Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:10

Rusiyada incəsənət sahəsində senzura müzakirələri bitib-tükənmir


Rusiyada senuzraya qarşı etiraz edən qadın.

Rusiyada senuzraya qarşı etiraz edən qadın.

Rusiyada incəsənət sahəsində senzura müzakirələri bitib-tükənmir

Bir neçə aydır ki, Rusiyada hökumətlə incəsənət xadimləri arasında ciddi polemika başlayıb. Mövzu senzuradı.

Məsələnin pərdəarxası narazılıqlar səviyyəsindən çıxaraq dövlət səviyyəsində müzakirəsinə Rusiyanın xalq artisti, “Satirikon” teatrının rəhbəri Konstantin Raykinin oktyabrın 24-də Rusiya Teatr Xadimlərinin qurultayında söylədiyi nitqi start verib.

Konstatin Raikin bir neçə ay öncə Teatr Xadimləri İttifaqının qurultayında senzuraya etiraz nitqi ilə çıxış etmişdi.

Konstatin Raikin bir neçə ay öncə Teatr Xadimləri İttifaqının qurultayında senzuraya etiraz nitqi ilə çıxış etmişdi.

Sözügedən çıxışında “Satirikon” teatrının bu il yalnız bir tamaşanı səhnələşdirməsinə icazə verildiyini deyən K. Raykin dövlət məmurlarını ideologiya, milli maraqlar, vətənpərvərlik pərdəsi altında sənətə müdaxilədə ittiham edib. Onun dediyinə görə, hökumət bu müdaxiləni təkcə rəsmi səviyyədə həyata keçirmir, hətta müxtəlif ictimai qruplardan, qeyri-hökumət təşkilatlarından, dindarlardan da istifadə edir.

“Bütün bu guya təhqir olunmuş insan qrupları tamaşaları, sərgiləri bağlayırlar, özlərini çox həyasız aparırlar. Amma nədənsə hökumət, onlara qarşı qəribə neytrallıq göstərir. Mənə elə gəlir ki, bu, sənətin azadlığına, senzuranın qadağan olunmasına iyrənc müdaxilədi. Hələ bizim bədbəxt kilsəmiz... O, keşişlərin necə məhv olunduğunu, kilsələrin necə tərəvəz anbarlarına çevrildiyini, xaçların sındırıldığını unudub və indi eyni metodlarla hərəkət eləməyi seçib. Deməli, Lev Tolstoy “hakimiyyəti kilsə ilə birləşdirmək olmaz. Onda kilsə tanrıya xidmət eləməyə yox, hakimiyyətə qulluq eləməyə başlayır” deyəndə haqlı idi. İncəsənət rejissorların, tənqidçilərin, tamaşaçıların, nəhayət, sənətkarın simasında özü-özünü filtrdən keçirir. Özünüzü elə aparmayın ki, guya yeganə əxlaq və mədəniyyət daşıyıcısı dövlətdir”, - Konstantin Raykin deyib.

Buna da bax: Rusiyada azad mətbuatı məhv edən qətl

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov K. Raykinin bu çıxışına “dövlət bu və ya digər əsəri maliyyələşdirirsə, mövzunu da müəyyənləşdirməyə haqqı çatır” sözlərilə cavab verib. Tanınmış sənətkarların əksəriyyəti isə Raykini publik şəkildə dəstəkləyiblər.

Bundan sonra Rusiya Mədəniyyət Naziri Medinski Raykindən üzr istəsə də, polemikalar davam eləyir. Fikir bildirənlərin içində Andrey Zvyagintsev, Kirill Serebrennikov kimi senzura əleyhinə kəskin reaksiya verənlərlə paralel, orta mövqe tutanlar və senzuranın qaçınılmaz olduğunu deyənlər də var. Belələrindən biri də məşhur kulturoloq, kinoşünas, Rusiya Kinoşünaslar və Kinotənqidçiləri Gildiyasının prezidenti Kirill Razlogov-dur.

İncəsənət sahəsində senzura mövzusunun Azərbaycan üçün də aktual olduğunu nəzərə alaraq Kirill Razlogovun sözügedən problemə və rus incəsənət xadimləri ilə dövlət arasındakı polemikaya münasibətini təqdim edirik.

Kinotənqidçi Kirill Razlogov

Kinotənqidçi Kirill Razlogov

“Rusiya prezidenti Valday forumunda müzakirələrin qızğın anında son dərəcə uzaqgörən bir fikir qaçırtdı ağzından. Yaddaşımda qalan şəkildə təkrar eləyirəm: “Baxın, dövlət maşınını məhv elədilər (İraqı nəzərdə tuturdu) və terrorizm dərhal İslam dövlətinə (İŞİD) qədər böyüdü”.

Konkret siyasi kontekstdə bu Suriya dövlətinin dağıdılmasının mümkün nəticələri ilə bağlı Qərbə edilən xəbərdarlıq idi: Cini şüşədən buraxıblar, indi onu geri salmağa cəhd eləyərkən qan tökürük.

Təsadüfən elə alınmışdı ki, bu söhbətlə paralel vətənimizdə incəsənətə qarşı senzuranın bərpa olunması məsələsi ciddi polemikaların yaranmasına meydan açmışdı.

Ümumi məsələlərə toxunmayacağam – mən artıq dəfələrlə yazmışam ki, senzura mexanizmi insan psixologiyasının və cəmiyyətdəki balansın özünümüdafiə vasitəsi kimi həmişə və hər yerdə var, dəyişən təkcə onun formalarıdı. Ona görə də “bizdə senzura yoxdu, ya da heç vaxt olmayıb” demək sadəcə təbliğat mifidi. Hər dəfə də bunları yazarkən həmkarlarımın narazılıqları ilə üzləşmişəm.

Bununla belə Konstantin Raikin-i, Andrey Zvyagintsevi və Kirill Serebrennikovu əsas məsələdə dəstəkləmək istəyirəm: “yeni barbarların” (onlar istər məmurlar olsun, istər dini fundamentalistlər, ya da “ekstremizmlə” mübarizə aparanlar) bədii yaradıcılıq kimi incə sahəyə cəzasız (və təbii ki, savadsızcasına) soxulmalarına icazə vermək olmaz. Çünki bədii yaradıcılığın əsas funksiyalarından biri insan mövcudluğunun səbəbləri və əbədi məna axtarışları, insanın mənəvi həyatında yeniliklərin kəşfiyyatıdı (qəsdən hərbi termindən istifadə eləyirəm).

Bircə dəfə fürsət vermək kifayətdi: hərdən müxtəlif çinli məmurlar tərəfindən təşviq edilən kütlənin qaranlıq instinktləri itaətdən çıxar.

Buna da bax: Kinoda senzura...

Təbii ki, sənətkarlar da, alimlər də bir çoxlarını qıcıqlandırır, rahat yaşamalarına mane olurlar. Amma yenə də dövlətimizin ali rəhbərləri (sovet dövründə DTK məktəblərində ciddi təhsil verirdilər – mən özüm orda incəsənət və mədəniyyət haqqında mühazirələr oxumuşam) yaradıcı prosesin mürəkkəbliyini anlayır və bir qayda olaraq, tələsik, kal və birmənalı fikirlər söyləməkdən özlərini saxlayırlar. Təəssüf ki, elm və mədəniyyətin “effektli menecerləri” haqqında bunu demək olmur. İndi dünyaca məşhur teatr və kino ustalarının qızğın etirazlarına “yeni barbarlar” cavab reaksiyası verirlər.

Yarımsavadlı bir xanım incəsənət xadimlərini fahişələrlə, məşuqələrlə müqayisə eləyib. Hətta deyəsən, öz savadını göstərməyə çalışıb, amma “Kameliyalı xanım” əsərinin adını orijinal dildə olduğu kimi yaza bilməyib:«La Dame aux camelias» onun iddialı qələmində «La Dame avec des camelias»a çevrilib. Müəyyən dairələrdə populyar olan “Cərrah” ləqəbli bayker isə bəyan eləyib ki, “raykinlər azadlıq adı altında ölkəmizi içində nəcis axan kanalizasiyaya çevirmək istəyirlər”

Bax, elə bu məqamda ən maraqlı hissə başlayır. Sözügedən polemikaya şərh verən prezidentin mətbuat katibi Dmitri Peskov baykerə Konstantin Raykindən üzr istəməyi məsləhət görüb. Cərrah üzr istəməkdən nümayişkəranə şəkildə imtina eləyib. Ki, bunun üçün, ən azı, bir nəfər yüksək rütbəli və nüfuzlu siyasətçidən dəstək alıb. Halbuki məsləhəti birbaş Kreml vermişdi.

Budur, cin itaətdən çıxdı!

İndi Raykinin artıq tarixi status almış o məşhur nitqini teatr xadimlərinin qurultayında söylədiyini və həmin gün gün ilk növbədə öz həmkarlarına müraciət elədiyini xatırlamaq vaxtıdır. O həmkarlarına ki, Raykinin fikrincə, donosçuluq və paxıllıq bataqlığına batıblar.

Buna da bax: Şimali Koreyadan bəhs edən filmin Rusiyada göstərilməsinə maneələr yaradılır

Və bir anda yuxarıda oturanlardan kiminsə ağlına gəlir ki, bizim bu milli adətimizə dəstək vermək fikri uğurlu siyasi addım ola bilər. Necə ki, Amerika hökuməti Səddam Hüseynin devrilməsini yanlışlıqla “qələbə” hesab eləmişdi. Beləcə, ekstremistlərin də, onlarla mübarizə aparanların da xaotik duyğuları xeyirxah niyyətlərdən daha güclü çıxdı.

Axı, cəmiyyət ona tərəf gələn təhlükənin əsl mənbəyi nə vaxt dərk eləyəcək? Ki, mahiyyətcə istənilən senzura həmin təhlükəni dəf eləmək məqsədi güdür(bu cəhd uğurlu olur, ya yox – bu, artıq başqa mövzudu). Hisslərimiz cilovlamağa və cini şüşəyə qaytarmağa nail olacağıqmı?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG