Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 01:55

3 dəqiqəyə 30 sutka almış REAL-çıya işgəncə verildiyi bildirilir


REAL-ın loqosu.

REAL Hərəkatının Sumqayıt məclisinin həbsdəki üzvü Rahim Şaliyevə işgəncə verildiyi bildirilir.

Bu haqda gənc fəalın vəkillərindən Yalçın İmanov məlumat verib.

Vəkil fevralın 22-də Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində Rahim Şalıyevlə görüşüb. O, vəkilinə başına gələnləri danışıb.

Vəkilin açıqlamasına görə, R.Şaliyevi yaşadığı mənzildən fevralın 20-də səhər saat 11 radələrində Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə, ordan da şəhər polis idarəsinə aparıblar.

Buna da bax:​ REAL fəalının saxlandığı bildirilir

Daha çox zədəli əzalarına zərbələr endiriblər

Vəkil deyir ki, polis idarəsində gənci rəis müavini və tanımadığı başqa bir şəxs sorğu-sual edib. Ona REAL Hərəkatı, Facebook-dakı paylaşımları haqda suallar verilib. Sorğu - sual zamanı gəncə yönəlik təhqiramiz ifadələr işlədildiyi bildirilir.

Vəkilə gəncin deməsinə görə, ardınca başqa bir otaqda 5 nəfər mülki geyimli şəxs onu döyməyə başlayıb. Gənc başında, ürəyində problemlərinin olduğunu deyib, ancaq ona məhəl qoyan olmayıb, daha çox zədəli əzalarına zərbələr endirildiyini bildirib.

R.Şaliyev vəkilinə söyləyib ki, sağ əl barmaqlarının dördü ciddi zədələnib.

Buna da bax: Daha iki cəbhəçiyə 30 sutka verildiyi deyilir

Vəkil deyir ki, sonra R.Şaliyevi yenidən sorğu-sual ediblər. Ona bildirməsinə görə, yenidən sillə zərbələri endirərək Facebook parolunu söyləməsini tələb ediblər…

R.Şaliyev təkrar 4-cü polis bölməsinə qaytarılıb. Orda protokol tərtib olunub. Həmin sənəddə gəncin polisin qanuni tələbinə tabe olmaması əksini tapıb.

R.Şaliyev psixoloji təzyiqlər altında protokol və izahata imza atmaq zorunda qaldığını söyləyir.

Buna da bax:​ REAL-çıya da 30 sutka verilib

3 dəqiqəlik məhkəmə

Vəkilin deməsinə görə, Gəncin işinə Sumqayıt şəhər Məhkəməsinin hakimi Ruhiyyə Əsgərova 3 dəqiqəyə baxıb, gəncə 30 sutka inzibati həbs cəzası verib.

Üst geyimini, şalvarını soyundurublar...

R.Şaliyevi məhkəmədən Sumqayıt şəhər Polis İdarəsinə gətiriblər. Vəkilin açıqlamasına görə, gənc deyib ki, ona unitazı təmizlətdiriblər, bunu zorla foto və video görüntüyə alıblar:

“Ardınca deməsinə görə, gənci 4-5 qadının olduğu otağa aparıblar. Onun üst geyimini, şalvarını soyundurublar, döşəməni təmizləməyə məcbur ediblər. Baş verənlərin yenə də foto və video qeydi aparılıb.

Buna da bax:​ 'Amnesty International' Azərbaycandan niyə narahatdır?

Həmin gün R.Şaliyev yenidən rəis müavininin yanına aparılıb. Onu deməsinə görə, yenidən döyüblər”.

Hazırda R.Şaliyevin baş ağrılarından əziyyət çəkdiyi, qulağında problemlər olduğu bildirilir.

Gənc heç bir inzibati xətaya yol vermədiyini, ictimai-siyasi fəal kimi mövqeyinə görə, həbs olunduğunu bildirir.

Sumqayıt şəhər Polis İdarəsindən REAL üzvünün və vəkilinin açıqlamalarına, hələlik, münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ REAL-İran 'xəfiyyə' söhbətinə reaksiyalar

Azərbaycanda polisdə fəallara işgəncə verilməsi ilə bağlı bundan əvvəl də çoxsaylı şikayətlər səslənib. Ancaq Daxili İşlər Nazirliyi belə şikayətləri təkzib edərək, polisə böhtan atıldığını açıqlayıb.

Rahim Şaliyev fevralın 20-si Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib.

O zaman hərəkatın açıqlamasında gəncin "kiçik xuliqanlıqda" və "polisə tabe olmamaqda" təqsirli bilindiyi deyilirdi.

REAL ittihamların əsassız olduğunu bəyan etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG