Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:48

İnflyasiya gəlirləri 'yeyir'


Məcburi köçkünlərin məskunlaşdığı yataqxana.
Məcburi köçkünlərin məskunlaşdığı yataqxana.

Məcburi köçkünlərə dövlət qayğısı, sabitlik, bahalaşma, inflyasiya və qida zəhərlənmələrinin artması bu gün medianın aparıcı mövzusudur...

HUMANİZMİN TƏZAHÜRÜ

«Azərbaycan» qəzetində «Yüksək humanizmin əyani təzahürü» sərlövhəli məqalədə dövlət başçısı İlham Əliyevin məcburi köçkünlərlə bağlı ötən ay imzaladığı fərmana etdiyi dəyişikliklər dəyərləndirilir.

Prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalayıb.

Həmin sənədə əsasən, məcburi köçkünlərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılırdı. Bunun əvəzinə onlara hər ay 36 manat vahid aylıq müavinət veriləcək.

Dəyişikliklərdə isə qeyd edilir ki, fərdi qaydada sayğacların quraşdırılması, texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerində təbii qazla təmin olunmayan məcburi köçkünlər istisna təşkil edəcək. Onların kommunal ödənişləri yenə dövlət hesabına həyata keçiriləcək.

Müəllif yazır ki, məcburi köçkünlərin zəruri şərait ilə təmin edilməsi istiqamətində dövlət başçısının yürütdüyü siyasət nəinki yurd-yuvasından qovulanların problemlərini aradan qaldırır, eyni zamanda onların sabaha inamlarını artırır: «Təbii ki, bütün bunlar dövlət başçısı İlham Əliyevin humanist və sosial siyasətinin nəticəsidir...».

Müəllif vurğulayır ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəməkdən ötrü hüquqi və sosial-iqtisadi sahədə böyük işlər görür. Onlara 89 qəsəbə salınıb, 230 min qaçqın və məcburi köçkün bu qəsəbələrə köçürülüb.

Foto illüstrasiya.
Foto illüstrasiya.

SABİTLİK NAĞILI

Azadliq.info saytında «Ölkəmizdəki «sabitlik»lə öyünəkmi?» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, hökumət xalqı aldadır: «2015-ci ilə qədər analoqsuz inkişafdan danışdılar. «Bəlkə bir az yavaşlayaq» bəyanatı verdilər. Milyardları havaya sovurdular və nağılın bu hissəsi bitdi».

Müəllifə görə, indi hökumət «sabitlik nağılı» danışır.

Yazıda qeyd edilir ki, hakimiyyət hər dəfə dünyadakı münaqişə ocaqlarını göz önünə gətirir və insanlara «əsas odur ki, ölkəmizdə sabitlikdir» arqumentini çatdırır: «Bəs, əslində necədir? Əslində, ölkədə sabitlik çoxdan pozulub. Suriyada insanlar topun-tüfəngin qurbanı olur, Azərbaycanda isə biganəliyin, talançılığın, hüquqsuzluğun. Minimum əməkhaqqının 116 manat olduğu ölkədə sabitlikdən danışmaq absurddur. İnsanlar normal qidalana, müalicə oluna, təhsil ala bilmirlərsə, hansı sabitlikdən danışırıq?».

Müəllifə görə, bir ölkədə ki, hər gün bir neçə intihar baş verirsə, o ölkədə sabitlik yoxdur.

Yazıda vurğulanır ki, Azərbaycanda insanlar terrorla, silahla öldürülmür. Amma ehtiyac bataqlığında boğulurlar: «Bu ölkənin yüz minlərlə ailəsinin soyuducusunda, minlərlə tələbənin təhsil həyatında, minlərlə insanın səhhətində sabitlik pozulub. Adamların sabit şəkildə ölməsini sabitlik adlandırmaq olarmı?».

Müəllifə görə, təhsilin, səhiyyənin, məhkəmə sisteminin məhv edildiyi ölkədə sabitlikdən danışmaq yersizdir: «Seçki saxtakarlığı, korrupsiya, inhisarçılıqla barışan cəmiyyətə güllə səslərinin eşidilməməsini sabitlik kimi sırımaq mümkün olur».

Eyyub Hüseynov
Eyyub Hüseynov

KİMDİR GÜNAHKAR?

«Exo» qəzetində «Qida təhlükəsizliyi Azərbaycanda: zəhərləniblər - günahkar özləridir» sərlövhəli məqalə oxumaq olar. Ekspert Eyyub Hüseynov qida təhlükəsizliyi ilə bağlı qəzetə bunları deyib: «Ölkənin dövlət qurumları keyfiyyətsiz qida məhsullarının qəbulu nəticəsində yaranan zəhərlənmə faktlarını gizlədir. Səhiyyə Nazirliyi cəzadan yaxa qurtara bilmək üçün günahkar istehsalçı şirkətlərə himayəçilik edir. Belə ki, sahibkarlara gigiyenik sertifikatları məhz bu qurum verir».

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, əgər təhqiqat zamanı zəhərlənmənin keyfiyyətsiz məhsuldan baş verdiyi üzə çıxarsa, həmin məhsullar bazardan çıxarılmalıdır: «Azərbaycanda belə etmirlər. Çünki bu, biznes mühitinin inkişafına ciddi zərbə ola bilər. Odur ki, Gigiyena və Epidemiologiya Mərkəzinin hesabatlarında keyfiyyətsiz məhsuldan nə qədər insanın əziyyət çəkməsi məlum olmur».

Ekspert deyib ki, bu günə kimi hələ bir iri istehsalçı vətəndaşın zəhərlənməsinə görə ittiham olunmayıb. Qida məhsulundan zəhərlənməyə görə hələ ölkədə bir nəfərə belə kompensasiya ödənməyib. E.Hüseynov deyib ki, qidadan zəhərlənənlərin real statistikası rəsmi göstərilən rəqəmlərdən dəfələrlə çoxdur. Ekspert hesab edir ki, Azərbaycanda əsas problem «Qida təhlükəsizliyi haqqında» Qanunun olmamasıdır.

Bakıda supermarket.
Bakıda supermarket.

İNFLYASİYA İLƏ NECƏ MÜBARİZƏ APARMALI?

«Novoye Vremya» qəzetində «İnflyasiya ilə necə ayaqlaşaq» sərlövhəli məqalə diqqəti çəkir.

Müəllif yazır ki, toyuq yumurtasının qiyməti nisbətən ucuzlaşıb. Ancaq bu fonda toyuq budlarının, ətin, kərə yağının və başqa ərzaq məhsullarının qiyməti bahalaşıb.

Müəllif hesab edir ki, Dövlət Statistika Komitəsinin açıqlamadığı rəqəmlərlə müqayisədə reallıqda qiymət artımı daha yüksəkdir.

Yazıda vurğulanır ki, komitə ötən il inflyasiyanın 12 faiz olduğunu bildirib. Reallıqda inflyasiya bundan da yüksək olub: «Şəffaflıq və real dəyərləndirmə inflyasiya ilə səmərəli mübarizəyə kömək edə bilər. Amma Nazirlər Kabineti təmsilçiləri vəziyyəti dərk etmirlər».

Müəllif baş nazirin müavini Əli Əhmədovun qiymət artımı ilə bağlı həyəcan qaldırmağa əsas olmaması, hökumətin bununla mübarizə aparması haqda dediklərini əsassız sayır.

Yazıda vurğulayır ki, problemlər tək qiymət artımı ilə bitmir. Büdcə qurumlarında çalışanlara, pensiyaçılara ödənişlərin vaxtında verilməməsi üzə çıxıb. Kadr ixtisarları və işsizlik özünü kəskin göstərir. Müəllifə görə, qanuna baxmayaraq, əslində, maaşların indeksasiyası aparılmır. inflyasiya gəlirləri «yeyir».

XS
SM
MD
LG