyüb”.

C.Cavadov deyir ki, məhbuslar vəziyyətdən çıxmaqdan ötrü çarpayıların çürümüş hissələrinə taxta qoyub yatırmışlar. 2016-cı ilin dekabrından həmin taxtalar yığışdırılıb.

Vəkil qeyd edir ki, Ədliyyə Nazirliyinin mütəxəssislərinin İlqar Məmmədovun ortopedik çarpayı və oturacaqla təmin ediləcəyi vədi, hələlik, söz olaraq qalır.

Buna da bax: Vəkil: 'İ.Məmmədovu xarici həkimlərin müalicə etməsini istəyirik'

C.Cavadovun deməsinə görə, İ.Məmmədovu xarici mütəxəssislərin müayinə etməsi istəyi də qüvvədə qalır:

“Hələ ki, icazə alınmadığına görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də İ. Məmmədovla görüşməyib. Bilirsiniz ki, bununla bağlı komitəyə və digər beynəlxalq qurumlara müraciət olub. İ. Məmmədov həmçinin, Avropa İnsan Haqları Məhkəməsinin, Avropa Şurası Nazirlər Komitəsinin onun həbsdən azad edilməsi ilə bağlı qərar və qətnamələrinin yerinə yetirilməsini tələb edir”.

İlqar Məmmədov ötən həftə ailəsinə zəng vuraraq səhhətinin ağırlaşdığını bildirmişdi. O, xarici həkimlərin müayinəsindən keçmək istədiyini də ailə üzvlərinə çatdırmışdı. Bundan sonra REAL Hərəkatı İ.Məmmədovun bu istəyi ilə bağlı bir sıra beynəlxalq təşkilata müraciət etmişdi.

Buna da bax:​ Penitensiar Xidmət İlqar Məmmədovun istəyinə münasibət bildirdi

Daha sonra Ədliyyə Nazirliyinin Tibb Xidmətinin təmsilçiləri İlqar Məmmədovu müayinə etmişdilər. Vəkillərinin deməsinə görə, Ədliyyə Nazirliyinin mütəxəssisləri İlqar Məmmədovun ortopedik çarpayı və oturacaqla təmin ediləcəyini bildirmişdilər.

Üstəlik, Penitensiar Xidmətin (PX) mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov REAL liderinin müayinəsinə xarici mütəxəssisin cəlb edilməsi ilə bağlı istəyinə də yaşıl işıq yandırmışdı:

«Məhkumlar təkcə Penitensiar Xidmətdə fəaliyyət göstərən həkimlərin yox, həmçinin istədikləri mütəxəssislərin müayinəsindən keçə bilər. Yəni, Penitensiar Xidmətin həkimlərinin nəzarəti ilə öz hesabına müalicə edilə bilər, bu, qanunvericiliyin tələbidir», - deyə o qeyd edirdi.

Vəkilin son açıqlamasına isə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Buna da bax: 'Səhiyyə nə gündədirsə, həbsxanalarda da durum eynidir' [video]

XATIRLATMA

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Buna da bax:​ Qəzetlər həbsxanalardakı vəziyyətdən həyəcan dolu yazılar verir

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG