Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 12:40

"28 panfilovçu" və "Zəlzələ" rus kinoşünası qəzəbləndirib - 'Film deyil təbliğatdır'


Anton Dolin.

Oktyabr ayında Rusiya ekranlarına eyni vaxtda iki film çıxıb və hər ikisi tamaşaçıların müsbət, kino tənqidçilərinin bir qisminin təmkinli, bir qisminin isə anlaşılmaz reaksiyasına səbəb olub. Filmlərdən biri “28 panfilovçu”dur ki (rej: Kim Drujinin, Andrey Şalopa), cəmiyyətdə müzakirələr, dövlət müəssisələri səviyyəsində isə qalmaqal yaradıb. İkinci film “Zəlzələ” (rej: Sarik Andreasyan) adlanır. Film 1988-ci ildə Ermənistanda baş vermiş və on minlərlə insanın həyatı bahasına başa gəlmiş dəhşətli faciədən bəhs edir. (Yeri gəlmişkən, “Zəlzələ” filmi Ermənistan tərəfindən “ən yaxşı əcnəbi film” nominasiyasında 89-cu “Oskar”a namizəd göstərilib, lakin yaradıcı heyətdə rusların daha çox olması səbəbilə müsabiqədən çıxarılıb).

Rusiyalı kinotənqidçi Anton Dolin Facebook səhifəsində hər iki filmə baxdığını və belə filmlərin keyfiyyətini tənqid etmək imkanından məhrum olduğu üçün qəzəbləndiyini yazıb: “Rus kinosunun başgicəlləndirən yeni taktikası: mövzunu, janrı, istehsalat üsulunu (RF Mədəniyyət Nazirliyinin iştirakı ilə rus xalqı çəkib) elə seç ki, istənilən tənqid qərəzli elan olunsun”.

“KinoPoisk” saytının xahişi ilə A. Dolin dövlətin və kütləvi auditoriyanın dəstəyini qazanan, lakin “kino” anlayışını kökündən dəyişən filmlərlə bağlı yaranmış vəziyyətə şərh verib.

Azərbaycan 26 ilə yaxındır ki, müstəqilliyini elan eləsə də, artıq əvvəlki kimi “mərkəzdən idarə” olunmasa da, ölkədə bir çox sahələrdə, xüsusilə də, mədəniyyət və incəsənətdə maraqlı bir mənzərə yaranıb: burda gedən proseslər, Rusiyada eyni sahələrdə baş verənlərin, az qala, güzgüdəki əksini xatırladır. Sankı 26-30 il əvvəlki kimi Rusiyadan asılıyıq. Məsələn, kino sahəsində... Bu gün Azərbaycanda olduğu kimi Rusiyada da dövlətin sənətə müdaxiləsi, dövlət dəstəyi ilə çəkilən filmlərə qoyulan tələblər, vətənpərvərlik, nikbinlik, milli-mənəvi dəyərlər kimi mövzulara üstünlük verilməsi və bu zaman filmlərin bədii keyfiyyətlərinin nəzərə alınmaması problemə çevrilib.

Bütün bunları nəzərə alaraq, Oxu zalı rus kinoşünasının Rusiya kinosunun hazırkı vəziyyəti, dövlət tərəfindən dəstəklənən filmlər və kino tənqidinin rolu haqqında düşüncələrini təqdim edir.

Buna da bax: Bu filmdə "böyük qardaş" Rusiyaya mesaj var

BALTA SIYIĞI

Erməni rejissoru Sarik Andreasyanın çəkdiyi "Zəlzələ" filmindən bir kadr.
Erməni rejissoru Sarik Andreasyanın çəkdiyi "Zəlzələ" filmindən bir kadr.

Tənqidçi – sadəcə peşəkar tamaşaçıdır. O da kinoya baxanda kədərli yerdə hamı kimi ağlayır, gülməli yerdə gülür, film darıxdırıcı olanda da yatır. Tənqidçinin sadə tamaşaçıdan yeganə fərqi odur ki, o, çoxlu filmlər izləyir, buna görə də qəliblərə qarşı daha həssasdır. Tənqidçi nəyinsə hardansa oğurlandığını, müəyyən bir fəndin 70 dəfə təkrarlandığını görəndə dərhal hər şeyi başa düşür. Hərçənd çoxları mənimlə razılaşmayacaq, ancaq mənim üçün kinonu klişe və qəliblər üzərində qurmaq – həddindən artıq ağır günahdır. Təbii, əgər kinonun təkcə industriya yox, həm də yaradıcılıq olduğu nöqteyi-nəzərindən çıxış eləyiriksə...

Məni məyus eləyən odur ki, bəzi filmlərin kifayət qədər istedadlı, ya da kifayət qədər əzmkar olmayan yaradıcıları öz əsəri ilə təzə bir söz deməkdən ötrü (ya da köhnə sözü təzə üsulla demək üçün) tamaşaçıların reflekslərindən yararlanırlar. O reflekslərdən ki, Pavlovun itinin reflekslərindən fərqlənmir. Zəlzələni şəxsən yaşamış, ya da haqqında eşitmiş insanlar üçün belə faciə barədə söhbətlər göz yaşları vəzisinə təzyiq eləməkdir. Tutaq ki, məsələn, holokost kimi mövzuların istismarı artıq tamaşaçıların müəyyən qismini qıcıqlandırmağa başlayır (kino bu barədə həddindən çox danışıb), lakin digər mövzular bu qədər geniş araşdırılmayıb. Misli görünməmiş faciə olan zəlzələ haqqında bədii filmlər yoxdur. Vətənpərvər intonasiya, nostalgiya intonasiysı, sentimental intonasiya – tamaşaçıların bütün bunlara necə reaksiya verəcəyi çoxdan məlumdur.

Mən bunu baltadan hazırlanmış sıyıq effekti adlandırardım. Dahiyanə bir rus nağılında əsgər baltadan sıyıq hazırladığını deyərək xəsis ev sahibəsinin diqqətini çəkir, əslində isə sadəlövh, amma hər şeylə maraqlanan qadının qazana atdığı ərzaqlardan istifadə eləyir.

“Zəlzələ” və “28 panfilovçu” filmlərinin çəkiliş heyətləri həmin baltanın rolunu oynayır – ağır, zahirən hətta işə yarayan, ancaq faydasız balta. Onlar heç bir yeni məlumat vermirlər, gözlənilməz emosiyalar yaratmırlar – buna, ümumiyyətlə, tənbəllik eləyirlər. Amma bəzi mövzular öz-özünə “işləyir”. Xüsusilə də, əgər keyfiyyətli informasiya dəstəyi təşkil etmisinizsə, tamaşaçıya belə filmlərin vətənpərvərlik hissindən məhrum düşmənləri haqqında məlumat vermisinizsə, publikanı onlarla mübarizəyə səsləmisinizsə.

“28 panfilovçu” haqqında film çəkildiyi elan olunanda belə qəhrəmanlığın olmadığını deyənlər də (sanki bədii film üçün bu çox əhəmiyyətlidir), bu mifoloji qəhrəmanlığı inkar edənləri “murdar əclaflar” adlandıranlar da publikanı mükəmməl şəkildə “bişirdilər” – və o, filmi maraqla gözlədi. Nəticə: “28 panfilovçu” və “Zəlzələ” filmlərinin auditoriyasının böyük hissəsi filmin müsbət cəhətləri, ya da qüsurları ilə heç bir əlaqəsi olmayan, proqramlaşdırılmış reaksiya verir.

Buna da bax: R. Dishdisyan: "Zəlzələ" filminin "Oscar"dan geri qaytarılması bizim səhvimizdir

Bu niyə zərərlidir?

“28 panfilovçu” filmindən bir kadr.
“28 panfilovçu” filmindən bir kadr.

Çox sadə bir səbəbə görə bu, təhlükəli bir haldır. Kino – incəsənətdir. İncəsənət klişelərlə, qəliblərlə mübarizə aparmalıdır, təbliğ etməməlidir. Mədəni fəaliyyətin mahiyyətini təşkil edən yaradıcı axtarışların yerinə hazır reseptlər, ehkamlarlar qoymamalıdır.

Təbii ki, “28 panfilovçu”da heç bir axtarış əlaməti yoxdur. Kimsə çox dəqiq şəkildə bu filmi tarixi rekonstruksiya ilə müqayisə eləmişdi. Ancaq iş ondadır ki, film kinoteatrlarda nümayiş olunur, tamaşaçılardan ona baxmaq üçün pul alınır. Deməli, bu - kinodur. Deyirsiniz ki, “28 panfilovçu” “kino-abidədir”? Axı, abidələr meydanda qoyulur - havayı və hamı üçün. Kino çəkin və meydanlarda havayı göstərin. Məncə, dövlət də sizi dəstəkləyər..

Tarixi rekonstruksiya – insanların bir vaxtlar savaş olmuş çöldə toplaşmağı, mundir, ya da zireh geyinməyi, vaxtilə həmin yerdə bir-birilə ölümünə vuruşmuş insanların ruhlarını daxilən hiss etmələridir.

Amma təsəvvür eləyin ki, Bolşoy teatra gəlirsiniz, orda isə sizə “Knyaz İqor”un əvəzinə knyaz İqorun qıpçaqlarla döyüşünün rekonstruksiyasını göstərirlər. Üstəlik səhnədəkilərin heç biri nə oxumağı bacarır, nə də hansısa alətdə ifa eləyir - sadəcə vuruşurlar.

Hər şeyin öz yeri var. Mən başa düşmürəm ki, niyə həddindən artıq yoxsul bədii keyfiyyətlərə sahib olan “28 panfilovçu” filmi əsl kino ilə - bu, istər amerikan kinosu olsun, istər fransız, istər rus, ya da başqa bir kino – eyni pilləyə qoyulur?

Çox güman ki, onu vətənpərvər, səmimi, işinə vurğun insanlar çəkiblər. Niyyət xeyirxah ola bilər, amma bunun ideya, maraqlı süjet, metafora, unudulmaz personajlar, orijinal bədii dili olmalı olan kinoya nə dəxli var? Bax, bunu anlamıram.

Buna da bax: 'Gələn il Azərbaycan «Oskar»a iki film göndərəcək'

Heç nədən elə heç nə alınar

Rus kinoşünas Anton Dolin.
Rus kinoşünas Anton Dolin.

Mətbuatda “Zəlzələ”, ya da “28 panfilovçu” filmlərinin bədii keyfiyyətləri haqqında ciddi təhlil yazılarının olmaması bu filmlərin bədii keyfiyyətlərindən açıq-aşkar xəbər verir.

Əgər kino sənətinin tərkib hissəsi olan əsas elementlər – operator işi, aktyor oyunu, ssenari, xarakterlər – müzakirə olunmursa, bunun yerinə insanlar xalqın qəhrəmanlığı haqqında ümumi sözlərlə kifayətlənirlərsə (ya da – “Zəlzələ”ni xatırlayaq, başqa xalqın əzabları haqqında), deməli, danışmalı bir şey yoxdu.

Mən filmin müəlliflərinin yerində olsaydım, belə iltifatlara görə sevinməzdim. Hətta ən qızğın vətənpərvər də başa düşür ki, “28 panfilovlu” filminin personajlarını – ki, məncə, onların adları və simaları çox az adamın yadında qalıb - “Durnalar uçur”, “Yüksəliş”, “İnsan taleyi”, “İvanın uşaqlığı” filmlərinin qəhrəmanları ilə müqayisə eləmək belə qeyri-mümkündür. “28 panfilovlu”nun istiqamət kimi seçdiyi, müharibədən bəhs eləyən istənilən yaxşı sovet filminin adını çəkmək olar. Onların hər birində çox az sayda döyüş səhnəsi görə bilərsiniz. Bu filmlərdə insanın müharibədə düşdüyü psixoloji situasiyalar araşdırılır. Biz aktyorları da, onların replikalarını da, qəhrəmanların adlarını da xatırlayırıq. Və onların hamısında xalqın ümumiləşdirilmiş qəhrəmanlığından yox, fərdi talelərdən söhbət gedir.

Hərçənd müzakirə elədiyimiz iki filmə də öz erudisiyası ilə onların aşağı səviyyəli bədii keyfiyyətlərini darmadağın edəcək ağıllı və qəzəbli tənqidçi lazım deyil. Ümumi sözlərdən ibarət tərifli resenziyalar və kiçik kassa gəlirləri bu filmlərin əsl əhəmiyyətini göstərmək üçün kifayətdir. Kral Lirin sözləri ilə desək, “heç nədən elə heç nə alınır”.

Buna da bax: Oscarın qısa siyahısı məlum oldu - siyahıda bir rus, bir iran filmi də var

Sənaye filtri

Bu tip xalq filmləri təcrübəsi bizim kinematoqrafiyamızı dəyişir və bu, təhlükəli əlamətdir. Amma fəlakət deyil. Çünki yüksək nəticələr əldə etməkdən ötrü həm son dərəcə istedadlı kommersant, həm də son dərəcə istedadlı sənətkar olmaq lazımdır. Məsələn, Bekmambetovla Bondarçuk buna qadirdilər. Heç kim onların şəxsiyyət olduqlarını şübhə altına ala bilməz. Hər birinin öz tərzi, öz yanaşması var, hər biri öz yaradıcı dünyasını yaradarkən riskə gedir. Bunlarsız ciddi kommersiya da mümkün deyil zatən!

Hollivud da, bütün dünya da eyni prinsiplərlə işləyir. Biz sənəti kommersiyalaşdırdıqlarına görə Spielbergə, Maykl Bay-a ya da Luc Bessona nifrət eləyə bilərik, ancaq onların hər biri parlaq şəxsiyyətdir.

İndustriya individuallıq üzərində qurulur. Naməlum kinematoqrafçıların və filmə cuman gələcək tamaşaçıların kollektiv igidliyi isə bu individuallığı yaratmır. Bu film batmaya bilər; onun ən ciddi uğuru – başabaş, sıfır gəlirdi. Halbuki industriya gəlir gətirən, yenilik eləyən layihələr üzərində dayanır. Bu, artıq incəsənətlə, keyfiyyətlə, ideologiya ilə əlaqəsi olmayan bir söhbətdir. Tamaşaçı da kinoda əvvəl görmədiyi şeylər görmək istəyir.

Hüdudsuz kino dənizində losman

Mən tənqidçilərin daha heç kimə lazım olmadıqlarını düşünmürəm. Mənim şəxsi təcrübəm – təbii ki, o, universal deyil - əksini göstərir. Əminəm ki, insanların –hüdudsuz kino aləmində istiqamətlərini tapmalarına sadə, aydın sözlərlə kömək edəcək kino tənqidçilərinə ehtiyacları var. Kino əvvəlki kimi incəsənətin ən kütləvi nümunəsidir. Ona hamı baxır və insanların losmanlara ehtiyacları var. Mən bu rolu icra eləyirəm. Ola bilsin ki, həmkarlarımın bir çoxu auditoriya ilə daha yüksək intellektual səviyyədə ünsiyyət saxlamaq istəyirlər (elə mən də bundan imtina eləməzdim) və auditoriya bu səviyyəni qəbul eləməyəndə inciyirlər. Kədərlidir, amma zamanla bu da keçəcək.

Bütün bunların bir səbəbi də odur ki, ölkədə artıq çoxdan və planlı şəkildə müstəqil kütləvi informasiya vasitələrinin məhvi üzrə iş aparılır. Aydın məsələdir ki, informasiya vasitəsi təbliğat vasitəsinə çevriləndə ilk olaraq mədəniyyət və ümumiyyətlə, tənqid şöbəsi – reallığı analiz eləməyi öyrədən insanlar - lazımsız bir şey kimi kəsilib atılır.

Hazırda bu tip fəaliyyətlərə yaxşı baxmırlar, ancaq onlara həddindən yüksək tələbat var. Mən bunu sadəcə “Axşam Urqantı” şousunun auditoriyasında yox, tez-tez getdiyim əyalətlərdə də görürəm. Ona görə də düşünürəm ki, tənqidə tələbat olmadığı barədə danışmaq hələ tezdi. O ki qaldı peşəkar kino tənqidi ilə paralel xalq tənqidinin –videobloggerlərin, qiymət verib şərh yazmağı sevən sadə insanların meydana çıxmasına, bu, çox gözəldi. Hamının öz fikrini söyləmək imkanı var. Bunun tənqidçilərə heç bir ziyanı ola bilməz. Sadəcə bizim peşəmiz dəyişir və bu pis deyil. Bu o deməkdir ki, peşəmiz yaşayır və canlıdır.

XS
SM
MD
LG