Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 09:05

Mərkəzi Bank: 'İnflyasiya templəri azalıb'


Azərbaycan Mərkəzi Bankı.

Baş bank uçot dərəcəsini dəyişmədi

Martın 10-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin növbəti iclası keçirilib.

Bu gün, martın 13-də AMB-dən yayılan məlumata görə, iclasda son makroiqtisadi proseslər, inflyasiyaya təsir edən amillər, bu amillərin idarə olunmasından ötrü görülən tədbirlər və pul siyasətinin reallaşmasının gedişi müzakirə olunub.

Buna da bax:​ 'Xarici borc artır, nisyə dəftərlərində adlar çoxalır'

Məlumata görə müzakirələrdə qeyd edilib ki, neftin qiymətinin artması, əvvəlki ilin son rübünün orta aylıq göstəricilərinə nəzərən qeyri neft məhsullarının idxalının azalması və nəticədə tədiyə balansının cari hesabında tarazlaşma meyllərinin başlaması makroiqtisadi sabitliyə müsbət təsir edib.

AMB qeyd edir ki, pul kütləsinin effektiv idarə olunması, pul və fiskal siyasətlərin sıx əlaqələndirilməsi, valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş kompleks tədbirlər inflyasiya risklərinin çevik tənzimlənməsinə imkan verib:

“Görülən tədbirlər və müşahidə edilən müsbət proseslər daha çevik məzənnə rejiminə keçiddən ötrü əlverişli şərait yaradıb. AMB məzənnə rejiminin çevikliyini artırmaq istiqamətində bir sıra qərarlar qəbul edib. Yeni valyuta hərracı mexanizminin tətbiqi, xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limitin aradan götürülməsi valyuta bazarına təsir göstərib. Cari ilin ötən dövründə milli valyutanın bir qədər möhkəmlənməsi trendi müşahidə olunub ki, bu da inflyasiya gözləntilərinin yaxşılaşmasını şərtləndirib”.

Buna da bax:​ 'Dolların ucuzlaşması daha çox vergi və gömrüyə təsir göstərir'

Baş bank hesab edir ki, qeyd olunan proseslər fonunda bu ilin fevralında əvvəlki aya nisbətən inflyasiya templərinin azalması müşahidə olunub. “Qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsinin tətbiqinin effektivliyindən, tədiyə balansında və valyuta bazarında müsbət trendlərin davam etməsindən asılı olaraq cari ilin sonuna birrəqəmli inflyasiya səviyyəsinə nail olmaq imkanları yaranıb”, - deyə məlumatda vurğulanıb.

Qeyd edilənləri nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin dəyişməz saxlanması barədə yekdil qərar qəbul edib.

Buna da bax:​ İnflyasiya gəlirləri 'yeyir'

Rəsmi açıqlamalara görə, ötən il Azərbaycanda inflyasiya təqribən 12 faiz təşkil edib. Müstəqil iqtisadçılar isə əslində ötən il inflyasiyanın reallıqda daha yüksək olduğunu bəyan etmişdilər.

AMB son dəfə ötən ilin sentyabrın 14-də likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12, yuxarı həddini 18, uçot dərəcəsini isə 15 faizə qaldırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG