Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:09

A. Sokurov: Beş il əvvəl Rusiyada düşündüyümü deyə bilirdim, ancaq indi...


Rus rejissoru Aleksandr Sokurov
Rus rejissoru Aleksandr Sokurov

2016-cı il dekabrın əvvəlləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Mədəniyyət Forumunda məşhur rus rejissoru Aleksandr Sokurov da iştirak edib.

Oxu zalı rejissorun tədbirdən əvvəl “Nezavisimaya qazetaya” verdiyi müsahibəni təqdim edir. Aleksandr Sokurov bu müsahibəsində müəllimlik təcrübəsindən, şagirdlərindən, senzuradan və Rus Kinosu İlinin yekunlarından danışır.

- Keçən il müəllim kimi ilk tələbələrinizi məzun etdiniz. Artıq hansısa nəticələrdən danışa bilərsiniz?

- Bu, müəllim qismində ilk təcrübəm deyil, çünki əvvəllər Vaydanın kino məktəbində də dərs demişəm, eləcə də Avropanın müxtəlif ölkələrində. Amma Rusiyada ilk dəfə Qafqazda, Nalçikdə kurs yaratmağa razılıq verdim. Orda həm tələbələr, həm də müəllimlər üçün hər cür şərait yaradılmışdı: iclas zalını başdan-ayağa təmir elədik, tədris studiyası yaratdıq, montaj və çəkiliş üçün çox yaxşı avadanlıqlar aldıq – bir sözlə, böyük dövlət universitetlərində nələr eləmək mümkün idisə, hamısını elədik. Hamısı da rektor Barasbi Süleymanoviç Karamurzovun xidmətləridi. Müəllimlərin bir qismi Moskvadan və Peterburqdan dəvət olunmuşdu, bir qismi isə Kabardino-Balkar Universitetində dərs deyirdilər. Bu beş işi belə keçirmişik. Nəticə- 12 diplom işi. Aralarında mənim çox bəyəndiyim parlaq işlər də var. Ancaq onların hamısı qısa metrdi və müəlliflər bundan sonra özlərini tammetrajlıda da təsdiqləməlidirlər. Hazırda biz Peterburqda debüt kinoya dəstək vermək məqsədilə yaratdığımız “İntonasiya nümunəsi” fondu çərçivəsində mənim məzunlarımın üç tammetrajlı filmini istehsalata buraxırıq. Kira Kovalenko ilk qaranquşumuzdur. Filmini, təhsilini başa vurandan dərhal sonra çəkib. Çəkilişlər Abxaziyada aparılıb, film abxaz dilindədi. Bizə, məhz, belə temp lazımdı. Fasilələr böyük olmamalıdı.

Buna da bax: A.Sokurov: "Kinonun gələcəyi yazıçıların əlindədir"

- Tələbələriniz – Rusiyanın gənc kinematoqrafçıları necə adamlardılar? Hansı kinoya meyllənirlər? Məsələn, mövzu seçimində problemləri varmı?

- Necə adamlardılar? Fərqli, tanrıya şükürlər olsun ki, fərqlidirlər. Onları təsir altına düşməkdən qorumağı bacarmışıq. Əlbəttə, mövzu seçimində həmişə problem var. Biz müəllif kinosunu istiqamət götürmüşdük. Ancaq elə məzunlar var ki, əgər şərtlər tələb eləsə, populyar kino da çəkə bilərlər. Amma bizi ilk növbədə müəllif kinosu maraqlandırırdı, ona görə də mövzular da individual idi. Hər şey ona hesablanmışdı ki, gənclər özləri fikirləşib, özləri yazsınlar, sonra da ssenarilərini dəstəkləsinlər, seçdikləri mövzunu filmə çevirməyin mümkünlüyünə inandırsınlar. Hazırda tammetrajlı çəkməyə hazırlaşan məzunlarımızın hamısı öz ssenarilərini reallaşdırırlar. Ümid eləyirəm ki, gələcəkdə özlərinə ssenarist tapacaqlar, amma hələlik öz yazdıqları mətnlə işləyirlər. Bu layihələrin gerçəkləşməsində “Lenfilm” də iştirak edir – çəkiliş prosesinin bütün mərhələlərində onun köməyinə və dəstəyinə güvənirik. Vladimir Smirnov Fonduna da təşəkkür eləyirəm.

- Yəni bütün hallarda dövlətdən dəstək gözləyirsiniz..

Aleksandr Sokurov "Faust" filminin çəkilişində (mərkəzdə).
Aleksandr Sokurov "Faust" filminin çəkilişində (mərkəzdə).

- Heç böyük kommersiya filmləri də dövlət dəstəyi olmadan keçinə bilməzlər. Bəli, çünki peşəkar kollektivdə, böyük peşəkar studiyada işləmək istəyirik. Kino – çox bahalı istehsalatdı və böyük peşəkar studiyada işləmək daha ağıllı fikirdi. Gələcəkdə bu gənclər daha sərt rəqabət şəraitində işləməli olacaqlar. Odur ki, qrup indidən formalaşdırılmalıdı – operatorlar, aktyorlar, peşəkar nəticə əldə eləmək üçün film yaradanlar və təzə başlayan rejissorlarla işləyən hər kəs. Yəni məsələ - tədris prosesindən peşəkar normalara keçməkdir, peşəkarlarla işləməkdir.

Buna da bax: "28 panfilovçu" və "Zəlzələ" rus kinoşünası qəzəbləndirib - 'Film deyil təbliğatdır'

- Dövlət dəstəyi yaradıcı prosesə müdaxiləyə şərait yaratmırmı? Yəni Mədəniyyət Nazirliyi ssenarilərə hər hansı şərtlər qoya, tələblər irəli sürə bilərmi?

– Yox, istehsalı üçün Mədəniyyət Nazirliyindən qrant aldığımız üç filmin mövzusuna heç bir müdaxilə edilməyib. Yalnız yaradıcı axtarışlar, bədii keyfiyyətlər müzakirə olunub, amma gənclərin ssenarilərinə qarşı heç bir məzmun, ya da mövzu iddiaları irəli sürülməyib. Filmlərdən biri – I Dünya müharibəsi zamanına aid ciddi və böyük hadisə haqqındadır. İkincisinin süjeti müasirdi və Qafqazda çəkiləcək. Hər iki əhvalat son dərəcə şəxsidi və gənc həmkarlarım tərəfindən müstəqil şəkildə yazılıb. Bu baxımdan düşünürəm ki, həmvətənlərim olan debütant rejissorlar avropalı yaşıdlarından qətiyyən geri qalmırlar. Avropada debütantların əksəriyyəti belə ciddi əhvalatlar danışmağa risk eləmirlər, amma bizim gənc rejissorlarımızın buna cəsarətləri çatır. Bundan ötrü imkanları da var, bacarıqları da, həvəsləri də. Ruslar kino çəkməyə meyllidilər.

- Bəs yerli kinoya qərəzli münasibət bəsləyən rus tamaşaçıları ilə neyləyək? Avropa festivallarında rus filmlərinin nümayişinə bilet tapmaq olmur, amma burda premyeralar elə ajiotaj yaratmır. Bircə film hansısa mükafat almış, ya da adı hansısa qalmaqala qarışmış olanda...

-Rusiyada, ümumiyyətlə, kinoteatrlar çox azdı, qeyri-kommersiya profilli kinoteatrlar isə, demək olar ki, yoxdu.

Ancaq tamaşaçı var – müəllif kinosu üçün də, kütləvi kino üçün də. Hərdən zallar da dolur. Sadəcə hələ ki kino nümayişləri sistemi inkişaf etməyib, biz böyük prokat konsernlərindən asılıyıq. Öz növbəsində onlar da amerikan konveyerini istiqamət götürüblər. Və rus filmləri bu böyük kinoteatrların repertuarına düşməyə çətinlik çəkirlər. Amma tamaşaçı var və filmləri mütləq ona göstərmək lazımdı. O başqa məsələdi ki, uzun illər bu tamaşaçıya kinoya gələndə heyvan kimi oturub ona sırınan hər şeyi “tıxmağı” təlqin eləyiblər. Ona görə də bu gün milyonlarla insan ciddi kinodan iyrənir. Televiziya da bir tərəfdən rus dilində olan, milli, ciddi kinodan iyrəndirir insanları. Bu da problemdi, çünki hazırda ingilis dilində, ya da dublyaj olunmuş film daha çox baxılır, nəinki rusdilli film. Rus kinematoqrafiyasını tamaşaçıya qaytarmağın yollarını tapmaq, onu inandırmaq, televiziya proqramını seriallarla yox, öz filmlərimizlə doldurmaq lazımdı – o cümlədən, təzəlikcə çəkilənlərlə. Çünki artıq belə filmlər kifayət qədərdi. İsrarla rus kinosu göstərmək lazımdı.

Buna da bax: Rusiyada incəsənət sahəsində senzura müzakirələri bitib-tükənmir

- Hazırda mədəniyyət xadimləri senzura haqqında çox danışırlar. O, həqiqətən varmı, yoxsa bu uydurma bir problemdir?

- Əlbəttə, var. Mən tez-tez senzuranın olmadığı barədə söhbətlər eşidirəm. Deyirlər ki, əgər hansısa özəl KİV nəyinsə çapından imtina eləyirsə, bu onun sahibinin haqqıdı. Bu problemdən danışarkən yol verilən dolaşıqlıq, oyun və axmaqlıq göz qabağındadı. Məsələn, mənim rus qəzetlərinə verdiyim müsahibələrdən bir neçəsinin çapına icazə verilməyib, hətta, necə deyərlər, demokratik yönümlü qəzetlərdə belə. Odur ki, mətbuatda senzura olduğunu görürəm. Elə televiziyada da. Son vaxtlar mən televiziyalara ancaq bir şərtlə müsahibə verməyə razı oluram – yalnız canlı efir olmalıdır. Ancaq canlı efir yoxdu, lentə yazdıqlarından isə 2-3 saniyəni götürüb, qalanını tullayırlar. Ona görə yox ki, xronometraj azdı, ona görə ki, kanal rəhbərliyi sənin dediklərinlə razı deyil. Hazırda mən hətta “Kultura” kanalına da çıxmaqdan imtina eləyirəm. Məncə, orda da senzura var. Belə olmamalıdı. Bu – Konstitusiyanın pozulmasıdı. Ancaq indi Rusiyada belə bir pis siyasi dövrdü. Beş il əvvəl mən bunu hiss eləmirdim, düşündüyüm hər şeyi deyə bilirdim, hamısı da həm dərc olunur, həm də göstərilirdi. Düzdü, indi də əvvəlki kimi düşündüyümü deyirəm, ancaq daha heç kim onları çap eləmir.

- Bəs mədəniyyətdə, xüsusilə də, kinoda senzura problemi varmı?

Aleksandr Sokurov və Vladimir Putin.
Aleksandr Sokurov və Vladimir Putin.

- Mən özüm hiss eləmirəm, ancaq mən son vaxtlar Rusiyada, demək olar ki, çəkmirəm, daha çox ölkədən kənarda işləyirəm. Amma Vitali Manskinin “Artdokfest” festivalının başına gələnlər məni narahat eləyir. Orda çox ciddi, dahiyanə filmlər olur. Mən sənədli kinonu sevirəm və bu festivalın proqramının təşkili, ümumiyyətlə, keçirilməsi ilə bağlı problemlər olduğunu eşidəndə düşünürəm ki, səbəb müəyyən idarəedici təçkilatların kökündən yanlış olan davranışlarıdır. Belə olmamalıdı, çünki Manskinin festivalda nümayiş olunmaq üçün seçdiyi filmlərin bədii keyfiyyəti həddindən artıq yüksəkdir. Mən özüm iki dəfə “Artdokfest”də iştirak eləmişəm, orda həmişə mənimkilərdən daha yaxşı, layiqli filmlər olub. Bütün proqramı eyni maraqla izləmək mümkündü. Və hazırda festivalın başına gələnlər- son dərəcə konkret örnək və xəbərdarlıqdır – belə olmamalıdı! Rus tamaşaçısı kinoya baxmağı çox istəyir. Mən Peterburqu, ya da Moskvanı nəzərdə tutmuram. Ancaq Omskda, Voronejdə, Murmanskda olanda başa düşürsən ki, tamaşaçıların rus kinosuna diqqəti böyükdür. Amma ona baxmaq çətindir, çünki kinoteatrların proqramlarında yoxdu. Milli kino üçün kinoteatrlar tikmək lazımdır. Bir vaxtlar mən İvanovski vilayətinin qubernatorunu dilə tuturdum ki, heç olmazsa, 30 yerlik rus kinosu zalı açsınlar. O zalı açmadılar və bildiyim qədərilə heç yerdə belə kinoteatrlar yoxdur. Biz heç Peterburqda da Sinemateka – gənclər üçün maarifləndirici kino mərkəzi - yarada bilmirik. Bizə icazə vermirlər.

Buna da bax: Vitaly Mansky: Rusiya sovet keçmişinə qayıdır

- Peterburq Mədəniyyət Forumunun əsas mövzusu Rus Kinosu İlinin yekunlarıdır. Sizin üçün bu yekun nələrdən ibarətdir?

- İlk növbədə bu il gənc rejissorların debüt işləri əvvəlki illərə nəzərən daha çoxdu. Mənim üçün ən əsası budur, nəinki başqa şeylər. Bəs Kino ili olmayanda nə baş verəcək? Bunu narahatlıqla gözləyirik. Biz Rusiyada ildə 70-100 debüt film çəkməliyik ki, 3-5 ciddi rejissoru üzə çıxardıb tamaşaçılara təqdim edək. Bu il hətta bizim hazırladığımız və Kremlin də qəbul elədiyi mədəniyyət sahəsində yeni siyasət proqramında nəzərdə tutulanların əksəriyyəti həyata keçirilmədi. Bu proqram nə ölkə rəhbərliyi üçün, nə də bölgələrdə aparıcı sənədə çevrilmədi. İkincilər özlərini elə aparırlar, sanki belə sənəd heç olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG