Tanınmış rus kinodramaturqu Yuri Arabov bu ilin əvvəlində ssenari müəllifi olduğu “Rahib və cin” filminə görə “Qızıl qartal” mükafatına layiq görülüb.
XIX əsrə aid bir kişi monastrından bəhs eləyən filmdə kilsəyə kifayət qədər kinayəli münasibət sərgilənib. Y. Arabov "Openrussia" internet qəzetinə verdiyi müsahibədə Rusiya Pravoslav Kilsəsinə münasibətindən, Krım problemindən və Alexei Uchitel'in “Matilda” filmi ilə bağlı radikal dindarların yaratdığı qalmaqaldan danışır.
- “Rahib və cin” filmi tragikomediyadır, orda kilsə ilə bağlı çoxlu gülməli məqamlar var. Kilsənin mükəmməl olmadığı mövzusuna toxunarkən balansı qorumağa çalışmışdınız? Rusiya Pravoslav Kilsəsi qüsurlarının üzə vurulmağını o qədər də sevmir.
- Belə bir məqsədim qətiyyən yox idi. Müasir kilsənin irinli yaraları həddindən çoxdu. Mən bilmirəm, onlara necə əllərlə toxunmaq olar... Çox güman ki, ateist əllərlə... Odur ki, ateist olmadığıma görə məni narahat eləyən məsələlərdən məlum şərtlərlə və yavaş səslə danışa bilərəm. Amma çox istəyirsinizsə, ən vacib problemi izah eləməyə çalışaram... Ruhanilər arasındakı əmlak qeyri-bərabərliyini hər kəs görür – paytaxt kilsələrinin qarşısındakı bahalı maşınları və kənd kilsələrindəki yoxsulluğu... Elə bir yoxsulluq ki, vergiləri ödəməyə belə pulları yoxdu. Ancaq ən dramatik başqa şeydi – birinci yerdə “düşmənlərinizi sevin”, “İsanın qarşısında nə ellinli var, nə yəhudi” dayanmır. Öndə olan “istənilən hakimiyyət Tanrıdan gəlib” ideyasıdır. Həvari Pavelə məxsus olan bu misra hazırda bəzi ruhanilər üçün bütün İncili əvəz eləyir, o bizim dinimizin vizit kartına çevrilib. Əgər “bütün hakimiyyət tanrıdandısa” onda bürokratiyaya niyə ağız büzürsən? Bir halda ki, “istənilən hakimiyyət Tanrıdandı”, onda niyə polisdən effektiv iş tələb eləyirsən?.. Bizim polisimizi də, "Yol Polisi"ni də Tanrı göndərib. Məgər, bunu anlamırsan, miskin? Öz vətəndaş haqların uğrunda mübarizə aparırsansa, deməli, sən tanrıa qarşı mübarizə aparırsan. Get, tövbə elə, ondan sonra ağzını aç... Meydanı dağıdıblar, ya da qoruq parkda yüz yaşlı ağacları kəsiblər? Tanrı belə istəyib. Tanrı istəyir ki, sən çirkli qazda boğulasan. Niyə? Orasını biz bilmirik, çünki Tanrıın işlərindən baş açmaq imkansızdı... Bunun, İncilin parodiyası olduğuna heç bir şübhə yoxdu. Nə Volter, nə Demyan Bednıy kilsəyə daha böyük zərbə vura bilməzdilər, nəinki xristianlıq ruhunun bu şəkildə saxtalaşdırılması... Bununla zorakılığın müqəddəsləşdirilməsi arasında bircə addım məsafə var. Çünki zorakılıq istənilən dövlətin – avtoritar dövlətin də, demoktarik dövlətin də - funksiyalarından biridir. Bu gün İvan Qroznıya heykəl qoyulanda siz bilməlisiniz ki, o heykəl heç də çara qoyulmur. O – dövlətin zorakılığına qoyulan abidədir. Eyni şey Stalinin heykəllərinə də aiddi.
Buna da bax: A. Sokurov: Beş il əvvəl Rusiyada düşündüyümü deyə bilirdim, ancaq indi...
- Siz bir dəfə demişdiniz ki, dinin ideologiyaya çevrilməyi sizi iyrəndiyir. Gəlin, dövlətlə kilsənin hazırkı birliyindən danışaq.
Cəmiyyətin, dövlətin qeyri-məhdud zorakılıq hüquqları ilə razılaşması Rusiyanı yüz il geri ata bilər.
- Dövlət kilsədən əsas ideoloji dayağı kimi istifadə eləyir. Kommunizm ideologiyası yoxa çıxıb. Lenin hələlik dərin yuxudadı, amma prinsipcə istənilən an oyana, yastığı əlində mavzoleydən çıxa bilər. Humanitar təhsil darmadağın edilib, “rus mədəniyyəti” terminindən istifadə olunmur (hər ehtimala qarşı). Onun əvəzinə “rus dünyası” ifadəsini ümumişlək hala salmağa çalışdılar, ancaq o da it-bat oldu... Əlimizdə başqa nə qalır? Cəmi iki institut – istehlakçılıq institutu (ölkə əhalisinin yarısı kredit torundadı) və bir sıra nüfuzlu insanların dili ilə “Tanrı belə istəyir” deyə iddia eləyən məlum mistik təşkilat. Xüsusilə də, ipoteka üzrə illik faizlərdən söz düşəndə... İroniya ilə danışıram, çünki ciddi söhbətlərə artıq gücüm çatmır. Cəmiyyətin, dövlətin qeyri-məhdud zorakılıq hüquqları ilə razılaşması Rusiyanı yüz il geri ata bilər. Yeri gəlmişkən, bu, qorxu yaradır, bizdə isə qorxu hissi genetikdi və onun köməyilə kütləni müəyyən müddət uğurla idarə eləmək mümkündü... İnsanlar 80-ci illərdən qalma vərdişlə bolşevizmə lənət oxuyurlar,cazibədar xanımlar çar II Nikolayın portretlərini götürüb nümayişlərə çıxırlar. Amma o portretin və çar ailəsinin faciəvi taleyi üçün təəssüflənmələrin fonunda bolşevizm yenidən doğulmağa başlayır. Bolşevizm nədi? Bolşevizm - “məqsədə çatmaq üçün hər cür vasitə keçərlidi” deməkdi, bolşevizm - cəmiyyətin ağ və qaraya, “bizimkilər” və “yadlar”a bölünməsidi, “kim bizimlə deyilsə, bizə qarşıdı” tezisidi, xalq düşmənləri, mason, rusofob və sair siyahıların tərtibidi. Əslində, heyrət doğuran bir mənzərə görürük: qarnıdolu kapitalistlər gözümüzün önündə ac olanlara qarşı sinfi nifrət tamaşası göstərirlər və bu zaman güc idarələrini, prezidenti və Tanrını da öz sıralarına cəlb eləyirlər. Halbuki sonuncu rus monarxiyası (hansı ki, indi çoxları ona sevgisini bəyan eləyir) belə davranmırdı. Bolşeviklərin “ekstremist partiyası”nın liderlərini küçədə arxadan güllələməyiblər, meydanlarda boğazlarından asmayıblar, psixi sağlamlıqlarını bərpa etmək üçün Şuşenskoye kəndinə göndəriblər. Yaxın qohumlarının dediyinə görə,orda təzə süd və ov əti ilə bəslənən Vladimir İlyiç on kiloqram kökəlibmiş.
- Vətənpərvər kinonun dövlət tərəfindən dəstəklənməsinə necə baxırsınız?
- Mən ömrümboyu dövlət sifarişinin mövcud olduğu şərtlərdə yaşayıb işləmişəm. Bizdə başqa vəziyyət, demək olar ki, yox idi. Qorbaçovun, Yeltsinin zamanında bir müddətdövlət sifarişləri olmadı, amma onda heç kino da yox idi. Dövlətin “28 panfilovlu”nu çəkməyə ixtiyarı var və bu ixtiyarı ondan heç kim ala bilməz. Bəs, “28 panfilovlu”dan başqa nə isə olacaqmı? Yeri gəlmişkən, “Panfilovlu”lar özəl layihə kimi başlamışdı. Bildiyim qədərilə, nazirlik prosesə sonradan qoşulub. O ki qaldı tarixi həqiqətə, prinsip etibarilə, bu filmin süjeti II Dünya Müharibəsinin əsas süjetinin təcəssümüdü – Rusiya onun hesabına qalib gəlmişdi. Bu – fədakarlıq və özünü qurbanvermə süjetidi. Rus insanı kütləvi şəkildə bunu nümayiş etdirmişdi və biz bunun hesabına, nəhəng insan resurslarını qələbə sobasına ataraq qalib gəlmişdik.
Bizim heç nəyimiz yoxdu, çılpağıq! Biz yalnız Holivudu təqlid eləməyi bacarırıq! Biz aciz ağıldankəmləri bağışlayın!
Təəssüf ki, bu gün dövlətin dəstəyi olmadan, demək olar ki, film çəkmək mümkün deyil. Bu normaldırmı? Məncə, yox. Özəl sərmayələr olmalıdı, onların kinoya gəlməsindən ötrü fərdi investorları, ümumiyyətlə, milli mədəniyyətə sərmayə yatıran bütün investorları vergilərdən azad eləmək lazımdı. Onda “Zoya” və “28 panfilovlu” ilə yanaşı günümüzün problemlərindən danışan güclü “fərqli kino” axını da yaranardı. Ancaq bu, heç kimə lazım deyil. Biz “prodüser kinosu” - dövlət pulları və kinoçəkənlər arasında vasitəçilik edənlərin kinosu - adlı tamaşa oynamaq qərarına gəlmişik. Hamı o vasitəçilərin hüquqsuz vassalına çevrilir. Və bu struktur “tamaşaçıya qayğı” adı ilə ört-basdır edilir, onlara sizin ağlınız lazım deyil. Doğrudan, lazım deyil. Heç qalan şeylər də lazım deyil onlara. Üstəlik, bu “bazar” sistemində tək-tük filmlərin maliyyə baxımından “sıfır”a bərabər olduğu faktı gizlədilir, gəlir isə... Bu, ümumiyyətlə, istisna və möcüzə hesab olunur. Rus filmini bizim prokatçılarda dövriyyəyə buraxmaqdan ötrü milyonlar lazımdı. Gəlirin yarısını da onlar özlərinə saxlayırlar. Beynəlxalq festivallarda təkcə Sokurovu, Zvyaqintsevi və Konçalovskini gözləyirlər, çünki “rus dilli” kommersiya qərb kino ictimaiyyətinə qətiyyən maraqlı deyil. Məndə olan məlumata görə isə bizim Maliyyə Nazirliyi mədəniyyətə sərmayə qoyan investorların vergilərini azaltmaq ehtimalı barədə eşitmək belə istəmir. Odur ki, çox tezliklə əlimizdə dövlət sifarişləri və amerikan kommersiya kinosunun “zibillərini” təkrarlayan blokbasterlərdən başqa heç nə qalmaya bilər. Rəsmi senzura olmadığı üçün bu vəziyyət senzura nəzarəti qismində sərfəlidi. Amma onun gətirəcəyi mənəvi məğlubiyyətlər daha çox olacaq. Ümumiyyətlə, mən mədəni ekspansiya tərəfdarıyam. Ərazi ekspansiyasına mənfi yanaşıram, amma mədəni işğalı dəstəkləyirəm. Bu mənada Rusiyanın “qızıl” əsri də var, “gümüş” əsri də. Sovet dövrünün də öz əsərləri var: “Sülh qızılgülü”, “Sakit Don”, “Ustad və Marqarita”, “Qulaq Arxipelaqı”, poeziyada Pasternak və Svetayeva, təsviri sənətdə Filonov və Şaqal, kinoda Tarkovski və Eyzenşteyn... Hamısını saymaq mümkün deyil, amma elə saydıqlarım da kifayət eləyir. Ancaq söhbət işdən gedəndə biz alçaq müstəmləkə qaydalarında yaşamağa üstünlük veririk. Bizim heç nəyimiz yoxdu, çılpağıq! Biz yalnız Holivudu təqlid eləməyi bacarırıq! Biz aciz ağıldankəmləri bağışlayın! Soruşmaq istəyirəm: Bu özünüaxtalama prosesi – məqsədyönlü şəkildə planlaşdırılıb, yoxsa təsadüfi haldı? Və onun bizim dövlət adamlarının and yeri olan vətənpərvərlik anlayışı ilə nə əlaqəsi var?
Buna da bax: "28 panfilovçu" və "Zəlzələ" rus kinoşünası qəzəbləndirib - 'Film deyil təbliğatdır'
- Müsahibələrinizin birində demisiniz ki, uşaqlığınız Krımda keçib, Yaltanı yaxşı tanıyırsınız və“onlarla bu gün baş verən hadisələr arasında bağlantı qura bilərsiniz”. Mümkünsə, o bağlantını qurun.
- Siz, “mən hakimiyyətə gələndə Krımı dərhal geri qaytaracam” deyən bir nəfər real siyasi xadim tanıyırsınız? Yox. Niyə? Məsələ təkcə elektoratda deyil. Bu vəziyyətdən yeganə çıxış yolu – qərbin nəzarəti altında təkrar referendum keçirməkdir. Və əgər xalq birinci referendumun qərarını təsdiqləsə, onda bağışlayın, uşaqlar, lenti geri fırlatmaq mümkün deyil. Yəqin ki, ukraynalılar üçün bu, çox ağırdı. Bəli, mən krımlıyam. Yadımdadı ki, yunan mənşəli anam “Xruşşov! Bizim Xruşşov, dustaqları, bizim ailəmizi azad eləyən Xruşşov Krımı niyə Ukraynaya verdi? Orda bütün üzümlüklər məhv olacaq!” - deyib fəryad eləyirdi. Bunu çox yaxşı xatırlayıram. “Səhv eləyib veriblər” kompleksi çoxdan mövcuddu. Problemi mürəkkəbləşdirən də budu. Bu problem var və o, uydurma deyil. O başqa məsələdi ki, XIX əsr rus diplomatiyasının metodları onun həllinə kömək edə bilərdi. Məsələn,Rusiya Krım müharibəsində məğlub olandan sonra kansler Qorçakov Rusiya hərbi donanmasını Qara dənizə qaytarmaq üçün 20 il danışıqlar aparmışdı. Bu qələbə - donanmanın qayıdışı bir güllə belə atılmadan baş vermişdi. Siyasi iradə olanda diplomatiya möcüzələr yaradır.
- Ukraynaya gedirsiniz?
Bizim azadlıq sevgimiz xüsusi xidmət orqanlarının işinin keyfiyyətindən asılıdı. Onlar pis işləyəndə biz azadlıqsevər oluruq.
-Ukraynada axırıncı dəfə 2012-ci ildə olmuşam və Kiyevo-Peçorskaya monastrında bir rahibin hücrəsində yaşamışam. Hücrədə hər cür məişət rahatlığı və ağzına qədər yeməklə dolu soyuducu var idi. Ora monastır başçısının və “Pravoslav ensiklopediyası”nın dəvəti ilə getmişdim – haqqımda hansısa televiziya süjeti hazırlayırdılar. Nə deyə bilərəm? Nə ukraynalıların, nə də rusların xətrinə dəymək istəmirəm, amma, məncə, mentalitet baxımından hamısı sovet insanıdı. Tez özündən çıxan, ideoloji, özünəvurğun və siyasi cəhətdən sadəlövh. Çoxəsrlik problemlərin ani həlli kimi “ədalət” nümayiş etdirmək hər iki xalqın qanındadı. Bizim azadlıq sevgimiz xüsusi xidmət orqanlarının işinin keyfiyyətindən asılıdı. Onlar pis işləyəndə biz azadlıqsevər oluruq. Xüsusi xidmət orqanları “yaxşı” işləyəndə quyruğumuzu qısıb otururuq və İvan Qroznıya heykəl qoyuruq. Ukrayna ilə bağlı proqnozum (bu, axmaq humanitar insanın proqnozudu) belədi: Hər şey onunla bitəcək ki, ukraynalılar özlərinə bir Vladimir Vladimiroviç tapacaqlar. Onun soyadı Putin olmayacaq, ancaq bu, vəziyyəti dəyişməyəcək. Həmin “hipotetik” adam onları “sakitləşdirəcək”. Sinizimdi? Məncə, yox. Ayıq başla edilən dəyərləndirmə adlandırmaq daha doğru olar. Və mənim belə deməyə haqqım var. Problem ondadır ki, biz hamımız bolşeviklərik. Bolşevik idik və elə də qalmışıq. Bunun bir ziyanı olmazdı əgər altında insan qanı axmasaydı... Qədim kazak mahnısında deyildiyi kimi: “Qan isə axırdı və axırdı...” Ağırdı, qardaşlar!
Buna da bax: Holodomordan bəhs edən ilk Qərb filmi "Acı məhsul" ekranlara çıxır
- Axı, siz müsbət hallardan da danışırdınız...
- Onlar həmişə var. Bolşeviklərin dövründə orta və ali məktəblərdə humanitar təhsil müsbət hal idi. Elə elmi təhsil də. Mən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna 1975-ci ildə, üç cəhddən sonra heç kimin köməyi olmadan qəbul edilmişdim. Seminarlarda Brodskini, Soljenitsını, Gümüş dövrünü, Berdyayevi müzakirə eləyirdik.. Bunların hamısı proqramdan kənar idi. Müəllimlər həyatlarını riskə atırdılar, amma lazım bildikləri şeyləri öyrədirdilər. Müdriyyət isə bütün bunlardan xəbərdar idi, ancaq barmaqarası baxırdı, çünki ora Kinematoqrafiya İnstitutu idi, hər baxımdan özəl bir yer idi. Bu da sizə sovet hakimiyyəti!
- Bəs indi Dövlət Kinematoqrafiya İnstitutunda belə ənənələr qalıbmı?
- Əlbəttə. O institut indi də özəl yerdi, ən azı, ona görə ki, biz sadəcə peşə sahibləri yox, sənətkar yetişdirməyə çalışırıq. Sənətkar isə humanitar bilgilər bazası və güclü vətəndaşlıq hissi deməkdi. Ancaq biz sistemin, ölkənin bir parçasıyıq, maaş, prezident qrantları alırıq, əslində pis yaşamırıq. Və təhsil prosesinə birbaşa dəxli olmayan sənədlərin, hesabatların içində itib-batırıq. Neçə onillikdi ki, ali təhsilli insanların instituta pulsuz qəbulu uğrunda mübarizə aparırıq. Bu günkü kinonun bizim səylərimizə ehtiyacı varmı? Bu- böyük sualdı. Mən- dövlət işçisiyəm və bunu tamamilə dərk eləyirəm. Məsuliyyətim və əmək haqqımın mənbəyi baxımından. Odur ki, siyasətdən söz düşəndə yaxşı olardı ki, mən Krımdan yox, cəmiyyət həyatının anti-humanistləşməsindən, müasir milli mədəniyyətimizin qeyri-insani aspektlərindən, mərhum tarixçi Yuri Afanasyevin “insanlığın parçalanması” adlandırdığı hər şeydən danışım. Mən də daima bunu eləyirəm. Amma bir nəticəsi yoxdu.
Buna da bax: Rusiyada II Nikolayın sevgi macərasından bəhs edən film etirazlara səbəb olub
- Bəs Alexei Uchitelin “Matilda” filmi ətrafında yaranan qalmaqal haqqında nə düşünürsünüz?
- Bəzilərinin düşündüyünə rəğmən, çar II Nikolay Aleksandroviç nə xacə olub, nə də transvestit. Buna görə də xristian nigahına qədər Matilda Kseşinskaya kimi gözəl qadınlara vurulmağa haqqı vardı. Filmə edilən bütün hücumlar mənim tezisimi təsdiqləyir: Biz bolşevizmin dirçəldiyi, kampaniyaların obyektivliyin və sağlam düşüncənin yerini tutduğu bir dövrdə yaşayırıq. Sən demə, monarxiyada da bolşevizm ola bilir.
- Krımın Rusiyadakı hissəsində olmusunuz?
- 1968-ci ildən sonra yox. Niyə gedim ki? Mənim ailəmin yuvasını dahi Stalin məhv eləyib. Ailəmi 44-cü ildə səbəbini izah eləmədən heyvanlar üçün olan vaqonlara doldurub Krımdan Urala, Sibirə sürgün ediblər. Onun yerində qalmış xarabalığa qayıtmaq istəyim yoxdu.
- Ailənizə qarşı repressiya törədənlərin kimliyi haqqında fikirləşmisiniz? Denis Karaqodin kimi onları tapmağa çalışmısınız?
Mənim nəslim dövlət zorakılığı ideyasına qalib gələ bilmədi. Ümidimiz gənclərədi, amma bu ümiddə zəifdi.
- Yox. Mən heç kimi tapmayacam. Daha doğrusu, növbəti “ağlını, özünü itirmiş” bir adam tapacam. Özünə görə o, yaxşı və xeyirxah olacaq. Məsələn, öz ailəsinə qarşı. Bizdə ayrı-ayrılıqda hamı yaxşı adamdı. Ancaq o yaxşı adamlar bir yerə yığışanda tez-tez pis işlər görürlər. “Mənə əmr eləmişdilər!... Bu - işdi, borc və anddı!” Keçmiş sistemdə yalnız əmrləri verənlərdən, kobud zorakılığa səsləyənlərdən, onu qanunla rəsmiləşdirənlərdən hesab soruşmaq lazımdı. Hər kəsdən əvvəl – Stalin və onun Siyasi Bürosunun üzvlərindən. Mənim nəslim dövlət zorakılığı ideyasına qalib gələ bilmədi. Ümidimiz gənclərədi, amma bu ümiddə zəifdi. 30-40-cı illərin faciələrindən xəbərdar olan, kinoya Xruşşovun “mülayimləşmə”si ilə birlikdə gələn insanlar 50-ci illərin sonlarında dünya kinofestivallarını fəth eləmişdilər. Onların içində ağrı, iztirab vardı. Ağrı isə elə anlamaq deməkdi. İnsan xoşbəxtlik üçün yaradılmayıb. Xoşbəxtlik- həddindən artıq axmaq ideyadı. İnsan - dərk etmək üçün yaradılıb. Əgər insan – sadəcə istehlakçıdısa, çox güman ki, o, şüursuz heyvandı. Nə isə başa düşməkdən ötrü o, mərhumiyyətlərdən, əzablardankeçməlidi. Adətən, bu, dünya müharibələrindən sonra baş verir. Amma mənə elə gəlir ki, incəsənətin məqsədi insana əzabı göstərmək, yaşatmaq və ona öz həmcinslərini öldürmək, özünün də öldürülməsi ehtimalları barədə xəbərdarlıq etməkdir. Çətin və ziddiyyətli məqsəddi. Amma yalnız bu məqsədi həyata keçirəndə sənətkarın həyatı hansısa anlam qazanır...