Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:35

Bu filmdə "böyük qardaş" Rusiyaya mesaj var


"Yarımçıq xatirələr" filmindən bir kadr.
"Yarımçıq xatirələr" filmindən bir kadr.

-

Aygün Aslanlı

"Yarımçıq Xatirələr" - müharibə haqda darıxdırıcı film çəkməmək üçün nə etməli?

Tekali adlı bir kənd var Gürcüstanda. Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişməsində yerləşir. Beynəlxalq təşkilatlar Qafqazla bağlı layihələr üçün məkan kimi bu simvolik məntəqəni seçirlər. Bir neçə il əvvəl konfliktologiyaya həsr olunmuş belə layihə-təlimlərin birində mən də iştirak eləmişdim. Əcnəbi təlimçilər ermənilərlə azərbaycanlıları üz-üzə oturdur, müxtəlif oyunlar qurur, düşmənçiliyi aradan qaldırmağı öyrədirdilər bizə. Amma bütün bu oyunlar, müzakirələr zamanı əsas mövzuya – “Qarabağın, işğal olunan torpaqların taleyi necə olacaq” sualına toxunulmurdu.

Buna da bax: "Neft qurtardı, film var"

Reallıqda da vəziyyət həmin oyun-təlimlərdəki kimidi. 20 ildən çoxdur, atəşkəs elan olunub, müharibə dondurulub, konflikt dolma, lavaş səviyyəsində davam eləyir. Onun yaranma səbəblərini araşdırmaq, gündəmdə saxlamaq, az qala, həllini tapmaq məsuliyyəti isə incəsənətin, xüsusilə də ədəbiyyat və kinonun boynunda qalıb. Kinematoqrafiya, ədəbiyyat dondurulmuş bir müharibə üçün qəhrəmanlar yaratmalıdı, final yazmalıdı, ölkənin mənafeyini qorumalıdı.

"Yarımçıq xatirələr" - filminin treyleri.

Azərbaycan dövlətinin kino siyasətində Qarabağ prioritet mövzudu. Atəşkəs qərarından sonra keçən illər ərzində müharibəyə fərqli yanaşma sərgiləyən xeyli qısa və uzunmetrajlı, bədii və sənədli film çəkilib. Onların arasında “Sarı gəlin” (Y.Rzayev), “Yol” (F.Şamıyev), “Nabat” (E.Musaoğlu) kimi - problemə humanist mövqedən yanaşan, bütün müharibələrin yalnız böyük güclərin maraqlarının toqquşması nəticəsində yaranan, insanlığa zidd bir hadisə olduğunu vurğalayan filmlər də var, dövlətin mənafeyini qoruyan, haqlı tərəf olduğumuzu göstərən, döyüş ruhunu körükləyən filmlər də. Rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmini birincilərlə ikincilərin qarışığı adlandırmaq olar. Bu filmdə müəlliflər, ümumiyyətlə, müharibə məfhumunu araşdırmağa, ona öz təriflərini verməyə çalışıblar.

Yarımçıq xatirələr filminin posteri.
Yarımçıq xatirələr filminin posteri.

“Yarımçıq xatirələr”də (Ssen.müəl: Y.Rzayev, K.Vorobyov) müharibədən danışmaq üçün ən effektiv təhkiyə üsullarından biri seçilib – əhvalat maraqlı tərəflərin – erməni və ya azərbaycanlılar - yox, muzdlu rus zabitinin mövqeyindən təqdim edilir. Kapitan İvanov (Mixail Kaminski) Qarabağda döyüşməyinin qarşılığında pul alır. Onun üçün bu adi işdi. Daş daşımaq, ya da dərs demək kimi. İvanov üçün kimin tərəfində vuruşmağının, kimi öldürməyinin fərqi yoxdu, o, “mən sizin tarixinizi bimirəm, bu bizim müharibəmiz deyil” deyir. Ta ki müharibə ona birbaşa toxunana, şəxsi məsələsinə çevrilənə qədər. Snayper kimi öldürdüyü yaşlı veteran Azər İbrahimovun (Qurban İsmayılov-Bəhruz Vaqifoğlu) Böyük Vətən Müharibəsində babası ilə birlikdə faşistlərə qarşı vuruşduğunu, əsirlikdən keçdiyini öyrənənə qədər. Həmin andan etibarən kapitan muzdlu ölüm maşınından düşünən, sual verən və əleyhinə döyüşdüyü xalqa simpatiya duymağa başlayan insana çevrilir. Təəssüf ki, katarsis adlanan bu məqam filmdə bir göz qırpımında baş verir- veteranın sığındığı məktəbə soyuqqanlı muzdlu kimi girən rus zabiti ordan artıq dəyişmiş halda çıxır və tamaşaçı qəhrəmanın daxili tərəddüdlərini, metamorfoza xəttini izləmək, onunla birlikdə katarsis keçirmək imkanından məhrum edilir. (Bu, filmdəki digər rus personajlara da aiddi- polkovnik də, Seryoja da kapitanla elə tez və etirazsız razılaşırlar ki, “belə mərhəmətli insanların belə bir müharibədə nə işi var” sualı yaranır). Ki, bu da “Yarımçıq xatirələr”i müharibə haqqında şablon epizodlardan ibarət darıxdırıcı filmə çevrilmək təhlükəsi qarşısında qoyur, Azər İbrahimovun gündəliyində yazdığı kimi – “sanki onu çəkənlər müharibənin nə olduğunu bilmirlər”.

Buna da bax: "Azərbaycan kinonu dirçəltmək üçün qırğızlardan nə öyrənə bilər?"

Ancaq Elxan Cəfərov - Nadir Mehdiyev (rejissor və quruluşçu operator) tandemi, dəqiq dialoqlar və peşəkar aktyor heyəti filmi bu təhlükədən xilas eləyir.

Rejissor Elxan Cəfərovun bundan əvvəlki “Əlavə təsir”, “Dolu” filmlərinə baxsaq, hamısında dramaturji bütövlükdən daha çox cəlbedici görüntünün, vizual effektlərin ön plana çəkildiyini görmək çətin deyil.

“Yarımçıq xatirələr” flmində də eyni yanaşmanı sezmək mümkündü, amma bu dəfə daha təkmil şəkildə. Dinamik ritm, hərəkətli kamera, dialoq səhnələrində ənənəvi səkkizlikdən imtina və dairəvi panoramlar, ikiplanlı epizodlar – Artavazd (Georgi Çaava) erməni-türk düşmənçiliyindən, Qarabağın onların qədim torpaqları olduğundan danışanda arxa plandakı “Çərənləmə!” plakatı, 91-ci ildən keçmişə keçidlərdə, döyüş, partlayış səhnələrindəki xüsusi effektlər tamaşaçının diqqətini ekrana kilidləyir. Nadyanın (Veronika Plyaşkeviç), bakılı kamança ustasının (Şamil Süleymanov) ölüm səhnələri kimi epizodların poetik üslubda çəkilməsi dramatizmi, emosional gərginliyi gücləndirir. Filmin ən təsirli epizodlarından biri, şübhəsiz ki, yuyulub asılmış bintlərin arasında, yakut milli musiqisinin müşaiyəti ilə baş verən sevişmə səhnəsidi. Yakutiyalı döyüşçünün boğazından qaynayıb çıxan və yarpaqların xışıltısına qarışan səs insanın öldürmək üçün deyil, sevib-sevilmək üçün yaradıldığını, müharibənin yox, sevginin təbiiliyini, ilahiliyini vurğulayır. Elə burdaca qeyd eləyim ki, filmdə musiqidən qədərində istifadə olunub və yorucu deyil.

"Yarımçıq xatirələr" filmindən bir kadr.
"Yarımçıq xatirələr" filmindən bir kadr.

Filmi baxımlı eləyən cəhətlərdən biri də epizodikdən əsasa qədər əksər personajların yaddaqalan olması, xüsusən də erməni obrazlarının ənənəvi qəlibə salınmamasıdı. Şamil Süleymanov, Mixail Kaminski, Georgi ÇaavaZurab Nidcaradze və digərlərinin peşəkar ifası sayəsində hər biri fərqli, güclü xarakterlə, koloritlə zənginləşən bu personajlar uzun müddət tamaşaçının yaddaşından silinmir. Yalnız erməni qızı Janna obrazı dramaturji baxımdan natamamdı. Aktrisa Gülzar Qurbanova çoxqatlı, mürəkkəb, hekayəsi (backstory) olan bir obraz yaratmağa çalışır. Ancaq komkret əhvalatda heç bir dramaturji yük daşımadığına görə onun Jannası bütün o psixologizmi ilə ümumi kompozisiyada yad və artıq görünür.

"Yarımçıq xatirələr" humanist filmdi. Müharibənin hər dəqiqə yeni qurbanlar tələb eləyən amansız, çoxbaşlı əjdaha olduğunu göstərir. Lakin təkcə bunu yox. Bu filmin alt qatında böyük qardaşa ünvanlanmış ikinci mesaj da var: nə qədər ki, vahid mərkəzdən idarə edilirdik, hamımız qardaş və xoşbəxt idik, ideallarımız, məqsədimiz və düşmənimiz bir idi. Elə ki, ayrıldıq, böyük qardaşın himayəsindən çıxdıq, bir-birimizin düşməninə çevrildik, xoşbəxtliyimizi də itirdik.

Kinoşünas Aygün Aslanlı.
Kinoşünas Aygün Aslanlı.

Amma hər şeyə rəğmən, "Yarımçıq xatirələr" birnəfəsə, darıxmadan baxılan, uğurlu prokat vəd edən, azərbaycanlıları sülh tərəfdarı göstərən, millət anlayışından insana yüksələn cəsarətli meynstrimdir" (S. Sultanova " Biz də yaxşı müharibə filmi çəkərmişik")

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG