Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:54

REAL-İran 'xəfiyyə' söhbətinə reaksiyalar


REAL-ın seçki kampaniyası.
REAL-ın seçki kampaniyası.

“Məqsəd Qərb dairələrində İlqar Məmmədovla bağlı çaşqınlıq yaratmaqdır”

Xəbər verildiyi kimi, Azərbaycanın baş prokuroru Zakir Qaralov REAL Hərəkatı haqda araşdırmalar aparılmasına dair göstəriş verib. Bu hərəkat İran səfirliyindən maliyyə almaqda və bu ölkənin səfirliyi ilə əməkdaşlıqda suçlanır. Mediada yayılan həmin xəbəri Baş Prokurorluğun sözçüsü - mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da AzadlıqRadiosu-na təsdiqləyib. Onun sözlərinə görə, araşdırmaları Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi aparacaq.

Buna da bax:​ Baş prokurorluq REAL-İran ‘xəfiyyə’ söhbətini araşdırır

REAL İranla bağlantılıdır?

Yanvarın 27-də virtualaz.org saytında redaktor Eynulla Fətullayevin imzasıyla “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə yayılıb. Məqalədə REAL üzvlərinin İranın Azərbaycandakı səfirliyinin səlahiyyətli şəxsi ilə görüşdüyü deyilir.

Yazıda iddia olunur ki, görüşdə Hərəkat üzvləri İran səfirliyi və müxalif “milli-demokratlar” arasında vasitəçilik etmək öhdəliyi götürüblər, üstəlik, İrandan ilk maliyyə dəstəyi də alınıb.

“REAL İrana doğru ilk addım atıb və təşkilatın proqram sənədlərində Azərbaycanda islam məsələsi ilə bağlı korrektələr etməyə razılaşıb, habelə öz qapılarını iranyönümlü dini fəallara açmağa hazır olduğunu ifadə edib”, - məqalədə bildirilir.

Buna da bax:​ AŞPA prezidenti: 'İlqar Məmmədov azad edilməlidir'

İcraçı katib: “Milçəkdən fil düzəldənlərə...”

Natiq Cəfərli
Natiq Cəfərli

REAL-ın icraçı katibi Natiq Cəfərli məqalədə deyilənləri “cəfəngiyat, sərsəmləmə” adlandırır və şərhə ehtiyac görmür. O, İran səfirliyinin rəsmisi ilə 8 gün öncə görüşdüklərini danmır, amma deyir ki, REAL-ın ofisində indiyədək 20-ə yaxın səfirlik və beynəlxalq təşkilatların nümayəndələriylə görüşlər keçirilib:

“Absurd bir yazıdır, bununla bağlı ajiotaj yaratmaqda məqsəd REAL-ın hədəf götürülməsidir. Milçəkdən fil düzəldərək, belə cəfəng yazı yazanlara cavab verməyi belə, adam özünə sığışdırmır”.

Buna da bax:'Həmməruzəçilər İlqar Məmmədovla bağlı ümidverici danışdılar'

İcraçı katib təşkilatın “iranyönümlü dini fəallara qapı açması” barədə deyilən fikirlərə “REAL bunu heç vaxt etməz” söyləməklə cavab verir və əlavə edir: “REAL-ın qırmızı cizgisi Azərbaycanda dünyəvi cümhuriyyət qurmaqdır, dünyəvi cümhuriyyət dəyərlərinin bərqərar olmasıdır. İranla bağlı biz dəfələrlə iradlarımızı bildirmişik. Bu ölkədə yaşayan soydaşlarımızın vəziyyəti, İranın işğalçı Ermənistanla əlaqələri barədə gələn qonağa da iradlarımızı çatdırmışıq”.

Natiq Cəfərli baş prokurorun araşdırma başlamaq barədə ildırımsürətli göstərişini REAL-a qarşı “öncədən hazırlanmış aksiya” sayır: “Məqsəd - müxalif təşkilatı zəiflətməkdir”. İcraçı katib dərhal da əlavə edir: “Birinci təzyiq deyil, sədrimiz dörd ildir həbsdədir”.

Buna da bax: ABŞ-ın BMT-dəki səfirindən İlqar Məmmədova dəstək

“İlqar Məmmədovun buraxılması üçün Qərbdən gələn təzyiqlərlə bağlıdır”

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

Siyasi şərhçi Azər Rəşidoğlunun ehtimalına görə, baş verənlər REAL sədri İlqar Məmmədovun həbsdən azad edilməsi ilə bağlı Avropa qurumlarından gələn təzyiqlərlə bağlıdır.

REAL sədri İlqar Məmmədov 4 ildir həbsdədir. O, İsmayıllıda baş verən iğtişaşlara görə ittiham olunub və 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Buna da bax:​ Keçmiş səfir: 'İlqar Məmmədov nə qədər haqlı idi...'

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Bu ilin yanvarında Avropa Şurasından İlqar Məmmədovla bağlı xüsusi missiya gəlib.

REAL-ın özü qərbyönümlü qurum kimi tanınır. Təşkilat 2009-cu ilin martında - Konstitusiyaya dəyişikliklərdən sonra cümhuriyyət (respublika) dəyərlərini bərpa etmək məqsədilə yaranıb.

Buna da bax:​ İlqar Məmmədovla bağlı Azərbaycana xəbərdarlıq olundu

“Məqsəd - çaşqınlıq yaratmaqdır”

Azər Rəşidoğlu da adıçəkilən qurumun İranla bağlı olmasına inanmır: “Bu gün ictimai rəydə REAL Hərəkatı qərbyönümlü qurum kimi tanınır. Onun İrana bağlanması Qərb ictimai rəyində çaşqınlıq yaratmağa yönələ bilər. İstənilən qurum beynəlxalq qurumlarla, o cümlədən Azərbaycanda akkreditə edilmiş diplomatik nümayəndəliklərin üzvləri ilə görüş keçirə bilər. Ona görə də REAL-çıların İran səfirliyinin nümayəndəsi ilə görüş keçirməsində dövlət və ya Konstitusiya əleyhinə heç bir addım yoxdur. Güman edirəm ki, bu, İlqar Məmmədovun azad olunmasıyla bağlı Avropa təşkilatlarının çağırışlarını əngəlləməyə oxşayır”.

Siyasi şərhçi bu addımın İlqar Məmmədovla bağlı yanaşmanı dəyişəcəyinə inanmır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG